Uşaqlara nağıl danışacaq sayt

Zaman bizdən müasirləşməyi tələb edir. İnternet
şəbəkəsinin sürətli inkişafı elektron kitabxanalar yaranmasına səbəb olur və nəticədə
bu sahədə tələbat az da olsa ödənilir. Bu gün həyatımızın bütün sahələrinə
daxil olan, ən müxtəlif informasiyaları anında əldə etməyə imkan verən internet,
əsrlər boyu bilik mənbəyi olan kağız kitabları sıxışdırıb aradan çıxarmağa iddialıdır.
Bunun isə mənfi və müsbət tərəfləri var. Müsbət tərəflər öz yerində, məsələnin
mənfi tərəfi haqda illərdir ki, danışılır, yazılır, müzakirələr aparılır.
Elektron kitablar günün əsas tələbinə çevrilsə də,
hər kəs bundan istifadə etməyi bacarmır. Məsələn, məlumdur ki, cəmiyyətimizdə görmə
imkanlarından məhdud olan insanlar az deyil. Artıq onların bu ehtiyaclarını
təmin etmək üçün "danışankitab.az” internet portalı yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
"Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması”
üzrə sifarişi əsasında yaradılan sayt həmin kateqoriyadan olan uşaqlar üçün
nəzərdə tutulub. İyunun 27-də bu layihənin təqdimatı da keçirilib. Tədbirdə Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki,
məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə
imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan
istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə
şərait yaradılmasıdır: "Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının
artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların informasiya
əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri kompyuter və
telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır. Yaradılan yeni saytda
görmə imkanları məhdud uşaqların ehtiyacları, mütaliə zövqü nəzərə alınmaqla,
saytda Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri xalq artisti
Nurəddin Mehdixanlının, əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə
Mürvətovanın, "Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımovun ifasında
səsləndirilərək təqdim edilir. Saytın xüsusi mobil tətbiqində sadə istifadə
imkanı mövcuddur və bununla bərabər, inklüzivlik nəzərə alınmaqla, ölkəmizdə
ilk dəfə olaraq səslə idarəetmə imkanı verən mobil tətbiq yaradılıb. Layihənin
gələcəkdə icrası və daha da inkişaf etdirilməsi nəzərdə tutulur”.
Sözügedən saytın yaradılması görmə məhdudiyyətli
uşaqlarla bərabər, valideynlər üçün də bir köməkçi vasitəyə çevrilib. Belə ki,
övladlarına nağıl danışmaqda çətinlik çəkən hər bir valideyn sayta daxil
olmaqla, seçdiyi nağılı ödənişsiz şəkildə telefonuna yükləyə və istədiyi
zamanda övladına dinlətdirə biləcək.

Saytda nağılları səsləndirən əməkdar artist Hüsniyyə Mürvətova bizimlə söhbətində layihənin
aktuallığından danışdı. Bildirdi ki, "danışankitab.az” saytının yaradılması
görmə məhdudiyyəti olan uşaqlar üçün ən ideal vasitədir: "Sevindirici haldır
ki, bu gün görmə məhdudiyyəti olan uşaqlar da sosiallaşır, cəmiyyətdə özlərinə
yer tapmağa çalışırlar. O uşaqların hüquqları qorunur, onlara diqqət və qayğı
özünü göstərir. Görmə məhdudiyyəti olan uşaqlarımızın nağıllarla böyüməsi çox
təqdirəlayiq haldır. Normal, sağlam uşaqlar məktəbdə kitabları oxuyurlar və bu
nağıllardan xəbərdar olurlar. Gözdən əlil olan uşaqların valideynlərinin
qayğıları bəzən çox olur. Çox zaman uşaqlarına nağıl oxumaq üçün vaxt tapa
bilmirlər. Belə olduğu halda, məhz "danışankitab.az” saytı onların köməyinə
çataq. Və digər tərəfdən, uşaqlarımız bizim milli nağıllarımızı dinləyərək
böyüyəcək. Bu sayt nəinki görmə məhdudiyyəti olan, eyni zamanda böyüməkdə olan
yeniyetmə uşaqların da ailələri üçün köməkçi vasitəyə çevriləcək. Çox zaman
valideyn övladına nağıl danışanda çətinlik çəkir. Ancaq bu vəsait onun işini
yüngülləşdirəcək. Mən bu layihədə daha çox Azərbaycan nağıllarını səsləndirmişəm.
Düzdür, radioların birində bəlli bir saatda uşaqlar üçün nağıl zamanı var idi. Amma
lazımdır ki, nağıl radioda səsləndiyi vaxtda onu dinləyəsən, əgər bir neçə
dəqiqə geciksən, nağıl bitəcək. Ancaq bu sayt vasitəsilə valideynlər istənilən
zaman bu nağılları yükləyə və istədikləri nağılı övladlarına dinlətdirə
bilərlər. Sayt o qədər asan hazırlanıb ki, hər bir valideyn bunu rahat şəkildə
yükləyə bilər”.
H.Mürvətova deyir ki, bu saytın yaradılması
övladlarımızı milli nağıllarımıza yönləndirmək üçün bir başlanğıcdır: "Bu gün
uşaqlarımızın izlədiyi nağıllar məni tam olaraq qane etmir. Valideynlər çox
zaman uşaqların başını qatmaq üçün internetdən bir neçə cizgi filmlər yükləyərək
telefonu onlara həvalə edirlər. Uşaqların kor-koranə izlədikləri o nağıllar isə
uşaqlara təkəbbür, nifrət, paxıllıq
hissi aşılayır. Misal üçün, mən uşaqlarımızın "Maşa və ayı” cizgi filmini izləməyinin
tərəfdarı deyiləm. O cizgi filmlərini izləyən uşaqlarda aqressiya yaranır.
Uşaqlar Maşanın hərəkətlərini təkrarlamağa çalışırlar. Mən bunun dəfələrlə
şahidi olmuşam. Məgər bizim öz nağıllarımız yoxdur ki, uşaqlarımız başqa
nağıllara qulaq assın, başqalarının cizgi filmlərini izləsin? Ancaq biz səsləndirdiyimiz
nağıllarda uşaqları dostluğa, barışa, sülhə, heyvanlara münasibətdə rəhmli
olmağa dəvət edirik. Bu məsəllər çox önəmlidir. Burada təkcə Azərbaycan
nağılları deyil, maraqlı hekayələr, rəvayətlər var”.

Saytın redaktoru
Tural Cəfərov sayt üçün nağılları seçərkən hamının bildiyi
məşhur nağıllara üstünlük verdiklərini bildirdi: "Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış nağılları tanınmış aktyorlar vasitəsi
ilə səsləndirməklə, görmə imkanları məhdud uşaqların pulsuz olaraq telefon,
musiqi oxudan, televizor və s. bu kimi müasir avadanlıqlarda rahatlıqla şeir,
roman, elmi və bədii ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə və
dinləyərək öyrənmələrinə şərait yaradır, onların cəmiyyətə inteqrasiyalarının
təmin olunmasına çalışırıq. Səsləndirilmiş kitabların hamı üçün əlçatan olması
məqsədi ilə bu saytla yanaşı xüsusi mobil tətbiq də yaradılıb. Layihədə xarici
və yerli nağıllar da yer alıb. Çalışdıq ki, uşaqların dünyagörüşünün
formalaşmasında əhəmiyyətli olan nağıllara üstünlük verək. Əslində "danışankitab.az”
çox faydalı bir layihədir. Bu sayt təkcə görmə imkanları məhdud uşaqlar üçün
nəzərdə tutulmayıb. Uşaqlar, hətta böyüklər də bundan istifadə edə bilərlər. Bu
saytın uşaq ədəbiyyatının, nağılların məşhurlaşması və nəsildən-nəslə
ötürülməsində misilsiz xidməti olacaq.
Layihənin digər bir uğuru isə peşəkar aktyor heyəti ilə nağılların səsləndirilməsi
oldu. Azərbaycanın ən yaxşı
qiraətçilərinə müraciət etdik. Hesab edirik ki, onların ifasında uşaqlar nağılları
daha maraqla dinləyəcəklər”.
T.Cəfərov saytda xarici nağılların
səsləndirildiyini desə də, daha çox yerli nağıllara üstünlük verildiyini qeyd
etdi: "Sayta nəzər yetirsəniz, orda bütün dünyadan hekayələr, nağılların əks olunduğunun
şahidi olarsınız. Daha çox üstünlüyü isə Azərbaycan xalq nağıllarına vermişik.
Çünki bu nağılların müəllifi xalqdır. Yetişən gənclər bu nağılları bilməlidir.
Nağıllar uşaqların mənəvi inkişafında, əxlaqının formalaşmasında böyük
əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, saytda daxil olduqdan sonra sevilən
nağılları yükləmək ödənişsizdir. Çox rahatlıqla telefona yüklənir. Telefon
istifadə etməyənlər isə kompyuterdən yükləmək imkanına malikdirlər.
Xəyalə Rəis
