“Azərbaycan növbəti dəfə öz gücünü ortaya qoymağa tam hazırdır” - RƏY
“Hazırda Prezident ilham Əliyev “lal diplomatiya” yürüdür. Buna “çəkindirici diplomatiya” da deyilir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası siyasətdən kənar, küçədən gələn adamlar olduğu üçün Azərbaycan dövlət başçısının sətiraltı mesajlarını anlaya bilmirlər. Prezident İlham Əliyevin işğaldan azad olunmuş Talış kəndindən Novruz bayramı ərəfəsində verdiyi verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycan yaxın 1-2 ay ərzində çox ciddi antiterror əməliyyatları həyata keçirə bilər”.
Kaspi.az xəbər verir ki, bu barədə politoloq Cümşüd Nuriyev “Pressklub Tv”yə müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onu idarə edən qüvvələr rəsmi İrəvanı sülh prosesindən yayındırır, sülh müqaviləsinin imzalanmasına doğru addım atılmasına imkan vermirlər: “Ermənistan 3 istiqamətdən basqı altındadır. Şimaldan Rusiya, Qərbdən İran, eyni zamanda Paşinyanı Ermənistanda hakimiyyətə gətirən Fransa və ABŞ İrəvana təzyiq göstərirlər. Amma hazırda Qafqazda siyasətin əsas dizaynerləri prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir. Qafqazın milli maraqlar səviyyəsində formalaşması istər-istəməz regionda marağı olan Qərb qüvvələrinin, o cümlədən Rusiya və İranın maraqlarına uyğun gəlmir. Rusiya bir növ pərdəarxası oyun oynayır. Azərbaycana üzdə özünü həddən ziyadə səmimi göstərir. Teokrat İranın fars rejiminin siyasəti də molla təfəkküründən uzaq deyil. Molla rejimi Azərbaycana qarşı nifrətini siyasətinə qatıb. Ermənistanı da biz tanıyırıq. Fransa isə son zamanlar erməni marağını daha çox qabartmağa çalışır və hazırda mövcud olan 3 platformanı pozmaq istəyir. Bu, Bakı-İrəvan-Moskva, Bakı-İrəvan-Brüssel və Bakı-İrəvan-Vaşinqton platformalarıdır. Fransa Paris platformasını gündəmə gətirməyə cəhdlər edir. Ancaq hələlik prezident Emmanuel Makronun bu çabaları bir nəticə vermir”.
Politoloq hazırda bölgədə cərəyan edən proseslərin idarəolunmaz vəziyyətə çatdığını dilə gətirib. Onun sözlərinə görə, Qafqazın geosiyasi vəziyyəti elə bir həddədir ki, bütün dövlətlərin burada irəli sürdüyü siyasi maraqlar toqquşur: “Maraq toqquşması konkret qərar qəbul etməyi çətinləşdirir. Fərdi fikirlər olsa da kollektiv fikirlər alınmır. Bu müstəvidə çox ciddi problemlər yaranıb. Azərbaycanlı ekofəalların dinc aksiyası Ermənistanı həddindən artıq çətin vəziyyətə salıb. Bu dinc aksiya Ermənistandan Xankəndinə daşınan qeyri-qanuni yüklərin, o cümlədən silah-sursatın, terrorçuların daşınmasının qarşısını alıb. Məhz bu aksiyanın nəticəsi olaraq Kremlin Ruben Vardanyan planı iflasa uğrayıb. Digər tərəfdən, Ermənistanla Qarabağdakı erməni separatçıları, həmçinin Qarabağda yerli albanlarla gəlmə ermənilər, eyni zamanda gələcəyini Azərbaycan vətəndaşlığında görmək istəyənlərlə istəməyən ermənilər arasında qarşıdurmalar yaranıb. Görünən budur ki, nə Ermənistanda, nə də Xankəndidə vahid mövqe yoxdur. Prezident İlham Əliyevin Talış kəndində vurğuladığı kimi, indiki reallıqlar fonunda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın təqdim etdiyi sülh sazişi şərtlərini qəbul etməkdir. Bu, Ermənistana daha çox lazımdır, nəinki Azərbaycana. Lakin Ermənistana təzyiq göstərən ölkələr, Nikol Paşinyanın ağaları hələlik buna imkan vermir. Məhz buna görə də bölgədəki vəziyyət qeyri-müəyyəndir, idarəolunan deyil və hadisələrin gələcəyini proqnozlaşdırmaq həddən ziyadə çətindir”.
