• cümə, 19 Aprel, 08:46
  • Baku Bakı 13°C

“Televiziyada nitqi qüsurlu aparıcıların olması normaldır”

25.07.20 09:00 4202
“Televiziyada nitqi qüsurlu aparıcıların olması normaldır”
Kamran Yaradanquliyev: "O "aparıcılar”ın iki dayanacaqlıq yolu var”
Aparıcı efirin əsas idarəedici qüvvəsidir. Belə ki, aparıcının efir mədəniyyəti, danışıq qabiliyyəti və söz bazası, mövzu ilə tanışlığı mütləqdir. Müsahibim də işinə məsuliyyətlə yanaşan, tamaşaçı ilə rabitə qurmağı bacaran istedadlı gənc aparıcılardandır. Davamlı olaraq üzərində çalışır, özünü yetişdirir və qüsursuz danışıq qabiliyyətinə malikdir. Müsahibim "ATV Səhər" verilişinin aparıcısı Kamran Yaradanquliyevdir.
- Gündəmi zəbt edən mövzular barədə tamaşaçılara məlumat vermək üçün informasiyanı necə və hansı mənbədən əldə edirsiniz?
- Yalnız rəsmi mənbələrdən - Müdafiə Nazirliyinin rəsmi səhifəsindən, bir çox dövlət qurumlarından əldə edib, onu düzgün şəkildə tamaşaçılara çatdırırıq. Eyni zamanda dövlət qurumlarında çalışan ixtisaslı kadrları qonaq qismində dəvət edir, bəzən də doğru məlumatı məhz onların çıxışı ilə çatdırmış oluruq. Buradan tamaşaçılara səslənirəm ki, yanlış informasiyalara uymasınlar. Bəzən görürük ki, "İnstaqram"da yanlış xəbərin başlığına "rəsmi” yazıb insanlar arasında xaos yaradırlar. Fürsət verməməliyik ki, düşmən hədəfinə çatıb, bizi içəridən parçalasın. Biz də efirdə öz missiyamızı yerinə yetirməyə çalışırıq. Yeri gələndə qəhərlənir, yeri gələndə qəzəblənir, kövrəlirik, amma hisslərimizə qalib gəlib səbir və təmkinlə missiyamızı yerinə yetirirk. Biz istər silahla, istər sözlə, istərsə də mətbuat dili ilə düşmənə qalib gəlməliyik. Düşmən bizi təxribata çəkir. Amma biz düşməndən daha ağıllı, savadlı, güclü və abırlıyıq. Sadəcə, hər zaman çalışmışıq ki, kişi kimi mübarizə aparaq. Tovuzda şəhid olan əsgərlərimiz torpağa tapşırılanda və o kadrlar efirdə nümayiş etdiriləndə gözlərim doldu, qəhər məni boğdu. Şəhidlərimiz torpağa tapşırılan zaman biz canlı efirə qoşulduq. Əlimi və ayaqlarımı sıxmışdım ki, gözüm dolmasın. Çünki erməni bizə baxır. Hər səhər tamaşaçıları salamlayanda, bilirəm ki, bizi düşmən də izləyir. İstəmirəm düşmənlərimiz bizi gözüyaşlı görsün. Sonra yazsınlar ki, azərbaycanlı aparıcı efirdə göz yaşlarına hakim ola bilmədi. Bu ölkənin şəhidi generaldı. General demir irəli gedin, ön cəbhədə dayanaraq "ardımca gəlin” deyərək mübarizə aparır.
- Səhər tamaşaçıların ovqatını qaldırmaq və cəbhədən əldə edilən ilkin məlumatı tamaşaçıya çatdırmaq bir qədər məsuliyyətli bir işdir. Bu missiyanı yerinə yetirərkən hər hansı çətinliklə üzləşirsinizmi?
- Yaşanan hadisələrdə tamaşaçının ovqatı heç zaman düşmədi. Çünki onların içində dövlətinə, dövlət başçısına inam vardı. Bu sözü gəlişigözəl olduğu üçün səsləndirmirəm. Səhər tezdən hər kəs istəyir ki, xoş xəbər versin. Bu cür xəbərlər vermək bir vətəndaş olaraq bizə çətin olsa da, ancaq bir o qədər də şərəflidir.
- Hər səhər erkən oyanmaq və tamaşaçılara müsbət enerji ötürmək necə?
- Efir başlayanda, kamera obyektivinə baxanda artıq düşünməyə başlayıram ki, ordan mənə oyuncağı ilə oynayan uşaq da, ziyalı da, işə tələsən qardaşlarımız da, yemək hazırlayan ana-bacılarımız da baxır. Mən onları hiss edirəm, tamaşaçını hiss etmək əsas məsələlərdəndir. Bunun üçün bu işi sevmək lazımdır. Mən işimi yorulmadan, sevərək görürəm. "ATV səhər" hər dəfə tamaşaçılara yeni mövzu, yeni məlumatlar çatdırır, maarifləndirici, faydalı, sujetlər rubrikalar təqdim edirik.
