• cümə, 19 Aprel, 08:34
  • Baku Bakı 13°C

Bakıdan İrəvana son XƏBƏRDARLIQ

13.03.23 15:44 739
Bakıdan İrəvana son XƏBƏRDARLIQ

Ermənistanın hakimiyyət dairələri çox təhlükəli yola üz tutaraq Bakı ilə danışıqların formatını, məzmununu və mahiyyətini dəyişməyə çalışırlar. İrəvanın məqsədi yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər ləngitmək, müzakirələrdə süni problemlər yaratmaq və "hami"lərinə güvənərək "yeni oyun qaydaları"nı reallaşdırmaqdır. Bu isə Ermənistan üçün çox, amma çox təhlükəli yoldur.

Xankəndidəki separatçı rejimin sabiq "dövlət naziri" Artak Beqlaryan Bakıya xəbərdarlıq etmək və qarabağlı ermənilərlə mövcud müzakirələr formatının dəyişdirilməsi tələbini irəli sürmək qərarına gəlib.

O, Twitter-dəki akkauntunda rəsmi Bakı və qarabağlı ermənilər arasındakı görüşlərin "münaqişənin nizamlanmasına yönəlmiş dialoq" ola bilməyəcəyini vurğulayıb.

"Bu görüşlər heç bir halda müəyyən qaydadara malik beynəlxalq təminatlı format ola bilməz. Səbəb danışıqların və görüşlərin heç bir formal, hüquqi əsaslarının olmamasıdır. İlk görüşdə yalnız aktual humanitar məsələlər müzakirə olunub", - A.Beqlaryan yazıb.

Görmə qabiliyyətindən məhrum, lakin "hər şeyi və hər kəsi dəqiq görən adam" kimi Xankəndidəki rejimin əsas funksionerlərindən biri sayılan Beqlaryanın bu iddiaları məntiqsiz olmaqla yanaşı, rəsmi İrəvan üçün çox təhlükəli perspektivlər vəd edir.

Xankəndidəki radikallaşma səbəbsiz deyil və belə bəyanatların arxasında İrəvandan verilmiş konkret göstərişlər var.

Ermənistan hakimiyyətinin qarabağlı ermənilərə yolladıqları "tezis"lərin mahiyyətini isə bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Azadlıq" radiosunun erməni xidməti "Azatutyun"a verdiyi müsahibəsindən anlamaq olar.

"Əldə edilmiş razılaşmaların həyata keçirilməsi mexanizminə nail olmaq üçün Ermənistan danışıqlarda qarant institutunun yaradılmasına çalışır. Sülh danışıqlarında olduğu kimi, danışıqlardan kənarda da birmənalı olaraq Dağlıq Qarabağ ətrafında razılaşmalar əldə olunmalıdır. Beynəlxalq tərəfdaşlarımızla məhz belə razılaşmamız var ki, sülh danışıqlarının məntiqi sona çatdırılması yalnız Qarabağ problemi ətrafında inkişafla bağlıdır. Yəni hüquq və təhlükəsizliklərin bir qisminin təminatı, Qarabağda etnik təmizləmələrin aparılmaması, yeni böhranlarla bağlı təhdidlərin olmaması...", - A.Qriqoryan deyib.

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə, Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub.

Ermənistanın baş naziri Nikol Paşinyanın "sağ əli" və İrəvandakı hakimiyyətin "boz kardinalı" hesab olunan A.Qriqoryanın "Azatutyun"a verdiyi müsahibəsindəki açıqlamalar diplomatik korafəhmlik, bisavadlıq olmaqla yanaşı, həm də yaxın perspektivə hesablanmamış aqressiv ritorikadır.

Bəlli olan budur ki, Ermənistan yekun sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesini mümkün qədər uzatmağa çalışaraq vaxt udmaq istəyir.

N.Paşinyan indiki situsiyada ona yardım edərək dəstəkləyəcək qüvvələrə, daha konkret olsaq, ABŞ və Fransaya güvənir. Onun Parisə olan etibarı isə az qala sonsuzdur, çünki Fransa Prezidenti Emmanuel Makron fasiləsiz olaraq erməni iqtidarına "geosiyasi və siyasi dəstək" göstərdiyini nümayiş etdirməyə çalışır, hətta imkan yaranacağı təqdirdə "hərbi-texniki dəstəyin də istisna olunmadığını" vurğulayır.

Fransanın Ermənistana hərbi-texniki "dəstəyi" blef və illüziyadır, çünki MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), habelə, Avrasiya İqtisadi Birliyinin və Gömrük İttifaqının üzvü olan ölkəyə NATO-da təmsil olunmuş dövlətin hətta ən kiçik hərbi yardımı birmənalı istisnadır.

Rusiya Federasiyasının birbaşa nəzarətindəki bu təşkilatlarda təmsil olunmuş Ermənistanın həmin qurumları tərk etməsi də yaxın müddətdə, hətta orta perspektivdə mümkün deyil. Ermənistan iqtisadiyyatı Rusiyadan 80,9 faizlik asılılıqdadırsa, Rusiya və Belarusun gömrük imtiyazlarından İrəvan maksimum faydalanırsa, ermənilərin belə şəraitdə radikal addım atmaq imkanları yoxdur.

Fransanın "siyasi dəstəyi"nə gəldikdə isə Azərbaycana hansısa formada kənar təzyiq göstərmək absurd təxmindir: Parisin İrəvana mövcud situasiyada təkanlı yardımlarının nədən ibarət olacağını və necə gerçəkləşdiriləcəyini Emmanuel Makronun özü də bilmir.

Vəd vermək, primitiv diplomatiya ilə məşğul olmaq asandır - real işlərsə çətin.

Ermənistanla yekun sülh sazişinin alternativi, sadəcə, yoxdur və İrəvanın vaxt uzatmaq cəhdləri onun əksinə işlərəyərək dövlət maraqlarına faktiki olaraq, mina qoyur.

Nikol Paşinyan hakimiyyəti Armen Qriqoryanın timsalında qlobal siyasətdə və xüsusilə də Cənubi Qafqaz regionundakı siyasi konyukturu, xüsusilə də yeni reallıqları anlamır.

Azərbaycanın Qarabağ iqtisadi zonasında, hələlik müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarətindəki ərazilərdə kompakt məskunlaşmış ermənilərlə bağlı ifrat aqressiv mövqe tutmuş Ermənistan bilməlidir ki, həmin ermənilərin Azərbaycanın daxili mühitinə inteqrasiyası yeganə optimal çıxış yoludur.

Seçim sadədir: ya Azərbaycanın ümumvətəndaşlıq pasportu alan ermənilər indiki ərazilərdə yaşamağa davam edirlər, ya da ölkəmizi tərk etməlidirlər.

Azərbaycan vətəndaşı olmayan şəxslərin qanunsuz şəkildə ölkə ərazisində yaşamağa haqları yoxdur. Qarabağlı ermənilərin rəsmi Bakı ilə Azərbaycan Konstitusiyası çərçivəsində müzakirələr aparmasından imtina və ya Ermənistanla yekun sülh sazişinin imzalanması prosesinin uzadılması səbr kasasını daşdıra bilər. İrəvanın hər absurd bəyanatından sonra Ermənistanın konstruktiv mənfəət əldə etmək imkanlarının müstəvisi daha da daralır, Azərbaycanın şərtləri isə sərtləşir.

İrəvanla qarabağlı ermənilər tələsməlidir.

Bu, yeganə çıxış yoludur.

Trend

banner

Oxşar Xəbərlər