C.Nuriyev söyləyib ki, Azərbaycanın anti-terror əməliyyatları həyata keçirməsinə ciddi ehtiyac var. O, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürən Azərbaycanın 2020-ci ildə öz ərazi və sərhəd bütövlüyünü təmin etməsinə, torpaqları işğalçılardan təmizləməsinə diqqət çəkib. Vurğulayıb ki, indi də ölkə daxilində separatçılara qarşı əməliyyat keçirmək müstəqil Azərbaycanın hüququdur: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələri vasitəsilə sərhədlərimizdəki bütün məsələləri həll edib. Yeganə olaraq Xankəndidəki erməni terrorçularının ərazimizdən çıxarılması, Azərbaycanın irəli sürtüyü təkliflər əsasında Ermənistanla sülh sazişinin imzalanması hələlik həllini tapmayıb. Hazırda Prezident ilham Əliyev “lal diplomatiya” yürüdür. Buna “çəkindirici diplomatiya” da deyilir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası siyasətdən kənar, küçədən gələn adamlar olduğu üçün Azərbaycan dövlət başçısının sətiraltı mesajlarını anlaya bilmirlər. Prezident İlham Əliyevin işğaldan azad olunmuş Talış kəndindən Novruz bayramı ərəfəsində verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycan yaxın 1-2 ay ərzində çox ciddi antiterror əməliyyatları həyata keçirə bilər. Bu, birmənalıdır. Bunun üçün bizə beynəlxalq hüququn bütün prinsipləri yaşıl işıq yandırır. Azərbaycan sərhədlərini bərpa edib, nəzarəti gücləndirib. Bizim indi başlayacağımız antiterror əməliyyatı ölkə daxilində separatizmə qarşı atılacaq addımdır. Kimsə və ya hansısa dövlət bizə bu işdə maeəçilik törədə bilməz. Sadəcə Azərbaycan Prezidenti İlham Əliyev yenidən qan tökülməsini, şəhid verilməsini istəmir”.
Politoloq qeyd edib ki, tarixdə bütün müharibələrin sonu danışıqlar masası arxasında, sülhlə yekunlaşıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti də hazırda sülhyaratma prosesinə üstünlük verir: “Ermənistan və onu dəstəkləyən qüvvələr isə sülhdağıdıcı proseslə məşğuldurlar. Belə olan halda Azərbaycan antiterror əməliyyatını həyata keçirmək məcburiyyətinə qalacaq. Son vaxtlar Azərbaycan müdafiə nazirinin, Baş qərargah rəisinin mütəmadi olaraq hərbi hissələrə ezam olunması, keçirdiyi görüşlər, verdikləri bəyanatlar onu deməyə əsas verir ki, rəsmi Bakı antiterror əməliyyatına ciddi hazırlaşır. Əsas məqsədimiz Xocalı, Xankəndi, Xocavənd və Ağdamın işğal altında qalan bir hissəsini işğaldan azad eləməkdir. Azərbaycan bu addımı atacaq. Talış və Suqovuşanda olduğu kimi, tezliklə Xocalı, Xocavənd və Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq. Azərbaycan Prezidenti təsadüfi söz söyləmir, əgər deyirsə, bunu edəcək. Azərbaycan dövləti növbəti dəfə öz gücünü ortaya qoymağa tam hazırdır”.
Alpər TURAN