• şənbə, 27 Aprel, 07:22
  • Baku Bakı 12°C

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib

30.01.23 14:04 671
Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

“Report” xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın Dövlət bayrağını şəhidin ailəsinə təqdim edib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

Orxan Rizvan oğlu Əsgərov 5 noyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindəndir. 1989-cu ildə 4 saylı Gəncə şəhər tam orta məktəbə daxil olub, 1998–1999-cu illərdə ABŞ-da təhsil alıb. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər” fakültəsində bakalavr, sonradan isə həmin universitetdə magistr təhsili alıb.

Azərbaycanın Rusiyada (2014–2015-ci illər), Ukraynada (2015–2016-cı illər) və Gürcüstandakı (2016–2017-ci illər) səfirliklərində hərbi diplomatik xidmət edib. 2018-ci ildə mühafizə rəisi vəzifəsinə yüksəlib və Türkiyənin İstanbul şəhərinə ezam olunub. 2021-ci ildən etibarən İran İslam Respublikasının Tehran şəhərində yerləşən səfirliyində hərbi diplomatik xidmətə başlayıb.

Şəhid O.Əsgərov ailəli idi, bir oğlu, bir qızı yadigar qalıb.

banner

Oxşar Xəbərlər