Zəfər Paradı dünya mediasında

"Bakıda keçirilən parad
yeni geosiyasi ittifaqın yaranmasından xəbər verir”
Müstəqillik tariximizin ilk Zəfər Paradı kimi tarixə düşən 10 dekabr
paradı tək regionda deyil, bütün dünyada geniş rezonans doğurub. Dünyanın əksər
nüfuzlu telekanalları, informasiya agentlikləri, qəzetləri Zəfər Paradını geniş
şəkildə işıqlandırıblar.
Postsovet məkanında daxil olan ölkələrdən Ukrayna mətbuatı qələbəyə həsr olunmuş Zəfər Paradını geniş
işıqlandırıb. "RBK-Ukrayna”, "Ukrinform”, UNIAN, "İnterfax-Ukrayna” informasiya
agentliklərinin, "Gordon”, "Segodnya”, "Dialog”, "Podrobnosti” və digər
portalların yaydıqları informasiyalarda, 1+1, "Ukrayna 24”, TCN, "Pryamoy”
telekanallarında yayımlanan reportajlarda paradının möhtəşəmliyi haqqında fikirlər
yer alıb. Məlumat və reportajlarda Zəfər Paradında Azərbaycan prezidenti İlham
Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar yer
alıb. Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanır ki, Zəngəzur,
Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. "Bizim xalqımız bu
torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100
minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra
Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu”, - deyə məlumatlarda prezidentə
istinadla qeyd olunur. Azadlıq meydanında Ermənistan ordusundan qənimət
götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı
Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.
Moldova mətbuatı Azərbaycanda
keçirilmiş Zəfər Paradına dair məlumata rus və rumın dillərində geniş yer
verib. Moldovanın nüfuzlu "Tribuna”, "Noi”, İPN, "Newsmaker”, AVA "Stiri” və
"Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanan
məlumatlarda, müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk
əsgərinin və Ərdoğanın da paradda iştirak etdiyi, Azərbaycan və türk
əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam
Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks
etdirən ortaq yürüş etdiyi qeyd edilib, paradda Azərbaycanın müasir hərbi
texnikası, ordumuzun məğlub etdiyi düşməndən ələ keçirilmiş qənimətin bir
hissəsinin nümayiş olunduğu bildirilib.
Qırğızıstanın
"goldenbridgenews.com”, "turkelpress.com”, "turkelpress.info”,
"ahiskapress.com” və "vatanpress.com” portalları Vətən Müharibəsindəki qələbəyə
həsr olunmuş paradı və prezidentlərin çıxışlarını işıqlandırıb. "Goldenbridgenews.com”
portalı, həmçinin türk dilində "Azərbaycanın Qarabağdakı qələbəsi Zəfər Paradı
ilə bayram edildi” və "Azərbaycanın qürur günü: Qarabağ zəfərinin bayramı”
sərlövhəli məqalələr də dərc edib. Yazılarda qeyd olunub ki, Azərbaycan və türk
əsgərlərinin qatıldığı paradda ölkəmizin müharibədə istifadə etdiyi hərbi
texnika, silah və sursatlar, raketlər, artilleriya qurğuları, hava hücumundan
müdafiə sistemləri nümayiş olunub.
Gürcüstanın əsas aparıcı
kütləvi informasiya vasitələri də paraddan silsilə materiallar yayıblar. "Report.ge”,
"palitranews.ge” informasiya portalları paraddan videomateriallar da təqdim
ediblər. "Report ge.” portalı paradı bütünlüklə yayımlayıb. "24news.ge”
informasiya portalı Zəfər Paradı ilə əlaqədar fotosessiya təşkil edib. Bundan
başqa, "aktual.ge”, "report.ge”, "dalgatv.ge”, "kavkasia.net”,
"palitranews.ge”, "24news.ge”, "gaxa.ge” və digər agentliklər də parada yer
ayırıblar. Ümumilikdə Zəfər Paradı ilə əlaqədar qonşu ölkənin informasiya
portallarında, televiziya və radioda Azərbaycan, rus, ingilis və gürcü
dillərində 50-dən çox material yayımlanıb. Rusiyanın dünyaca məşhur "Kommersant” qəzeti Bakıda keçirilən
paradı böyük hadisə kimi qələmə verib. Paradı izləyən qəzetin əməkdaşında ən
böyük təəssüratı ermənilərdən qənimət kimi götürülən texnika nümunələri, eləcə
də məhv edilən texnikaların nömrələrindən ibarət olan lövhə yaradıb. "Lövhədə
"Qarabağ Azərbaycandır” kəlməsinin quraşdırılması ən böyük bir hadisə idi”. "Moskovski komsomolets” isə yazır ki,
Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən hərbi texnika müasirliyi ilə
seçilib. "Belə bir texnika heç Türkiyədə yoxdur” deyə qəzetə açıqlamasında
ekspertlər bildiriblər. "Novoe vremya” isə
rusiyalı tarixçi Andrey Zubovun fikirlərini dərc edib. "Bakıda keçirilən parad
Ermənistan üzərində qələbədən çox, yeni geosiyasi ittifaqın yaranmasından xəbər
verir”. "Qazeta ru.” isə yazır ki,
paradda Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnikanın hərəkəti və düşməndən
qənimət kimi götürülmüş texnikaların nömrələrindən hazırlanmış "Qarabağ
Azərbaycandır” lövhəsi böyük bir hadisə idi. Türkiyə prezidentinin üzü həmin
vaxt təəccüb və heyrət içində idi. Bundan əlavə Rusiyanın NEWS.RU, EXO MOSKVI, 360 telekanalı prezidentlər İlham Əliyev və
Ərdoğanın paradda səsləndirdiyi fikirlərdən sitatlar təqdim ediblər. "Asoşieyted Press” qələbə paradında
Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının nümayiş etdirilməsinə,
komandoslarının hərəkətinə toxunub. Eləcə də, prezident İlham Əliyevin
Türkiyənin Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü - "bir millət iki
dövlət” ifadəsini xüsusi vurğulayıb.
