• şənbə, 05 Iyul, 17:04
  • Baku Bakı 25°C

Qəhrəmanlığı ilə əbədiyyət qazanan zabit - ANIM

05.07.25 01:44 147
Qəhrəmanlığı ilə əbədiyyət qazanan zabit - ANIM

Elçin Şükürov Bakıda müqəddəs ruhların uyuduğu Şəhidlər Xiyabanında dəfn olunub. Vətəni uğrunda həyatını qurban verən qəhrəmanların əbədi istirahət yeri olan bu xiyaban indi xalqın öz oğul və qızlarını ehtiramla yad etdiyi məkana çevrilib.

Birinci Qarabağ müharibəsi Azərbaycanın tarixinin ən faciəli və qəhrəmanlıqla dolu mərhələlərdən biri olub. Müstəqilliyimizin ilk illərinə, dövlətçiliyimizin, hərbi-siyasi, iqtisadi gücümüzün zəif dövrünə təsadüf edən bu müharibə xalqımızın ürəyində mübarizə ruhunu oyadıb. 1991-1994-cü illəri əhatə edən qanlı-qadalı günlərdə hərbçilərimiz öz sağlamlıqlarını, həyatlarını Vətənin gələcəyi uğrunda qurban verib, ən ağır şərtlər altında ölkənin ərazi bütövlüyünü qorumağa çalışıblar. 

Adı hər zaman igidlik simvolu kimi anılır

Bu çətin dövrdə hərbçilərimizlə yanaşı, bir çox mülki vətəndaşlar könüllü olaraq Vətəni müdafiə etmək üçün ayağa qalxıb, silaha sarılıb, görünməmiş qəhrəmanlıq göstəriblər. Belə mərd insanlardan biri də Şükürov Elçin Siyavuş oğludur. Adı hər zaman igidlik, fədakarlıq simvolu kimi anılan Elçin Şükürov 6 sentyabr 1962-ci ildə Bakıda anadan olub. Qəhrəmanımızın yaxınları onu sakit, yaxşı və mənəvi cəhətdən düzgün bir insan olaraq xatırlayırlar. 

Uşaqlıqdan təhsilə, idmana və xarici dilləri öyrənməyə maraq göstərən Elçin 1979-cu ildə 159 saylı orta məktəbi bitirdikdən sonra dənizçi peşəsinə böyük maraq göstərib. Lakin valideynlərinin məsləhətini dinləyib, coğrafiya fakültəsində ali təhsil almaq üçün sənədlərini Bakı Dövlət Universitetinə verib. 

Xocalı soyqırımı həyatını köklü şəkildə dəyişdi

1984-cü ildə ali təhsilini başa vuran Elçin Şükürov əvvəlcə geodeziyaçı işləyib, sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun elmi işçisi olub. O, elmi sahədə daha böyük uğurlara imza atmağı hədəfləyib. Lakin 1992-ci ilin fevralında ermənilərin Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımı onun həyatını köklü şəkildə dəyişib. Yaşadığı acı onun ruhuna dərindən təsir edib, sarsıdıb. Xocalı soyqırımı yalnız itkini simvollaşdırmayıb, həm də Elçinin içində Vətənini qorumaq üçün sönməz bir arzu yaradıb. Bu daxili çağırışa cavab olaraq, o, elmi sahədə fəaliyyətini sonlandırıb, könüllü olaraq Milli Ordu sıralarına qoşulub, Vətənin müdafiəsinə qalxıb.

Ən çətin döyüşlərdə iştirak edir

Qeyd edək ki, 1992-ci ilin martında 772 saylı yeni briqada yaradılıb. Hərbçilər arasında “İnterbriqada” adlanan bu birlikdə Azərbaycanın müxtəlif millətlərinin nümayəndələri təmsil olunub. Bu briqada Azərbaycan xalqının birliyini və həmrəyliyini nümayiş etdirib, hər kəsin ümumi təhlükə qarşısında birləşdiyi bir dövrün təcəssümü olub. Briqada Bakı yaxınlığında intensiv hərbi təlimlər keçdikdən sonra Qarabağa göndərilib və ən çətin döyüşlərdə iştirak edib. Bu briqadanın şəxsi heyətinin üzvü olan baş leytenant Elçin Şükürov da Qarabağın qaynar nöqtələrində düşmənə qarşı vuruşub. O, hərbi əməliyyatlarda özünü yalnız cəsur bir zabit kimi deyil, həm də ən çətin döyüş tapşırıqlarını yerinə yetirə bilən peşəkar hərbçi kimi göstərib. Elçin Şükürovun döyüş yoldaşları onu cəsur, qorxmaz, təvazökar, öz uğurlarına və nailiyyətlərinə nümayişkaranə şəkildə sevinməyən, qəhrəmanlıqları ilə öyünməyən biri kimi xatırlayırlar.

Təkbaşına 28 erməni hərbçisini məhv edib

Elçin Şükürovun iştirak etdiyi ən mühüm hərbi əməliyyatlar Ağdərənin müdafiəsi uğrunda döyüşlər olub. Son damla qanına kimi Vətən torpağını qoruyan Elçin Şükürov 1992-ci il iyulun 4-də şəhər erməni işğalçılarından azad edilərkən düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. O, öz ölümü bahasına döyüş yoldaşlarının təhlükəsizliyini təmin etməyi bacarıb.
Yaşadığı şərəfli ömür yolu, iştirak etdiyi döyüşlərlə Elçin Şükürov yalnız Vətən borcunu yerinə yetirməyib, həm də həqiqi vətənpərvərliyin nümunəsi olub. Vətəni qorumaq onun üçün yalnız vəzifə deyil, müqəddəs bir missiya olub. Təkcə son döyüşdə təkbaşına 28 erməni hərbçisini məhv edib. Bununla bir daha sübut edib ki, ruhun gücü və Vətən sevgisi hər bir çətinliyi dəf etməyə qadirdir.

Elçin Şükürov Bakıda müqəddəs ruhların uyuduğu Şəhidlər Xiyabanında dəfn olunub. Vətəni uğrunda həyatını qurban verən qəhrəmanların əbədi istirahət yeri olan bu xiyanan indi xalqın öz oğul və qızlarını ehtiramla yad etdiyi məkana çevrilib.

Xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq

Azərbaycanı canından artıq sevən, vətənini müdafiə etmək üçün həyatını fəda edən Elçin Şükürov onu hörmətlə yad edənlərin, o cümlədən ailəsinin həyatında əsl qəhrəman kimi silinməz izlər qoyub. Nə qədər ki, müstəqil Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var, Elçin Şükürov kimi qəhrəmanların xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. 

Sevindirici haldır ki, qəhrəmanlığı ilə əbədiyyət qazanan zabit Elçin Şükürovun oğlu Vahid Şükürov da atasının qoyub getdiyi Vətən əmanətinə sahib çıxır, öz ölkəsinə və dövlətinə şərəflə xidmət edir. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sektor müdiri vəzifəsində çalışan Vahid Şükürov Azərbaycanın turizm potensialını, maddi-mədəni irsini beynəlxalq aləmdə tanıdır. O, əzmlə çalışır, əcnəbi dillərdə yazdığı məqalələrlə və ərsəyə gətirdiyi sənədli filmlərlə Vətəninin zəngin tarixini, nailiyyətlərini dünyaya çatdırır. Bununla da ataların canı-qanı bahasına göz bəbəyi kimi qoruduğu Vətəni övladlar daha da inkişaf etdirir, qurur, yaradır və əbədi yaşadır.

Ərturan İSMAYIL

banner

Oxşar Xəbərlər