- Verilişə qonaq dəvət edərkən hansı meyarlara önəm verirsiniz?
- Bizdə verilişin formatı ictimai-siyasi olduğuna görə, dəvət etdiyimiz qonaqların da söz sahibi olması vacibdir. Hər hansı mövzu ilə bağlı hamı fikir bildirə bilər. Hazırda diplomlu-diplomsuz, hər kəs özünü mütəxəssis hesab edir. Amma bizə lazımdır ki, dəvət edilən qonağın ən azı uğurlu fəaliyyəti, danışacaq sözü, çalışdığı sahədə təhsili, təcrübəsi, bazası, müəyyən uğurları olsun. Söz də deyəndə hədəfə çatsın.
- Bu gün sosial şəbəkədə hər mövzuda özlərini ekspert hesab edənlər - hərşeyşünaslar kifayət qədərdir. Onların sayı da günü-gündən artır.
- Sosial şəbəkədə kiminsə izləyici sayı çoxdursa, bu o demək deyil ki, o insan hər şeyi bilir. Mən onun sözünə niyə inanmlıyam? ASAN xidmətə gedib, bir MMC açırsan , bir də gedib möhür alırsan. Möhürün ən ucuzu 50 manatdır. Sonra bir jurnalist vəsiqəsi düzəltdirib jurnalist olursan. Bu, bütün jurnalistlərə şamil edilmir. Əslində isə jurnalist sözü böyük məna kəsb edir, bu, böyük bir məsuliyyətdir. Jurnalist hadisəni tamaşaçıya olduğu kimi, dəqiq, qərəzsiz çatdıran insandır. Bunun üçün təhsil, təcrübə lazımdır. Sosial şəbəkədəkilər vətəndaş jurnalistikası ilə bu peşəni səhv salır. Hər söz danışan insanı dinləsələr ,onda bu ixtisas nəyə yarayar? Jurnalist hökm verməməli, tərəf saxlamamalı, mövqe bildirməməlidir. Öz şəxsi mövqeyini düşmənə qarşı bildirə bilər. Ancaq cəmiyyətdə baş verən hadisələrdə kiminsə tərəfin tutmamalıdır. Mənə maraqlı deyil sənin fikrin nədir, mənim borcum hadisənin olduğu kimi təqdim edilməsidir.
- Ancaq təəsüf ki, sosial şəbəkələrdə yazılan dezinformasiyalar işıq sürəti ilə paylaşılır.
-Hər şeyin açarı səbirdir. Biz səbirlə tamaşaçılara izah etməliyik. Əks halda heç nə əldə edə bilmərik. Yanlış məlumat bizim sağlamlığımız üçün də zərərlidir. Bəzən tanınan insanların şəxsi həyatına yersiz müdaxilələr olunması, onların özəl həyatından dezinformasiyaları yayanları görürük. Ancaq yanlış məlumat yayanlar cəzalandırılmalıdır. Başlı-başına hərəkət etmək olmaz.
- Bu gün efirlərdə səlist, düzgün danışmağı bacarmayan aparıcılar kifayət qədərdir. Bəzən görürük ki, aparıcının söz bazası yoxdur, dilində qüsur var. Maraqlıdır, bəs telekanallar aparıcını işə götürərkən yoxlamırlar? Onlar hansı mərhələlərdən keçirlər və o mərhələlərdə bu nüanslara önəm verilmir?
- Hər telekanalın özünəməxsus yanaşma tərzi var. ATV də çalışan aparıcıların söz bazası, nitqlərində qüsur olması ilə bağlı problem yoxdur. Amma buna baxmayaraq, biz özümüz də şahidi olmuşuq ki, dünyada, nitqində qüsur olan, amma kifayət qədər sevilən aparıcılar olub. Bu, baxır hansı formatda, nə təqdim etmək istəyinə. Əgər bir verilişin konsepsiyasında tamaşaçıya çatdırılan söz önəmlidirsə, təbii ki, aparıcının nitqi gözəl olmalıdır, yox, əgər verilişin formatında sima önəmlidirsə, aparıcı kəkələsə belə, tamaşaçı onu sevirsə, qəbul edəcək. Televiziyada nitqi qüsurlu aparıcıların olması normaldır. Nitqi qüsurlu olsa da, verdiyi məlumat dəqiq və ətrafldırsa, bu, o qədər də diqqət çəkmir. Əsas odur ki, çatdırdığı informasiyanı korlamasın. Bəzən gözəl meyvənin də dadı olmur. Görünüşü yaxşı olmayan meyvənin elə gözəl dadı olur ki... Bu da onun kimi. Çox yaxşı olardı ki, seçilən aparıcıların nitqi səlist olsun. Belə olduqda dinləyənin də könlü xoş olar. Nitqin üzərində işləmək və onu düzəltmək mükmkündür.
- Danışıq qabiliyyəti necə formalaşır?
- Mən birinci kursda təhsil alanda nitqim düzgün deyildi. Aparıcı olmağa iddialı idim, üzərimdə çalışdım, mütaliə etdim, videolara baxdım. Hadisəni düzgün, yerində çatdırmağı öyrəndim. Bu işdə vurğunun harda və necə istifadə edilməsi önəmlidir. Öz üzərimdə çalışaraq danışıq qabiliyyətimi formalaşdırdım. Burda təhsil ocağının da, təcrübənin də böyük rolu var.
- İndi hər yerindən duran aparıcılıq eşqinə düşür. "İnstaqram”da hamı aparıcıdır.
- Onlar müvəqqəti aparıcılardır. Təhsili olmayan, doğru qurumda çalışmayan "aparıcılar”ın iki dayanacaqlıq yolu var. Əgər aprıcılığa bir iş kimi baxmaq istəyirlərsə, daimi olaraq öyrənməli və üzərlərində çalışmalıdırlar. O insanlar qorxmalıdır ki, üzərlərində çalışmırlar. İctimai Televziyada şou-əyləncə departamentində çalışırdım. İndi ATV -də ictimai-siyasi şöbədə çalışıram. Özümü bu sahədə yetişdirirəm. Canlı yayımda ilk təcrübəm "Eurovision" mahnı müsabiqəsində birincilik əldə etdiyimiz vaxt olub. Nigarla, Eldar qalib gələn zaman. Açığını deyim ki, zamanla özümü inkişaf etdirdim. Çox zəif aparıcı idim. İndi özümü inkişaf etdirmişəm. Sənətkarlar, peşəkar insanlar verilişimdən narazı getmirlərsə, efirdən əvvəl də, sonra da mənimlə söhbət edib, ünvanıma xoş sözləri deyirlərsə, demək ki, boşuna çalışmamışam. Mən tənqidi qəbul edir və ondan qorxmuram. Hamıdan birinci özüm özümü tənqid edirəm. İnsanları öldürmək üçün silahdan da güclü dil var. Dil vasitəsi ilə sən kimisə ruhdan salıb, onu mənəvi olaraq öldürə bilərsən. Kimsə məndə qüsur tutanda onu dinləyir, doğru deyirsə, o qüsurumu düzəldirəm. Kənardan özümü görməyi bacarıram. Mən robot deyiləm, hələ də öyrənirəm.
- Sizcə, bu gün televiziya sosial şəbəkələrə uduzur?
- Qətiyyən elə düşünmürəm. Tovuzda baş verənlər hamını həyəcanlandırdı. Ora, həqiqətləri tamaşaçılara çatdırmaq üçün kimlər getdi? İşinin peşəkarı olan televiziya və media nümayəndələri. Siz mənə bir dənə "İnstaqram” fenomeni göstərin ki, ora gedib cəbhə xəttindən informasiya hazırladı. Düzdür, onlar da getdilər, amma Ağdam yazılmış yerə qədər gedib dayandılar. Ordan o biri tərəfə onları heç kim buraxmadı. Çünki ordakı hərbçilər də bilirdi ki, bu insan ora selfi çəkməyə gedir. Sosial şəbəkənin üstün tərəflərindən səmərəli istfadə etmək lazımdır. Sosial şəbəkə insanın özünü ifadə etməsi üçün bir meydandır, təlxəklik yeri deyil. Televiziya isə sosial şəbəkələrə uduzmayıb. Cəmiyyət ağıllı insanları dinləyir, onların yolu ilə gedir.
- Özəl biznesdə də çalışırsınız. Hansı işdən daha çox gəlir əldə edirsiniz?
-Təbii ki, özəl biznesindən.
- Alternativ işlə məşğul olmaq hansı zərurətdən yarandı?
- İctimai Televiziyada çalışanda gördüm ki, efirim təkrarlanır. Bir çox tədbirləri təşkil edir, bəzilərində aparıcı kimi çıxış edirdim. Efirin təkrarlandığını gördükdə, düşündüm ki, özümü bu sahədə inkişaf etdirməliyəm. Bunu şirkət halına çevirmək istədim. İşə başladıq, yalançı vədlər verib, özünü peşəkar adlandıran insanların sayəsində müflis olduq, aldadıldıq.Amma tədricən peşəkarlarla işləməklə yenidən ayağa qalxdıq AY media şirkətini qurduq. AY Media Group MMC teşkilat, PR və Marketing şirketidir. AY Media Group MMC olaraq bir çox böyük tədbirlərin təşkilatı işlərini yerinə yetirmişik. Həmçinin Azərbaycanda özünü təsdiqləmiş şirkətlərin, hətta dünya markalarınında PR və Marketing işlərini yerinə yetiririk. Bu şirkətlərdən biridə "Black Star Burger" restoranlar şəbəkəsinin bakı filiallarıdır və"Baku Black Star Burger" in PR və Marketing işlərini yerinə yetiririk.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər