• bazar ertəsi, 29 aprel, 22:37
  • Baku Bakı 23°C

Yoxsulla zəngin arasında körpü quran bayram

10.04.24 05:50 2346
Yoxsulla zəngin arasında körpü quran bayram

“Adətən, bayram günü süfrələr açılır, xəstələrə baş çəkilir, qəbirüstü ziyarətlərə gedilir. İnsanlar bir-birini görürlər, təmasda olurlar və küsülülər barışır”

İslam dininin beş şərti var, onlardan biri də oruc tutmaqdır. Buna riayət edən, sağlamlığı imkan verən müsəlmanlar hər il 11 ayın sultanı olan Ramazanda bir ay oruc tuturlar. Bir ayın sonunda isə oruc dayandırılır və Ramazan bayramı qeyd edilir. Bu gün məhz o gün - Ramazan bayramıdır. Bəs bu bir ayda nə qazandıq? Bayramı necə qeyd etməliyik?

“İnsanlığa hansı dəyərlər lazımdırsa...”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, ilahiyyatçı alim Fuad Nurullayev deyir ki, bir ay oruc tutmaq insana böyük dəyərlər bəxş edir: “Oruc sözü ərəbcədən tərcümədə mənən, ruhən ən yüksək məqama qalxmaq deməkdir. Oruc tutan Ramazanda təkcə mədəsini ac saxlamır, eyni zamanda gözünə, dilinə, əlinə, ayağına - bütün bədən üzvlərinə diqqət edir. Dil yalan danışmasın, göz harama, günaha baxmasın. Dünya aclıq, susuzluqla üz-üzədir, paltarı olmayan insanlar var. Maddi-mənəvi ehtiyacları olan insanlar var. Orucluqda insan bir ay bunu yaşayır və onların nələr hiss etdiyini düşünür. Oruc tutan şəxs nəfsi ilə mübarizə aparır, iradəsini möhkəmləndirir. Bu ayda insanlar arasında səmimiyyət, mehribanlıq yaranır, bir çox səhv əməllərə tövbə edilir. Günahlar varsa, yadına düşür, Allahdan bağışlanmaq, saflıq, paklıq istəyir. İnsanlığa hansı dəyərlər lazımdırsa, onu Ramazanda insan layiqincə qazana bilir. Bir ay boyunca insan bu cəhətdən öz üzərində çalışdıqca, ilin digər 11 ayında da buna riayət edir”.

“Bayram günü oruc tutmaq olmaz”

İlahiyyatçı Ağa Hacıbəyli bildirdi ki, bu gün bayramdır və oruc tutmaq olmaz: “Bayram günü sübh namazı qılmaq üçün qalxırıq, amma bu, imsak deyil. Çünki bayram günü oruc tutulmur. Bayram günü oruc tutmaq haram sayılır. Sübh namazı bitdikdən sonra gözəl qusul alınır, ən gözəl paltar geyinilir, ətirlənilir və bayram namazı üçün məscidlərə üz tutulur. Çünki Ramazan bayramının önəmli tərəflərindən biri də ilahi təzimlə, təkbir sədaları ilə başlamasıdır”.

Qeyd edək ki, bəzi məscidlərdə bayram namazı saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.

Ağa Hacıbəyli bu namazın toplu halda qılınmasının bayramın mahiyyətinə daha uyğun olduğun deyir: “Bayram namazı vacib namaz deyil, amma Peyğəmbərimizin (s) ümməti bu namazın qılındığı yeri əfv fərmanının verildiyi, mələklərin endiyi məkan olaraq biliblər. Ona görə bu namazı toplu olaraq qılmağa çalışıblar. Hətta insanlar məscidə yerləşməzmiş, bir məkana toplaşar, bir yerdə qılarmışlar. Çalışmaq lazımdır ki, maksimum dərəcədə məscidlərdə qılınsın. Bakıda kifayət qədər məscid var. Kənd yerlərində məscid olmazsa, ailə, yaxud 5-6 qonşu da toplaşıb bir yerdə qıla bilərlər”.

“Namaz qılmayıb oruc tutanlar da bayram namazına qatıla bilərlər”, - deyə A.Hacıbəyli bildirdi.

Fitrə zəkatını nə zaman verməli?

