• şənbə, 27 Aprel, 14:57
  • Baku Bakı 27°C

Turizm sənayemiz Novruza necə hazırlaşır?

02.03.24 00:28 3324
Turizm sənayemiz Novruza necə hazırlaşır?

Ölkədəki beş ulduzlu hotellər hələ ki, bayram günləri üçün satış etmir və gözləmə mövqeyindədir. Bununla belə, vətəndaşların seçim imkanları çoxdur. Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadır.

Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Hər il olduğu kimi, bu il də bayramla əlaqədar ölkədə bir neçə gün ardıcıl olaraq qeyri-iş günləri elan edilib. Bu da o deməkdir ki, ölkə vətəndaşları dincəlmək üçün regionlardakı hotellərə üz tutacaqlar. Bəs turizm sənayesi bayrama necə hazırlaşır? "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

Hotellər gözləmə mövqeyindədir

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, ölkədəki beşulduzlu hotellər hələ ki, bayram günləri üçün satış etmir və gözləmə mövqeyindədir.

"Bununla belə, vətəndaşların seçim imkanları çoxdur. Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadır - "A frame", "camp" tipli qonaq evləri, kənd evləri, hostellər, ferma və təsərrüfatlar var. Bu növ gecələmələri seçən turistlərin bir çoxunun adətən səyahət məqsədləri daha spesifik olur. Misal üçün, şərab sevərlər fermalara, üzüm tarlalarına, emal müəssisələrinə üz tutur, "yaşıl turizm" sevərlər "camp"larda qalmağı xoşlayır, kənd həyatına qatılmaq, mövsümü məhsul yığımında iştirak etmək, ev heyvanlarına qulluq etmək məqsədilə gələn turistlər kənd evlərində qalmağa üstünlük verir", - deyə o qeyd edib.

Əsas axın hansı istiqamətdə olacaq?

S.Dübəndinin sözlərinə görə, bayram günlərində əsas turist axını ölkənin bir neçə inkişafda olan destinasiyalarına yönələcək: “Bu destinasiyalar əsas turist yükünü qəbul edirlər. Regional yerləşmə vasitələrinin satışı yüksəkdir. Hazırda görürük ki, 35-100 manat arası iki nəfərlik səhər yeməyi daxil gecələmə xidmətləri bayram günlərinə məhdud sayda olsalar belə, yalnız müxtəlif satış platformalarında və digər satış kanallarında mövcuddur”.
Turizm eksperti hesab edir ki, bayram günlərində Azərbaycanda daxili turizmlə yanaşı, gəlmə və getmə turizm də canlanacaq: “Koronavirus (COVID-19) pandemiyasından öncə Novruz bayramı münasibətilə ölkəyə xeyli sayda İran, Türkiyə, Rusiya, Gürcüstan turistləri gəlirdilər. Hazırda bu coğrafiya bir qədər dəyişib. Körfəz ölkələrindən və Asiyadan olan turistlər daha yüksək dinamika göstərirlər. Azərbaycanda istirahət edən turistlərin sayı öncəki illərlə müqayisədə artmaqdadır".

Qiymətlər fərqli olacaq

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyir ki, bayram günlərində turizm sektorunda qiymətlər adi günlərlə müqayisədə yenə də fərqli olacaq: "Qiymətlər çox yüksək olmasa da, turizm mövsümü olduğu üçün bahalaşma ola bilər. Bu, təkcə ölkə daxilində deyil, ölkə xaricində dincəlməyə də aiddir. Adətən Novruzda vətəndaşlarımız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər. Bu istiqamətlərdə qiymət fərqi var. Amma daxili turizmdəki kimi kəskin fərq yoxdur".

Tətilə gedənlərin sayı azalacaq?

Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə hesab edir ki, bu il də Novruz bayramı günləri Ramazan ayına təsadüf etdiyindən, tətil üçün həm ölkə daxilinə, həm də ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar: "Orucluğa görə bəzi inanclı insanların səfərlərini təxirə salması və yaxud da onu o qədər də aktiv keçirməməsi mümkündür. Qiymətlərə gəlincə isə, ötən illə müqayisədə kəskin fərq gözləmirəm. Çünki, bunun üçün ciddi əsas yoxdur".

banner

Oxşar Xəbərlər