Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar? - Fotolar

Bir müddət əvvəl assambleyada sinələrinə şəkil yapışdırıb insan hüquqlarının müdafiəçisi kimi çıxış edənlər Ermənistan prezidentinə etiraz etməyə ehtiyac duymadılar
Avropa Şurası ParlamentAssambleyasının (AŞ PA) qış sessiyası yanvarın 22-də öz işinə başlayıb. Yanvarın 26-na qədər
davam edəcək qış sessiyasında müzakirəyə çıxarılan məsələlər əsasən münaqişə
zonalarındakı humanitar fəlakətlər, sülhün əldə olunması, dözümlülük və
tolerantlıq, Avropada anti-semitizm, islamofobiya və ksenofobiya hallarının
artması ilə bağlıdır. Bu mötəbər tədbirdə iştirak edən millət vəkillərimiz
Azərbaycanla bağlı müxtəlif məruzələrlə çıxış etməkdə, Ermənistanın işğalçılıq
siyasətini, Dağlıq Qarabağ problemini avropalı deputatların diqqətinə növbəti
dəfə çatdırmaqdadırlar. Bu baxımdan, ötən bir neçə gün AŞ PA-da Azərbaycanla
əlaqəli baş verənlər xüsusilə diqqət çəkməkdədir.Belə ki, millət vəkili Qənirə
Paşayevanın böyük dəstəyi ilə Azərbaycan Demokratiya və İnsan Haqları
İnstitutunun rəhbəri, hüquq
müdafiəçisi Əhməd Şahidov AŞ PA üzvlərini, o cümlədən qurumun vitse-prezidenti
cənab Georgi Loqvinskini Ermənistan girovluğunda saxlanılan Dilqəm Əsgərov və
Şahbaz Quliyev barədə məlumatlandırıb. Ermənistan prezidenti Serj Sarkisyanın
AŞ PA-da çıxışı nəzərdə tutulduğundan Avropa Şurasının binasında girovlarımızın
şəkillərinin asıldığı xüsusi stend də quraşdırılıb. Hansı ki, yanvarın 24-də Ermənistan
prezidenti, erməni deputatlar, ümumilikdə AŞ PA üzvləri məhz bu stendin önündən
keçərək sessiya keçirilən zala daxil olublar. Təbii olaraq onların hər biri
istər-istəməz bu stendə diqqət yetiriblər.

Ə.Şahidov AŞPA-nın qış
sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz
etiraz aksiyası keçirib. S.Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni
işğalçıları tərəfindən girov götürülən Ş.Quliyev və D.Əsgərovun fotolarını
tutub, erməni prezidenti ifşa edib. Sonradan bu barədə sosial şəbəkədə məlumat
açıqlayaraq bildirib ki, aksiya zamanı əyləşdiyi sektorda ondan başqa hamı erməni
olsa da, aksiyanın qarşısını almaq üçün heç nə edə bilməyiblər. Sessiyada çıxış
edən S.Sarkisyan çıxışını bir anlıq da olsa dayandırıb, başını qaldıraraq girovların
fotolarına baxıb.Yalnız məsələyə AŞ PA-nın təhlükəsizlik xidmətinin
əməkdaşları qarışdıqdan sonra hüquq müdafiəçisi zaldan çıxarılıb. Ə.Şahidovun
Azərbaycan maraqlarına hesablanan bu addımı birmənalı olaraq təqdir olunur,
razılıqla qarşılanır. Bunu onun "Facebook” sosial şəbəkəsində səhifəsinə
yazılan rəylərdən, cəmiyyət üzvləri arasında aparılan söhbətlərdən, medianın
təqdim etdiyi xəbərlərdən açıq-aydın hiss etmək olar.

Lakin təəssüflər olsun ki,
hüquq müdafiəçisi adına iddia edən, söz azadlığı və jurnalistikanı şəxsi
maraqları üçün vasitəyə çevirən bəzi şəxslər bu cəsarətin, bu təşəbbüskarlığın
sahibi deyillər. Xarici dairələrin təsiri altında öz Vətəninə arxa çevirən,
ölkəmizin ünvanına zaman-zaman heç bir əsası olmayan ittihamlar səsləndirən,
müxtəlif iddialar irəli sürən Leyla Yunus, Emin Hüseynov, Qənimət Zahid, Emin
Milli, Orduxan Teymurxanlı, Həbib Müntəzir kimi antimilli ünsürlər Azərbaycan
maraqlarını müdafiə etmirlər. Saxta vətənpərvərliyi, qaraguruhçuluğu özlərinə
peşə seçmiş bu adamlar sığındıqları xarici ölkələr üzərindən Azərbaycana qarşı "səlib
yürüşünə” keçir, ölkəmiz barədə beynəlxalq aləmdə yanlış ictimai rəy
formalaşdırmağa çalışırlar.

Xatırlayırsınızsa, 2014-cü
ildə Prezident İlham Əliyev AŞ PA-da çıxışı zamanı adları qeyd olunan şəxslərin
bəziləri sessiyanın keçirildiyi zalda, həmçinin qurumun binası önündə etiraz
aksiyası keçirmişdilər. Onlar ağızlarına qara lent yapışdırmaqla, üzərində
"siyasi məhbus” şəkli olan köynəkləri əyinlərinə geyinməklə zalda ayaqüstə
dayanıb etirazlarını bildirmişdilər. Bununla guya ki, Azərbaycanda insan hüquq
və azadlıqlarının kobud şəkildə pozulduğunu, hüquq müdafiəçisi və
jurnalistlərin həbsə atıldığını, susdurulduğunu nümayiş etdirmək istəmişdilər.
Onların bu hərəkətinin davamı olaraq, AŞ PA sessiyasında iştirakçı olan bəzi
ermənipərəst deputatlar eyni məqsədə xidmət edən, təxribat yaratmağa
hesablanan, qaynağı dezinformasiya olan suallarla Azərbaycan Prezidentinə
müraciət etmişdilər.Təbii ki, dövlət başçısı
ona ünvanlanan suallara sərrast və konkret cavablar verməklə bu qarğa-quzğun
sürüsünü susdurmuşdu. Ancaq burada diqqət çəkən iki məqam üzərində dayanmaq istərdik.
O zaman sessiyada ağızları yapışdırılmış, tikilmiş etirazçı gəncləri heç bir
təhlükəsizlik qüvvəsi, AŞ PA-nın hər hansı nümayəndəsi zaldan çıxarmağa cəhd
etmədi. Təhlükəsizlik əməkdaşları yalnız baş verənləri seyr etməklə
kifayətləndi. Bununla bağlı yayılan foto və videolardan da göründüyü kimi,
onlar sessiya başa çatana qədər zalda qaldılar. Amma hüquq müdafiəçisi Ə.Şahidovun
yanvarın 24-də təkbaşına, tam sivil formada, səssiz aksiyasına, həqiqətləri
əlindəki şəkillərlə dilə gətirməsinə, Ermənistan prezidentinin əsl mahiyyətini
ortaya qoymasına, onu ifşa etməsinə AŞ PA-nın təhlükəsizlik əməkdaşları dözümlü
yanaşa bilmədi. İsrarla hüquq müdafiəçisinin zaldan çıxmasını tələb və təkid
etdilər, sonda buna nail oldular. Bu faktın özü Avropanın mötəbər qurumunda
reallıqların nədən ibarət olduğunu əyani şəkildə növbəti dəfə ortaya qoyur.

Digər məqam 2014-cü ildə AŞ
PA-da keçirdikləri etiraz aksiyaları ilə Qərb mediasının gündəmini bəzəyən
"qəhrəmanlar”ın Ermənistan prezidenti S.Sarkisyanın AŞ PA-dakı çıxışı zamanı
orada olmamalarıdır. Əgər onlar iddia etdikləri kimi vətənpərvər, xalq, millət
təəssübkeşi olsaydılar, məntiqlə o zalda hamıdan birinci olmalıydılar. Çünki, ümummilli
maraqlar olan yerdə şəxsi maraqlar hər zaman arxa plana keçməlidir. Həmin gün
orada çıxış edən şəxs Azərbaycanın 20 faiz ərazisini işğal edən, indiyə qədər
işğal altında saxlayan, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi
köçkünə çevirən, 30 mindən çox insanımızın şəhid olmasına, 50 mindən artıq
vətəndaşımızın sağlamlıqlarını itirməsinə səbəbkar olan düşmən dövlətin –
Ermənistanın prezidenti idi. Damarında azərbaycanlı qanı axan, Vətənini, millətini
düşünən istənilən kəs bu fürsətdən maksimum yararlanmağa çalışardı. Amma
antimilli ünsürlərdə bu qeyrət olmadığı üçün orada olmadılar. Tutaq ki, sən
Azərbaycan hakimiyyətindən, mövcud iqtidardan küskünsən, bəs Vətəninə, ölkənə,
onun milli-dövlətçilik maraqlarına, mənsub olduğun xalqa niyə arxa çevirirsən?
Məgər Xocalı soyqırımının törədilməsində bilavasitə iştirakçı olan
S.Sarkisyana, azərbaycanlıları ölkəsində girov saxlayan Ermənistan prezidentinə
etiraz etmək vətənpərvərlikdən qaynaqlanmırmı?

Bütün bu faktlar bir daha
ona dəlalət edir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə
sığınanların bir qismi sonrakı davranışlarında ölkəmizə qarşı səmimi münasibət
sərgiləmirlər. Vətən, millət, xalq təəssübkeşi kimi özlərini beynəlxalq
ictimaiyyətə sırımaq istəyənlər əsil gerçəklikdə Azərbaycanı istəməyən
qüvvələrin, erməni diasporunun maliyyələşdirdiyi təşkilatlara sığınaraq, məhz
onların təlimatları ilə hərəkət edirlər. Bu insanlar öz ağalarını, əllərində
alətə çevrildikləri qüvvələri narazı salmamaq, Vətəni satmaq müqabilində
alacaqları 5-10 manatı itirməmək üçün hər vasitəyə əl atırlar.
Rufik
İSMAYILOV
