• cümə, 19 Aprel, 05:31
  • Baku Bakı 18°C

Sayğacın nə fərqi?

13.02.21 12:00 3913
Sayğacın nə fərqi?
"Azəriqaz”ın sayğac dəyişikliyi əhalini narazı salıb, qurum isə deyir ki...

"Dekabr ayının18-i "Azəriqaz” smart kartla olan sayğacı dəyişib mexaniki sayğac quraşdırdı. Yanvarın 1-i isə 458 kub qazın ödənişi gəldi. Mexaniki sayğacın hesablamalarına görə, 13 günə 82 manatlıq qaz işlətmişəm. Halbuki, bundan öncəki smart kartla 1 aya 45 manat qaz istifadə edirdim. Bu, necə olur? Smart sayğacla 1 aya 45 manat istehlak etdiyim halda nə baş verir ki, digər sayğacla 13 günə bu rəqəm 82 manat olur?”

Bu sözlər jurnalist Elşad Mətləboğluna aiddir. Elşadın qarşılaşdığı halla rastlaşan abonentlər kifayət qədərdir. Sosial şəbəkələrdə də müşahidə edirik ki, sayğacların dəyişdirilməsi və borcun ikiqat hesablanması insanlar arasında narazılıq yaradıb. Nə üçün əhalinin razı qaldığı sistemdən imtina olunur? Məqsəd nədir? Həqiqətdir ki, sayğaclar tam normal işləyirdi və əhalinin mütləq əksəriyyəti də bundan razı idi. Hər kəs bu sistemə öyrəşmişdi. Ən əsası isə öz cibinə və qaz sərfiyyatına nəzarət edə bilirdi. "Azəriqaz”ın saytında yerləşdirilən "Smart sayğacın hissələri haqqında məlumat və texniki göstəriciləri” başlıqlı məqalədə göstərilənlərə inansaq, bu tip sayğacların istismar müddəti müəyyən şərtlər daxilində 9 il olmalı idi. Lakin ötən il "Azəriqaz” bu sayğacları söküb yenidən ənənəvi mexaniki qaz sayğacları ilə əvəz etdi. Əsas kimi qeyd olunurdu ki, xaricdən ölkəyə idxal olunan bu sayğaclara arzuolunan texniki xidmət göstərmək mümkün deyil, özünü doğrultmur, bundansa Azərbaycanda istehsal olunan sayğaclar quraşdırılır ki, xaricə valyuta axını baş verməsin və sair. Əlqərəz, yenilikdən köhnəliyə keçid etdik. İndi isə "Azəriqaz” ənənəvi sayğacları sökür. Fevralın 1-dən etibarən Almaniya istehsalı olan yeni növ əvvəlcədən ödənişli "Zenner” markalı sayğacların quraşdırılmasına başlayır. Bu məqsədlə ölkəyə 30 min ədəd sayğac gətirilib.

"Yenə də həmin koordinat, həmin dalğadır”
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, istehlakçının şübhələnməsi üçün həmişə əsaslar olacaq: "Azəriqaz” təbii inhisar subyektinin saytında yalnız bir növ sayğac, "İTRON” firmasının istehsalı olan smartkart tipli sayğac haqqında məlumat var. Hansı ki, bunlar da mexaniki-elektron tipli ilə əvəz olunmağa başlayıb. Qalan sayğaclar haqqında məlumatlar rəsmi resursdan yığışdırılıb və ya ümumiyyətlə belə məlumatlar saytda açıqlanmayıb. İndi "Azəriqaz” rəsmi olaraq açıqlayıb ki, 1 fevral tarixdən daha bir yeni növ sayğaclar quraşdıracaq. Bu dəfə Almaniya istehsalı olan "Zenner” markalı sayğaclara üstünlük veriləcək. Qurum elan edib ki, bu sayğacların zavod tərəfindən quraşdırılan proqram təminatına qurum tərəfindən müdaxilə edilib və yeni, əlavə bir yerli proqram təminatları quraşdırılıb. Maraqlı məqam odur ki, bu proqram təminatının kim tərəfindən hazırlanması, aidiyyəti dövlət qurumu tərəfindən audit edilməsi, hansı funksiyanı icra etməsi haqqında heç bir kəlmə açıqlanmayıb. Yenə də həmin koordinat, həmin dalğadır. Xidməti satan da, tərəzini alıb ona müdaxilə edən də, tərəzidə çəkən də özüdür. Məlumatları emal edən proqram təminatını da özü hazırlayıb, alınan məlumatları da özü ötürür. Odur ki, biz yenə o fikirdə qalırıq ki, yuxarıda sadalanan funksiyalar xidməti verənin özündə qalacaqsa, hansı tip sayğacın qoyulmasından asılı olmayaraq, istehlakçının şübhələnməsi üçün həmişə əsaslar olacaq. Çünki sistemin mahiyyəti bu cür şübhələrə əsas yaradır”.
"Bəzi sayğaclar sərfiyyatı normaya uyğun hesablamayıb”

Energetika Nazirliyindən mətbuata verilən açıqlamaya görə isə bəzi sayğaclar sərfiyyatı normaya uyğun hesablamayıb: "Son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatlar yayılır. Bunu nəzərə alaraq, bu il ilin 25-27 yanvar tarixlərində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb. Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub. Sayğaclar ən çox şikayət olunan ərazilərdən – Xəzər, Sabunçu və Binəqədi rayonlarından seçmə üsulu ilə götürülüb. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib. Araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin hesabına yeniləri ilə əvəz edilib. Sayğacları əvəzlənmiş abonentlərin yeni sayğaclarından qazın sərfiyyat göstəriciləri çıxarılıb və 24 saat ərzində xronometraj olunub. Xronometrajın nəticələri yoxlamada iştirak etmiş abonentlərə izah olunub və onlar aparılmış araşdırmalardan razı qaldıqlarını bildiriblər. Eyni zamanda adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb”.

