• çərşənbə axşamı, 16 aprel, 13:40
  • Baku Bakı 19°C

Azərbaycan dünyanın qlobal güclərinin DİQQƏT MƏRKƏZİNDƏ

31.05.23 16:25 2036
Azərbaycan dünyanın qlobal güclərinin DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycan bu gün qlobal enerji təminatçısı olmaqla yanaşı eyni zamanda enerji təhülkəsizilyi məsələsində də yerini bir xeyli möhkəmləndirib. Rəsmi Bakı siyasi sefrada olduğu qədər iqtisadi platdormada da özünü çox etibarlı tərəfdaş kimi təsdiqləyib və bu istiqamətdə bu gün də işlərini müvəffəqiyyətlə davam etdirir.

Bu gün ABŞ prezidenti Co Baydenin Bakıda baş tutan Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətində bir daha şahid olduq. Baydenin "Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji gələcəyinə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərdə mərkəzi rol oynamışdır. Azərbaycan, Cənub Qaz Dəhlizi də daxil olmaqla, Orta Dəhlizin inkişaf etdirilməsindən tutmuş enerji dayanıqlığını gücləndirən enerji diversifikasiyasının artırılmasına qədər, təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir" fikirləri əslində ABŞ üçün Azərbaycanın nə qədər önəmli bir aktor olduğunu və bu önəmin son dönəmlər daha da yüksəldiyini nümayiş etdirir.

Bu münasibətlərin birdən-birə bir xeyli artmasında heç şübhəsiz ki, Cənub Qaz Dəhlizi xüsusi paya sahibdir. Bu layihənin reallaşmasının özü tarixi hadisə idi. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı.

Bunun üçün də ilk növbədə Azərbaycana etimad, inam yüksək olmalı idi. Rəsmi Bakı öz dürüst siyasəti ilə genişmiqyaslı beynəlxalq əməkdaşlığa cəlb edilən tərəfləri gələcəyin layihəsini icra etdiklərinə inandıra bildi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir.

Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Bir daha qeyd edim ki, belə nəhəng layihələri Azərbaycan ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərdi ki, buna da nail olmaqdadır. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylər nəticəsində buna nail olunub.

Dünya dəyişir. Gedən müharibələr, qlobal proseslər dünyanın yeni düzənə daxil olmasını sürətləndirir. Bu proseslər fonunda enerji təhlükəsizliyi qlobal məsələ kimi böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri bu gün ölkələrin milli təhlükəsizliyi məsələsinə çevrilib.

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları fonunda Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb ki, bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb. Müharibə başlayandan bəri Orta Dəhlizin nəqliyyat həcmində böyük artım hər şeyi deyir. Bu nəqliyyat marşurutunda əsas yerlərdən birini tutuması, Azərbaycanın gücünə güc qatan, onun imkanlarını genişləndirən əsas amilə çevrilə bilər.

Bu nöqteyi nəzərdən Bakı Enerji Həftəsi kimi toplantılar olduqca önəmli əhəmiyyət kəsb edir. Bu barədə Prezident İlham Əliyevin tədbirdə çıxışı zamanı qeyd etdiyi fikirlər olduqca önəmlidir: "Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək". Çünki bu gün enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığı gücləndirməyə hər zamankından daha çox ehtiyac var.

Bu baxımdan tərəfimizdən reallaşan və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin etdiyi üçün qlobal səviyyədə Bakıya olan ehtityac artır. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu dünyanın "super" gücləri tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır.

Azərbaycanın qısa zaman ərzində qitənin və artıq dünyanın olmağa doğru gedən iri layihələrə "ev sahibliyi" etməsi bölgə uğrunda qlobal güclərin mübarizəsini də qızışdırır. Bu gün heç kimə sirr deyil ki, böyük güclər məhz region uğrunda mövqe savaşını daha da intensivləşdiriblər. Təbii ki, bunun əsas səbəblərindən biri Azərbaycanın yaratdığı yeni imkanlar, yeni geosiyasi reallıqların adı ilə bağlıdır.

Bütün bu proseslərin belə davam etməsi Bakının arzuladığı ssenaridir. Məhz iqtisadi inkişafı özündə ehtiva edən bu cür iri enerji layihələri imkan yaradır ki, Azərbaycan çox qısa zamanda dünyanın ən aparıcı, ən böyük nəqliyyat kommunikasiyalarının kəsişdiyi bir ölkə kimi də öz imkanlarını genişləndirsin, rəsmi Bakı beynəlxalq ədalət prinsipləri ilə İrəvanla tamamlanmamış işlərini yekunlaşdırsın.

Trend

banner

Oxşar Xəbərlər