Uşaqları dilənçilikdən necə xilas edək?

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində küçələrdə dilənçiliyə cəlb edilən uşaqlarla bağlı problem yenidən gündəmə gəlib. Problem kifayət qədər ciddidir, həlli isə asan görünmür.
Dünyanın müxtəlif ölkələrində dilənçilik edən uşaqları tez-tez görmək olar. Təəssüf ki, Bakı küçələrində də bu mənzərənin şahidi oluruq. Uşaqlar metroda, yeraltı keçidlərdə və ya küçələrdə dilənirlər. Bəziləri bu uşaqların qazancının onları uşaqlıqdan məhrum edənlərin cibinə girəcəyini düşünmədən keçir.
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı isə uşaqların istismarına göz yummamağa çağırır: “Reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilib. Onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbir görülüb”.
Milli Koordinatorun 2024-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafanın səsləndirdiyi fikirlər də problemin dərinliyinə diqqət yönəldir: “O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamlıdır. Dövlət xüsusi mexanizmi tətbiq etməlidir. O cür uşaqlar üçün internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. Çünki valideynə qaytarılsa, yenidən o yola təhrik olunacaq”.
Təəssüf ki, uşaqları küçələrdə dilənçiliyə sövq edən səbəblər dövləti və cəmiyyəti həmişə narahat etsə də, problem tamamilə çözülmür, həll yolu tapılmır. Dövlətimizin uşaq hüquqlarının qorunması və müdafiəsi ilə bağlı qanunları var. Amma küçədə dilənən valideynli-valideynsiz uşaqlara hələ də rast gəlinir. Bəs o uşaqları küçədən yığmaq üçün daha hansı addımlar atmaq olar?
Cinayət məsuliyyətinə səbəb olan hal
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ruslan Vəliyev qeyd edir ki, yetkinlik yaşına çatmayan - 15 yaşınadək uşaqların işlədiləməsi qanuna ziddir: “Bu, həm Konstitusiya, həm də Əmək Məcəlləsi ilə qadağan olunub. Həmin şəxslərin və 15 yaşdan yuxarı uşaqların belə məcburi əməyə cəlb olunması Əmək Məcəlləsində cinayət məsuliyyətinə səbəb olan haldır. Bütün bu məsələlər qanunvericilikdə öz əksini tapıb, sadəcə olaraq onun tətbiqində boşluqlar ola bilər”. R.Vəliyevin fikrincə, problemin parlamentdə gündəmə gətirilməsi müsbət haldır: “Belə hüquq pozuntuları barədə məlumatlar vətəndaşlar tərəfindən də dövlət orqanlarına daxil olsa, yaxşı olar. O cümlədən, KİV-in üzərinə böyük məsuliyyət düşür ki, belə hallar aşkarlanarkən dövlət orqanlarına məlumat verilsin”. Hüquqşünas bildirir ki, uşaqlarını dilənçiliyə təhrik edən valideynləri də cəza gözləyir: “Əgər məcburi əmək varsa, qanun cəlb edənin valideyn və ya digər şəxs olduğuna baxmır. Sosial statusundan asılı olmayaraq hər bir şəxs qanun qarşısında məsuliyyət daşıyır”.
Valideynlərlə işləmək
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova hesab edir ki, uşaqların ailələrdən alınması bu problemin həllində çıxış yolu deyil: “Hər uşaq ailə mühitində böyüsə yaxşı olar. Baş verən hər uşaq hadisəsi individual yanaşma və araşdırma tələb edir. Hər bir uşağın yaxınının, doğmasının onu küçə həyatına sövq etməsinin arxasında nə durur, ilk növbədə onu araşdırmalıyıq”. İB sədri küçədə bu cür uşaqlarla görüşdüyünü, valideynləri ilə iş apardığını bildirir: “Bizim məqsədimiz odur ki, onlar internatlara, sığınacaqlara deyil, ailələrinə inteqrasiya etsinlər. Belə olanda uşaqların inkişafına ailələri ilə birgə nail oluruq”. K.Aşumova hesab edir ki, problemin həlli üçün valideynlərlə işləmək lazımdır: “Biz valideynlərlə işləyəndə onların sosial-maddi rifahlarının aşağı olmasını, xəstəliyini, çətinlik ucbatından övladını təhsilə yönəldə bilməməsini, uşağı ilə birgə küçədə diləndiyini müşahidə etmişik. Biz çalışmalıyıq ki, ailələrin sosial-maddi rifahının yaxşılaşdırılması, məşğulluqlarının təmini ilə uşaqların ailələrdə böyüməsinə nail olaq. Ailə ilə işləmək və onlarla reabilitasiya işi aparmaq lazımdır. Bu, dövlət qurumları ilə əməkdaşlıq, psixoloji terapiyalar, valideyn bacarıqlarının öyrədilməsini və s. tələb edir. Elə uşaq var ki, o valideyni ilə küçədə durursa, biz onu valideynindən ayıranda uşaq evinə getmək istəmir. Bəs o uşaqlarla nə edək? Mən o halda uşağın valideyndən alınmasının tərəfdarıyam ki, valideyn tüfeyli həyat sürür, zərərli vərdişləri var və bundan əl çəkmək istəmir. Onda uşaq ya alternativ himayədar bir ailəyə verilə və ya müəssisəyə yerləşdirilə bilər. Yaxın qohumların qəyyumluğunu da nəzərdən keçirmək lazımdır”. Bu tip uşaqların təhsildən yayınmasına gəlincə, K.Aşumovanın fikrincə, təhsil sistemi elektronlaşdırılandan sonra həssas və sosial təhlükəli vəziyyətdə yaşayan və ya kirayədə qalan, doğum haqda şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi olmayan ailələrdə problem yaşanıb. Belə ki, elektronlaşdırma sistemə düşmək üçün sənəd tələb edir: “Vaxt keçdikcə də uşaq təhsildən kənar qalır, onu məktəbə götürmürlər. Valideyn kirayədə yaşayıb qeydiyyatı olmadığı üçün nə özünə şəxsiyyət vəsiqəsi ala bilir, nə də uşağının sənədi olur. Uşaq məktəbə getmirsə, yerli icra və polis orqanlarına, sosial xidmət mərkəzlərinə məlumat verilməlidir. Həmin ailə reabilitasiyaya cəlb olunmalı, araşdırılmalıdır. Orada valideynin biganəliyindən başqa digər məsələlər - erkən nikah, zorakılıq və s. aşkarlana bilər. Yerli İH və polis şöbəsi bu cür ailələri müəyyənləşdirməlidir. İstisna halda bu təbəqə üçün qeydiyyat məsələsini bir az asanlaşdırmaq lazımdır”.
Psixoloji maarifləndirmə
Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova da hesab edir ki, küçələrdə, körpü altında, təhlükəli şəraitdə, gün altında, soyuq havada azyaşlı uşaqları diləndirmək ağılasığmazdır: “Konkret yerlər var ki, orada uşaqların dilənməsinə göz yumulur. İnsanlar da uşağın həqiqətən ehtiyacı olub-olmadığına əhəmiyyət vermir”. Psixoloq hesab edir ki, övladını dilənməyə sövq edən valideynlər uşaqları əllərindən alınmazdan öncə psixoloji müayinədən keçirilməlidirlər: “Çünki bəzilərinin həqiqətən, psixoloji problemi olur, şiddətə meyilli olurlar. Belə şəxslər üçün müalicə şərtdir. Bəzi uşaqlar isə kiminsə təsiri altında dilənməyə başlayırlar. O cür aldanmış uşaqları psixoloji maarifləndirməyə cəlb etmək mümkündür”.
Təranə Məhərrəmova