"İstismar müddəti bitmiş” ifadəsi düzgün deyil”
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, Energetika Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb: "Əslində, "istismar müddəti bitmiş” ifadəsi düzgün deyil. Çünki istismar müddəti başa çatmış sayğaclar artıq istifadəyə yararsızdır. Burada söhbət ondan gedir ki, narazı vətəndaşlara açıq qapı günlərində mexaniki elektron sayğaclarını yoxlamaya təqdim etmələrini demişdik. Həmçinin dövlət yoxlanış müddəti var ki, 5 ildən bir əhali abonent qrupunda tədqiq olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tətbiq etdiyi qaydalarla 5 ildən bir əhali abonent qrupunda sayğacları dövlət yoxlanışına götürülür. Həmin prosesdə də açıq qapı günlərində biz vətəndaşlara dedik ki, dövlət yoxlanışında sayğaclar necə yoxlanılır, gəlib baxa bilərlər. Eyni zamanda, mexaniki elektron sayğac istəməyən narazı abonentlərin iştirakı ilə sayğacların yoxlanışa götürülməsi üçün tam şəffaf şərait yaradılmışdı. Bir sözlə, "istismar müddəti bitmiş” ifadəsi düzgün deyil. Artıq ödəniş qeydə alınmayıb, belə bir hal təsdiqlənməyib. Sadəcə, oradakı cümlə qəlizdir, hamı elə başa düşüb ki, abonent artıq ödəniş edib”.
"İstehlakçıların hüquqlarını tam təmənnasız qoruyaram”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qeyd edib ki, istehlakçılardan hər gün sayğaclarla bağlı şikayətlər qəbul edirlər: "İstehlakçılar düşünür ki, dəyişdirilən sayğaclar çox yazır. AİB sayğaclarla bağlı müəyyən tədqiqatlar aparıb. Məlum olub ki, istehlakçıların bu fikirləri haqsızdır. Ona görə də "Azəriqaz” İB ilə danışıq nəticəsində belə qərar verildi ki, fevral ayının 1-dən istehlakçıların seçim hüququ tam təmin edilsin. Yəni istehlakçı istəyərsə, smart tipli sayğac, istəməzsə də elektron-mexaniki sayğac qoyular. Qeyd edim ki, bu sayğaclar mexaniki olsa da, ağıllı sayğaclardır, çoxlu funksiyaları var. İstehlakçıların seçim hüququ var, bununla bağlı hər hansı problemləri olarsa, buyursunlar, bizə müraciət etsinlər: 012 441 28 33 nömrəsi ilə əlaqə saxlasınlar, onların hüquqlarını tam təmənnasız qoruyarıq”.

Hazırda istifadədə olan sayğaclar hansı xüsusiyyətlərinə görə fərqlənir?
"Azəriqaz”dan verilən məlumata görə, öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir. Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.

Mexaniki-elektron sayğacda isə əksinə, abonent təbii qazdan öncədən istifadə edir və istifadə etdiyi qazın dəyərini sonradan ödəyir. Öncədən ödəniş tipli sayğacda ödəniş edilməsi karta məbləği yükləməklə terminallar vasitəsi ilə mümkün olur, mexaniki-elektron sayğacda isə ödəniş 30 gün müddətində terminallar, bank və internet resursları, bank kartı, mobil tətbiqlər vasitəsi ilə həyata keçirilir. Öncədən ödəniş tipli sayğacda vəsait bitdikdə qaz təchizatı sayğacın daxilindəki klapan vasitəsi ilə günün hər hansı bir vaxtında avtomatik rejimdə dayandırılır, adi mexaniki-elektron sayğacda isə qaz təchizatı dayandırılmır. Mexaniki-elektron sayğacın üzərinə kompakt ötürücü qurğu (sensor) quraşdırıldıqda isə abonent tərəfindən 30 gün müddətində qazın dəyəri ödənilməzsə, qaz təchizatı həmin qurğu vasitəsi ilə dayandırıla bilir.
Öncədən ödəniş tipli sayğacla müqayisədə mexaniki-elektron sayğac vasitəsi ilə hansısa bir zaman kəsiyində istifadə edilmiş qazın həcmini abonent asan müəyyən edə bilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Avropanın əksər ölkələrində öncədən ödəniş tipli sayğacdan istifadə çox azdır.
Seçim vətəndaşındır...
Əhalinin narazılığını nəzərə alan "Azəriqaz”ın baş direktoru Ruslan Əliyev də seçimi vətəndaşların ixtiyarına verdiklərini bəyan edib: "Hörmətli abonentlər, müştəri məmnuniyyətini daim üstün tutan "Azəriqaz” İstehsalat Birliyi dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi sizin ixtiyarınıza verib. Yəni siz əvəzlənəcək sayğacın yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilərsiniz. Hesab edirəm ki, "mexaniki-elektron sayğacım sərfiyyatı çox qeydə alır” deyən abonentlər üçün də əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı yeni sayğaclar quraşdırıldıqdan sonra onlar da razı qalacaqlar. Narahat olmayın, kifayət qədər əvvəlcədən ödənişli sayğacımız var, istəkləriniz yerinə yetiriləcək”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər