• cümə, 03 May, 05:31
  • Baku Bakı 15°C

Türkiyə-Azərbaycan Universiteti nə vaxt yaradılacaq?

17.06.23 05:00 7641
Türkiyə-Azərbaycan Universiteti nə vaxt yaradılacaq?

İki ölkənin müvafiq qurumları arasında bununla bağlı görüşlər keçirilib. Görüşlərdə tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr aparılıb. Birgə universitet ortaq mədəni və tarixi dəyərlərimizin gün işığına çıxmasına, dəqiq elmlər və texnologiya sahəsində inkişafa təkan ola bilər.

Ötən tədris ilinin statistikasına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 27 min nəfəri keçib. Baxmayaraq ki, Azərbaycanda 51 universitet fəaliyyət göstərir, Türkiyədəki 204 ali təhsil müəssisəsinə üz tutanların sayı hər il artır. Qardaş ölkədə təhsil alanlar təhsil haqqı, xaricə gediş-gəliş xərcləri, yataqxana problemi, oturum izni və sair bu kimi çətinliklərlə üzləşirlər.

“Kaspi” qəzetinin əvvəlki saylarında bu məsələni ictimailəşdirərək, həlli yollarına dair ekspertlərin fikir və təkliflərini diqqətə çatdırmışıq. Bu çətinlikləri aradan qaldırmaq, azərbaycanlı tələbələrin təhsil şərtlərini asanlaşdırmaq üçün mütəxəssislərin irəli sürdüyü təkliflərdən biri də Türkiyə-Azərbaycan Universitetinin yaradılmasıdır. Qeyd etmək yerinə düşər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıya səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən bu məsələyə diqqət çəkiblər. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir: “Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir”.

Təhsil sahəsində əməkdaşlığa yeni töhfə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, hazırda iki ölkə arasında atılacaq addımlardan biri Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Onun sözlərinə görə, Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni nəzərdən keçiriblər: “İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq”.

Göründüyü kimi, hər iki dövlət başçısı Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində siyasi iradə nümayiş etdirib, müvafiq tapşırıqlar da veriblər. Maraqlıdır, belə bir ali təhsil müəssisəsinin yaradılması ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa, ümumiyyətlə Türkiyə-Azərbaycan əlaqələrinə necə təsir göstərəcək?

Universitetin təsis olunması ilə bağlı görülən işlər

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Türkiyə-Azərbaycan Universitetinin təsis olunması ilə bağlı müvafiq işlər görülür. Qeyd edilib ki, 2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfərindən sonra 15-17 mart 2022-ci il tarixlərində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub. Səfər zamanı Türkiyə-Azərbaycan Universitetinin təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr həyata keçirilib.

Attestatla qəbul olub ali təhsil almağın problemləri

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan demokratik bir ölkədir və vətəndaşlarımızın istənilən ölkədə ali təhsil ala bilmək seçimi var. Millət vəkilinin sözlərinə görə, vətəndaşların bu seçiminin, xaricdə ali təhsil almaq hüququnun qarşısını inzibati yollarla almaq mümkün deyil və bu, doğru da olmazdı: “Son illər Azərbaycanda universitetlərə qəbul ola bilməyən bir sıra şəxslər attestatla qardaş Türkiyə universitetlərində ali təhsil almağa gedirlər. Təbii ki, onlar öz seçimlərində azaddırlar. Ancaq yalnız attestatla qəbul olub ali təhsil almağın bir çox problemləri var. Həmin gənclər yaxşı təhsil ala bilirlərmi? Ümumiyyətlə, təhsillərini başa çatdırırlarmı? Orada yaşayış yeri tapmaq, qidalanma xərcləri və digər məsələlər də qayğılar sırasındadır”.

Valideynlər universitetlər üçün “sponsor”a çevrilirlər

Professor vurğulayıb ki, məsələnin digər tərəfi Azərbaycanda ailələrin az qala bəzi universitetlər üçün “sponsor”a çevrilməsidir: “Övladlarının taleyi ilə valideynlər bir sıra hallarda yaxından maraqlana bilmirlər. Bu deyilənlər sadəcə qardaş Türkiyə ilə əlaqədar deyil. Azərbaycanlı gənclərin Rusiya, Ukrayna, Gürcüstan universitetlərində də qeyd edilən yolla ali təhsil almalarına dair çoxlu nümunələr, məlumatlar var. Həmin gənclər təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra onların ali təhsil haqqında diplomları müvafiq dövlət qurumu tərəfindən tanınmır, gənclərin əziyyəti hədər gedir”. 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verər”

Millət vəkilinin fikrincə, bu cür neqativ halların aradan qaldırılması üçün Türkiyə-Azərbaycan Universitetinin yaradılması yaxşı olardı: "Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması da müsbət effekt verər. Bu cür universitetlər Orta Asiya ölkələrində var. Qırğızıstanda Manas, Qazaxıstanda Əhməd Yasəvi universitetləri deyilənlərə misaldır. Bizdə də Türkiyə ilə birgə universitetin yaradılması müsbət hal olardı”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər