• cümə, 26 Aprel, 04:32
  • Baku Bakı 16°C

Teatrların yeni mövsümü: AFİŞA

10.09.22 15:15 1332
Teatrların yeni mövsümü: AFİŞA

Teatrlar istər böyüklər, istərsə də uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün ən uyğun məkanlardan biridir. Azərbaycanda incəsənətin bu növü hər zaman böyük maraqla qarşılanıb və sevinclə izlənilib. Artıq Azərbaycan teatrları yeni mövsümün açılışına hazırlaşır. Tamaşalar teatrsevərlər tərəfindən böyük maraqla izlənilir. Ona görə də tamaşaçılar yeni mövsümün ilk səhnəsini səbrsizliklə gözləyirlər.

"Report" teatrların mövsümə necə hazırlaşmaları və ilk hansı tamaşa ilə yeni mövsümə başlayacağı ilə bağlı sorğu keçirib.

Akademik Milli Dram Teatrının Mətbuat Xidmətindən “Report”a bildirilib ki, teatr mövsümə "Zəfər yolu" tamaşası ilə başlayacaq. Qeyd olunub ki, yeni mövsümə sentyabrın 23-24-25-də start veriləcək: "Tamaşanın premyerası ötən mövsüm keçirilib. Tamaşa Vətən müharibəsindəki tarixi qələbəmizə həsr olunub. Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azərpaşa Nemətovdur. İkinci tamaşa "Medeya" mono tamaşasıdır. Tamaşa teatrın Abbas-Mirzə Şərifzadə səhnəsində reallaşacaq. Üçüncü tamaşa isə “"Ah, bu uzun sevda yolu" tamaşasıdır. Mikayıl Müşfiqin nakam taleyinə həsr olunan tamaşa Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanıb. Bu tamaşanın da quruluşçu rejissoru Azərpaşa Nemətovdur".

Həmçinin vurğulanıb ki, yeni mövsümdə həm dünya, həm də Azərbaycan dramaturgiyasından yeni əsərlərin olacağı gözlənilir: "Gələn il Azərbaycanda teatrın yaranmasının 150 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar hadisəyə Akademik Milli Dram Teatrı öz töhfəsini verəcək".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından isə 113-cü mövsümün Şuşada açılacağı bildirilib. Qeyd olunub ki, sentyabrın 18-dən 24-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından isə vurğulanıb ki, teatr mövsümə "Qar Kraliçası" tamaşası ilə başlayacaq. Qeyd olunub ki, ilin sonuna qədər "Düyməcik" əsərinin rus bölməsi hazırlanır: "Teatrın quruluşçu rejissoru, Səidə Haqverdiyevanın "Üç donuz balası" adlı alman xalq nağılının hazırlanması da nəzərdə tutulur. Bundan əlavə, Kukla Teatrı üç festivala dəvət alıb. Onlardan biri də Qazaxıstanın Qaraqanda vilayətinin Akademik Musiqili Teatrının təşkil etdiyi festivaldır. Ölkəmiz bu festivalda Kamran Şahmərdanlının "Ağ və qara" tamaşası ilə təmsil olunacaq".

Azərbaycan Dövlət Akademik Balet Teatrından deyilib ki, yeni mövsümün açılışı sentyabrın 18-də olacaq: "Həmin gün Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" Operasının tamaşası göstəriləcək. Həmin tamaşada baş rolları, teatrın aparıcı solistləri, gənc muğam ustası Rəvanə Əmiraslanlı və əməkdar artist İlkin Əhmədov ifa edəcək. Ayın sonuna kimi daha bir neçə tamaşa da nümayiş olunacaq. Sentyabrın 22-də Qara Qarayevin "Yeddi gözəl" baleti, sentyabrın 24-də isə Gioachino Rossinin "Sevile Berbero" tamaşası nümayiş olunacaq. Bu tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı həm də Ukraynadan dəvət olunmuş opera ulduzlar da iştirak edəcək. Bundan əlavə, Zəfər günü ilə əlaqədar oktyabrın 2-də Vasif Adıgözəlovun "Natəvan" operasının baş tutacağı gözlənilir".

Azərbaycan Dövlət Pantomima Teatrından məlumat verilib ki, sentyabrın 24-də Bəxtiyar Xanızadənin "Pantomima buketi" tamaşası ilə mövsüm start götürəcək: "Teatrımız hər şənbə və bazar günləri axşam saat 18.00-da yeni tamaşalarla izləyicilərin qarşısına çıxır. Teatrda hazırda müxtəlif və yeni əsərlər üzərində bərpa işləri gedir. Hüseyn Cavidin “İblis”(eyni adlı əsərinin motivləri əsasında pantomim düşüncə) tamaşası üzərində iş gedir. Yəqin ki, 2023-cü ildə tamaşaçılara təqdim olunacaq".

Lənkəran Dövlət Dram Teatrından qeyd edilib ki, sentyabrın 16-da özünün 132-ci mövsümünə başlayacaq: "Həmin gün sənətsevərlərə teatrın baş rejissoru Anar Babalının qələmə aldığı və quruluş verdiyi "Haqqın 44 günü" tamaşası təqdim olunacaq. Bu səhnə əsəri Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılan böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə öz əksini tapıb. Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər".

Rus Dram Teatrından bildirilib ki, mövsümə sentyabrın 16-da Maqsud İbrahimbəyovun əsəri üzərində hazırlanan tamaşa ilə başlanılacaq. Qeyd olunub ki, 8 Noyabr üçün isə Aleksandr Şarovski "Qələbə" adlı musiqili dramatik kompazisiya hazırlayır.

banner

Oxşar Xəbərlər