Qardaş Türkiyənin əksər telekanalları Zəfər Paradına geniş yer veriblər.
"Yeni safak”da dərc olunan "Tarih tekerrür etti: Türk askeri 100 yıl
sonra yeniden Bakü'de” başlıqlı məqalədə parada yer ayrılıb. "Milliyet” də dərc edilən "Azerbaycan'da tarihi gün! Cumhurbaşkanı
Erdoğan şehitliği ziyaret etti. "A HABER” "Azerbaycan-Karabağ Zaferi ve vefa!!?”
başlıqılı yazıda paraddan bəhs edilib. "Sözçü”
qəzetində dərc edilən "Azerbaycan’da
tarihi gün” başlıqlı məqalədə də hərbi paradda yer ayrılıb. "Sabah”
qəzetində dərc edilən "Nuri Paşa’nın
evlatları Bakü’ye döndü!” başlıqlı məqalədə də diqqəti çəkir. "Nuri Paşa 12
minlik Qafqaz İslam Ordusu ilə Bakını işğal edən bolşevik və erməni qüvvələrini
dəf etdi. Cəmi 28 yaşında idi. İndi yaşındakı igid insanlar Bakı küçələrində
Can Azərbaycanın igid kişiləri ilə çiyin-çiyinə yeriyirdilər. İki Baş Komandan
Ərdoğan və Əliyev onları birlikdə salamladı. 102 il əvvəl Qafqaz İslam
Ordusunun Bakıya yürüşünü izləyin. Görəcəyiniz yeganə fərq görüntünün ağ-qara
olmasıdır. Bakı küçələrində qələbə yürüşündə Kiprdə yunan dəstələrinə, PKK-ya
və İraqdan Suriyaya qədər apardığımız hərbi əməliyyatlara qatılan Bolu 2-ci
Komando Briqadasının bayrağını görəndə, duyğu keçirməmək mümkün idimi? Ruh
eynidir, birlik eynidir, istiqamət eynidir.
Bu gün Qafqaz İslam Ordusunun şəhidləri Bakıda azərbaycanlı
qardaşları ilə çiyin-çiyinə, "Şəhidlər Stansiyası”nda - Milli Məclisin
qarşısında uzanırlar. Təəssüf ki, bu şəhidlik SSRİ dövründə əyləncə məkanı kimi
istifadə edilmişdir”, - deyə məqalədə bildirilir. Türkiyə mediasında dərc
olunan məqalələrdə bildirilir ki, müharibənin ilk günündən Azərbaycanın yanında
olan Türkiyə zəfər paradında da ən yüksək səviyyədə təmsil olundu."Azadlıq radiosu”nda dərc
olunan məqalədə Berlində yerləşən Beynəlxalq Münasibətlər və Təhlükəsizlik
İnstitutunun təhlilçisiDaria İsaçenkonun fikirlərinə yer verilib. O yazır
ki, hələ bu ilin martında Türkiyənin müdafiə naziri Hülusi Akar bildirmişdi ki,
Türkiyənin Yaxın Şərqdə, Qafqazda, Balkanlarda və Aralıq dənizi hövzəsində
iddiaları var və bu iddialar təmin olunmalıdır. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə rəqib
olacaq gücdə deyil, amma Rusiyanın da Türkiyəyə kompromis etməsi, onu özünə
cəlb etmək istəyi ilə bağlıdır, başqa sözlə, Rusiya Türkiyəni Qərbə qarşı özünə
tərəfdaş görür: "Eyni şəkildə Türkiyə də Rusiyanın maraq dairəsinə girdi.
S-400-lər, ticarət, təbii qaz”.
Ekspert Nadir Devlet bildirir ki, Türkiyə ilk dəfə olaraq İHA və
SİHA-ları bu müharibədə sınaqdan keçirdi. Türkiyə həm də Azərbaycan əsgərlərini
NATO təlimləri ilə hazırladı: "Türkiyə ilə Azərbaycanın genişmiqyaslı hərbi
təlimləri bu yay Tovuz hadisəsindən sonra intensivləşdi. Qarabağda sentyabrın
27-dən başlanan müharibədə Türkiyə liderləri həm siyasi, həm də mənəvi mənada
sona qədər Azərbaycanın yanında olacaqlarını dedilər. Azərbaycan Türkiyədən son
müasir silahlar aldı, amma Türkiyə Azərbaycanın silah aldığı yeganə ölkə deyil”.
"Amerikanın səsi” radiosu da paraddan geniş reportaj təqdim edib. "Dekabrın
10-da Bakıda "Zəfər Paradı” keçirilib. Paradın 44 gün davam edən savaşın
zəfərlə başa çatmasına həsr edildiyi deyilib. Azadlıq meydanında paradlar çox
keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər Paradıdır. Hərbi
əməliyyatlarda Azərbaycan Ordusunun peşəkarlığını vurğulayan İlham Əliyev,
əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları,
Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər
rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi və
strateji yüksəkliklərin azad edildiyini bildirib.
İndoneziyanın nüfuzlu
kütləvi informasiya vasitələri də Zəfər Paradını geniş işıqlandırıb. "Dunia.rmol.id”,
"aceh.tribunnews.com”, "serambinews.com”, "foto.tempo.co”, "sinarpost.com” və
digər saytların yaydıqları informasiyalarda, "Serambion TV” telekanalında
yayımlanan reportajda Zəfər Paradının möhtəşəmliyi haqqında ətraflı məlumatlar
yer alıb.
Azər NURİYEV
