• bazar, 01 Iyun, 15:34
  • Baku Bakı 28°C

“Son vaxtlar keçmiş mənə daha yaxın gəlir” - MÜSAHİBƏ

31.05.25 03:54 284
“Son vaxtlar keçmiş mənə daha yaxın gəlir” - MÜSAHİBƏ

Rəşad Məcid: “Dünyanın gələcəyi ilə bağlı skeptik düşüncələr məni çox narahat edir və daha çox keçmişə kökləyir. İnsan üçün yaşamalı dövr daha sakit, texnologiyaların hələ bu qədər inkişaf etmədiyi bir dövr idi. Bu, insanların gücünə, tempinə daha uyğun idi”.

 Yaradıcı insanlar həmişə digərlərindən fərqləniblər. Həm həyata baxışları, daxili zənginlikləri, həm də istedadları ilə. Müsahibimiz Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, şair Rəşad Məcid də yaradıcı insanlardandır. 

 - Ədəbiyyatın insanı dəyişdirmə gücünə inanırsınızmı? 

- Hələ kiçik yaşlarımdan - oxumağa, yazmağa başladığım vaxtlardan belə böyük inamım olub ki, yazdıqlarımla dünyanı, insanları dəyişmək mümkündür. Hətta 2003-cü ildə qələmə aldığım məşhur “10 sentyabr” hekayəmi yazanda belə, ABŞ-İraq müharibəsinin qarşısını almaq kimi sadəlövh bir inamım vardı. Düşünürdüm ki, bir hekayə ilə bu müharibəni dayandıra bilərəm. Amma bu barədə ən yaxşı cavabı, məncə, Qabriel Qarsia Markes verib. “Ədəbiyyat olmasa, heç nə olmazdı, amma polis olmasa, dünya dağılardı”. Əlbəttə ki, o, bu sözləri zarafatyana, ironik deyib. Amma məncə, ədəbiyyat insanları dəyişir, güclü edir. Həyatımın müxtəlif məqamlarında ədəbiyyat mənə çox kömək olub. Brodski deyir ki, şeir oxuyan, yazan adama qalib gəlmək mümkün deyil. Mən də düşünürəm ki, doğrudan da, həyatından ədəbiyyat keçən adamlar güclü olurlar. İnanmasaydım ki, ədəbiyyat dünyanı dəyişəcək, heç nə yazmazdım. 

“Sözün yaralama gücü daha çoxdur”

- Sizcə, söz insanın yarasını sağaldır, yoxsa daha da yaralayır?

- Sözün yaralama gücü daha çoxdur. Ümumiyyətlə, sözün gücü çox böyükdür. Sözün gücü azalanda mən ruhdan düşmüşəm, pessimistliyə qapılmışam. Bir yaxşı sözlə buludların üstünə qalxdığım da olub, könlümə dəyən bir sözlə quyunun dibinə düşdüyüm də. Bilmirəm, bəlkə də, bunlar paraleldir. Bu, baxır insan sözə necə həssas yanaşır. Ədəbiyyatla yaşayan, onun içində olan insanlar bunu daha dərin yaşayır. Ümumiyyətlə, ədəbiyyat güc, enerji verən bir qüvvədir.

- Bəzən susmaq yazmaqdan daha çox şey deyir. Bu fikirlə razısınızmı? 

- Yazmaq insanı depressiyadan xilas edir, quyunun dibindən çıxarır. Məyusluq, kədər, depressiya içərisində olanda insan, çox vaxt bunlardan yazmaqla qurtulur. Susmağa gəlincə, bəzi məqamlarda susmaq, yazmaqdan və ya danışmaqdan daha çox divident gətirir. Amma hər söz də insana hörmət gətirmir. Burada da diqqətli olmaq lazımdır. İstedadlı söz məni həmişə kövrəldir, təsir edir, amma istedadsız səslənən, insanda heç bir hiss, duyğu yaratmayan kəlmələr olanda susuram, sadəcə ironik baxıram. Belə adamların elə susmağı yaxşıdır. 

“İlk şeirlərimi Ağdamda yazmışam”

- Rəşad Məcid üçün yazmaq ehtiyacdır, vərdişdir, yoxsa həyat tərzi?

- İlk şeirlərimi Ağdamda - uşaq yaşlarımda yazmışam. Cıdır düzünə, müəllimimə həsr etdiyim şeirlər vardı. Amma 1988-ci ildən başlayan proseslər, jurnalistikanın daha önə keçməsi sanki məni başqa ruha köklədi. O illərdə heç şeir yazmamışam. Daha çox publisistikaya köklənmişdim. Amma 44 günlük müharibə nəticəsində tarixi zəfərimizi qazandıqdan sonra 2021-ci ildə Şuşaya getdim. Mənim bütün uşaqlığım orada keçib. Şuşaya həsr etdiyim şeirimi yazdım. “Şuşa gündəlikləri” adlı toplunu düz bir ildən sonra çap etdirdim. “Qələmsiz yazılanlar”da belə bir şey yazmışdım: “Üçcə gün telefonu söndürə bilsəm, yazıb bitirərdim Şuşa dəftərin!” Əslində son dövrlərin sürətli həyatı, yüksək texnologiya, sosial şəbəkələr yaradıcılıqla məşğul olmağa çox da imkan vermir. Həsəd aparıram gərgin işin içində yaradıcılığa çox vaxt tapan adamlara. Amma həmişə deyirəm ki, ən xoşbəxt, ən güclü olduğum anlar, ürəyimcə olan bir şeiri yazdığım anlardır. Cek Londonun bu sözü çox gözəldir: “Dünyada yaradıcılıq zövqündən üstün bir şey yoxdur!” Mən o zövqü arada dadıram və həmin anlarda çox xoşbəxt oluram.

- Zaman anlayışı sizin üçün daha çox keçmişdə yaşamaq, indini anlamaq, yoxsa gələcəyi düşünməkdir?

- Təlatümlü dövr yaşayırıq, pandemiya, müharibələr, qırğınlar... Dünyanın gələcəyi ilə bağlı skeptik düşüncələr məni çox narahat edir və daha çox keçmişə kökləyir. İnsan üçün yaşamalı dövr daha sakit, texnologiyaların hələ bu qədər inkişaf etmədiyi bir dövr idi. Bu, insanların gücünə, tempinə daha uyğun idi. Bəzən də həyatın bir nöqtəsində dayanıb düşünürəm ki, deyəsən, səhv yaşadım. İndi bir çox dəyərlər dəyişib, bəlkə də vaxtında daha uzaqgörən olsaydım, fərqli dəyərləri seçə bilərdim. Son vaxtlar keçmiş mənə daha yaxın gəlir. 

“Heç vaxt əsl insanı əvəzləyə bilməyəcək”

- Süni intellekt bütün sahələri zəbt edir...

- Bəli, bu gün süni intellekt bizə müəyyən işlərdə kömək olur. Amma o, insanları tənbəlləşdirir, düşünmə hissindən məhrum edir. Üstəlik, hiss və emosiyaları da məhv edir. Haravi deyir ki, yüz il əvvəl insan dünyada dominant idi. Amma 50 il sonra tək olmayacaq, insanın şəriki çıxacaq. O şərik - süni intellektdir. Əlli il əvvəl də quru, hissiyyatsız adamlara robot deyirdilər. Əminəm ki, süni intellektə də nə qədər duyğu, hissiyyat əlavə olunsa, o, elə süni olaraq qalacaq. Heç vaxt əsl insanı əvəzləyə bilməyəcək. 

- Ruh nədir? 

- Qəfildən insanın üzünə işığın dolması, axan enerji, günəşin çıxması, sənə hədsiz güc verən qeyri-müəyyən bir varlıqdır. Mən ruhsuz insanları robota, süni intellektə bənzədirəm. Amma təəssüf ki, insanın ruhu da həmişə oyaq olmur. Nə zaman ki, ruhun diri olur, o zaman sən ikiqat-üçqat güclü olursan.

- Bəs sevgi sizin üçün nədir?

- Həmişə hesab etmişəm ki, sevgi qədər insana heç nə güc vermir. Ona görə də istəmişəm ki, həyatımda həmişə sevgi olsun. 

“Bəzən ən kiçik bir söz belə məni məyus edir”

- Zəif nöqtəniz nədir? Sizi nə ilə sınağa çəkmək olmaz?

- Gənc şair dostumuz Zərdüşt Şəfi rəhmətə gedəndə - dəfnində mən hönkür-hönkür ağladım. Çoxu təəccübləndi. Amma mən çox həssas insanam. Bugünlərdə Ağdamda Muğam Mərkəzinin açılışında Əhəd Ağayevin oxumağı məni kövrəltdi. O nəyin göz yaşları idi? Qarabağda olan səslər ki var, 30 ildir işğalda əzilib, bükülüb. Amma onlar yenə də durursa, deməli, ruha, istedada, ilahi vergiyə, ədalətə qalib gəlmək mümkün deyil. Mənim kövrəlməyim onun təntənəsi idi. Bu baxımdan zəif yerlərim mənəvi və ruhi məqamlarla bağlıdır. Bəzən ən kiçik bir söz belə məni məyus edir. 

- Tilsimdir, ovsundur, cadudur Şuşa...

- Şuşa işğal olunanda mən üç gün qolumu hiss etmədim. O qədər pis təsir etmişdi... Amma həmişə oraya qayıdacağımıza inanırdım. 2021-ci ilin mayın 12-də Şuşaya gedəndə o qədər xoşbəxt oldum ki... Cıdır düzünə qalxdıq. Əyilib torpağı öpdüm. Prezident İlham Əliyev çıxışında da dedi ki, dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşa kimisi yoxdur. Bu sözlər də məni hönkür-hönkür ağlatdı. Mənim Şuşaya sevgim çox böyükdür. Orada səhər oyananda gözlərimə inana bilmirdim. Hələ həyətdə Alim Qasımov da vəcdə gəlib zəngulə vurdu, o da məni kövrəltdi. Həmin məşhur Şuşa şeirimi yazdım. Düz 42 ildən sonra. Bu qələbə sevinci insana çox böyük bir güc, böyük inam verir. 

“Bu otaqda ilahi duyğular içində oluram”

- Azərbaycan Yazıçılar Birliyinin də sizin üçün xüsusi bir önəmi var...

- Bakıya 15 yaşımda gəlmişəm. Yazdığım şeirləri “Ulduz” jurnalına gətirmişdim. Jurnalın şeir şöbəsinin müdiri Vaqif Cəbrayılzadə vərəqin bir kənarında yazmışdı ki, Məmməd Araz, Əli Kərim, Nazim Hikmət, Mayakovskini oxumalı. Mən o kağızı indiyə qədər saxlamışam. Buraya gəlirdim, yolun digər tərəfindən İmran Qasımov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadəni görür, qürur duyurdum. Əslində, onları görməyə gəlirdim. Tale elə gətirdi ki, 2004-cü ildə Anar müəllim təklif etdi, mən AYB-nin gənclər üzrə katibi oldum. Mən onun əsərləri ilə böyümüşəm, uşaqlıqdan bəri düşüncələrim onun əsərləri ilə formalaşıb. 21 ildir burada - AYB-dəyəm. Fikrət Qoca rəhmətə gedəndən sonra sədr müavini vəzifəsinə təyin edildim. Bu otaqda oturmalı oldum. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə mənə bu otaq haqqında danışıb. Deyir ki, burada “Azərbaycan” jurnalının redaksiyası yerləşibmiş. Otağın eyvan hissəsində baş redaktor Əli Vəliyev, bu biri hissəsində isə İntiqam müəllimin atası Böyükağa Qasımzadə, Əli Kərim, İsa Hüseynov, Əhəd Hüseynov oturub. Sonrakı dövrlərdə burada Yusif Səmədoğlu, İlyas Əfəndiyev, Nəbi Xəzri, Fikrət Qoca əyləşib. Mən bu otaqda ilahi duyğular içində oluram. Ruhumu qəribə hisslər bürüyür. 

“Şuşada mətbuat muzeyinin yaradılması üçün müraciət etmişəm”

- Qarşıdan mətbuatın 150 illiyi gəlir...

- Bu il milli mətbuatımızın 150 illiyidir. Cənab Prezident yubiley tədbirlərinin keçirilməsi üçün sərəncam imzaladı. Mən də Şuşada mətbuat muzeyinin yaradılması üçün müraciət etmişəm. Arzum budur ki, Azərbaycanda ilk mətbuat muzeyi məhz orada yaradılsın. Bunu bir neçə səbəbdən istəyirəm. Birincisi, Şuşadan Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağayev və jurnalistikamıza böyük töhfələr vermiş digər insanlar çıxıb. İkincisi də ki, Şuşada hər il Beynəlxalq Media Forumu keçirilir, dünyanın bir çox ölkələrindən olan jurnalistlər oraya toplaşır. 
 
Xanım Aydın

 

banner

Oxşar Xəbərlər