İki rükətlik namazdan sonra bayramlaşma başlayır. Bayramın özəl tərəflərindən biri də fitrə zəkatının çıxarılmasıdır. A.Hacıbəyli hər kəsin buna diqqət etməli olduğunu bildirir: “Allahın Rəsulu (s.a.s.) buyurur ki, tutduğunuz oruclar səmadan asılı vəziyyətdədir. Fitrə sədəqəsini çıxarmaqla asılı vəziyyətdə olan orucunuzu Allah dərgahına qəbul etdirirsiniz. Bu, o deməkdir ki, cəmiyyətdə fəqir-füqəralar, yoxsul insanlar var və onları da sevindirməlisiniz. Bu bayram zəngin adamlarla yoxsullar arasında körpü qurur”.

Fitrə zəkatının nə zaman verilməsinə gəlincə, A.Hacıbəyli bunu bir cümlə ilə ifadə etdi: “Ramazan boyunca fitrənin çıxarılması müstəhəb - yəni bəyənilən, bayram günü vacib, bayramdan sonra isə məkruhdur -  yəni bəyənilmir”.

A.Hacıbəyli fitrənin hansı formada verilməsinin isə vəziyyətə görə dəyişdiyini bildirdi: “Ola bilər ki, kənd yerində fitrə sədəqəsinin məhsulla verilməsi daha məqbuldur, nəinki pulla. Ancaq şəhər yerində buğda, arpa, üzümdən daha çox pula ehtiyac olur. Kənddə də elə vəziyyət ola bilər ki, pulla yardım daha yaxşı olar”.

Minimum 10 manat fitrə 

Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının pulla hesablanmış məbləğini bu il adambaşına minimum 10 manatdan götürməyi tövsiyə edir. Fuad Nurullayev deyir ki, maksimum yardımın limiti yoxdur: “Fitrə sədəqəsinin adambaşına düşən minimum miqdarı üç kiloqram un və ya buğdanın qiyməti ilə hesablanır. QMİ tövsiyə edir ki, hər ailə üzvü üçün 10 manat hesablansa, gözəl olar. Təbii ki imkan varsa, daha çox yardım edək”.

Ağa Hacıbəylinin sözlərinə görə, fitrə zəkatı verən zaman əliaçıq olmaq lazımdır: “81 qram qızılı olan şəxs dinimizdə zəngin hesab edilir. Bu adam fitrə sədəqəsi çıxarmalıdır. Bəzən imkanlı şəxslər fitrə sədəqəsi çıxaran zaman maraqlanırlar ki, görəsən, Qafqaz Müsəlmanları İdarəsi fitrə sədəqəsini neçə manat təyin edib? 10 manat minimum rəqəmdir. Zəngin adamlarımıza üz tutub deyərdim ki, kisənizin ağzını açın”.

“Bayram təbriklərinə şəhid ailələrindən başlayaq”

A.Hacıbəyli fitrə zəkatının ehtiyacı olan insanlara verilməli olduğunu da dedi: “Sədəqə alan adamlar var, onlar bu günləri yaxşı bilirlər. Məscidlərdə gəlib yalvarıb-yaxarıb fitrə sədəqəsini alırlar. Fitrəni onlara deyil, doğru şəxsə vermək üçün kimə verəcəyinizi öncədən müəyyənləşdirin. "Qurani-Kərim"in bir ayəsində deyilir: "Bir insan bədəninin ayıb yeri açıq qalanda onu örtdüyü kimi, insan fəqirliyi olduğu zaman onu ört-basdır etməyə çalışır ki, kənardan bilinməsin. Əsl ehtiyaclı insanlar onlardır. Onları tapıb sevindirmək lazımdır”.
Hər iki din xadiminin məsləhəti belə oldu: “Bayram təbriklərinə mütləq qazilərdən, şəhid ailələrindən başlamaq lazımdır”.

Fuad Nurullayev deyir ki, müsəlman üçün bayram günah etmədiyi, yaxşı işlərlə məşğul olduğu gündür. Ona görə bu gün mümkün qədər yaxşı işlər görməyə çalışmaq lazımdır: “Adətən, bayram günü süfrələr açılır, xəstələrə baş çəkilir, qəbirüstü ziyarətlərə gedilir. İnsanlar bir-birini görürlər, təmasda olurlar və küsülülər barışır”.

Aygün

banner

Oxşar Xəbərlər