• şənbə, 05 Iyul, 10:11
  • Baku Bakı 23°C

Ürək tutmaları sükan arxasında da problem yaradır

23.07.20 21:47 538
Ürək tutmaları sükan arxasında da problem yaradır
Bütün dünya üzrə ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında ilk yerlərdədir. Hər kəs bilir ki, ürəkdə hansısa problem yaranan kimi həkimə müraciət etmək mütləqdir. Bundan əlavə, hər kəs əsas ürək-damar xəstəlikləri və bununla bağlı yaranan problemlər haqqında əsas biliklərə malik olmalıdır.

Ürək tutmaları çox vaxt sükan arxasında olarkən də problem yaradır. Yol qəzaları zamanı sürücü və ya sərnişin xəsarət almasa da, keçirdiyi stressdən ürəyi tutur və bu da əlavə narahatlıq yaradır. Odur ki, mümkün olduğu qədər bu xəstəliklərin əlamətləri və ilkin tibbi yardım metodları haqqında məlumatlı olmalıyıq.

Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əmələ gələ bilər. Əvvəl döş sümüyü arxasında sıxıcı ağrılar başlayır, sonra onlar kəsici xarakter alır.

İnsan hava çatışmazlığı hiss edir, zəifləyir. Ağrı sol çiyinə, sol kürəyə yayılır. Ağrı tədricən çoxalır, xəstə halsızlıq və qorxu hiss etməyə başlayır. 10-15 dəqiqədən sonra ağrı tədricən azalır, xəstə tutmadan sonra özünü zəif və yorğun hiss edir. Bu stenokardiya tutmasıdır. Stenokardiya tutmaları ürəyin işemik xəstəliyinə xas olan bir əlamətdir.

Stenokardiya tutması zamanı ilk tibbi yardım qaydaları belə olmalıdır:

- Əgər ağrı fiziki gərginlik zamanı baş veribsə, işi dərhal dayandırmaq və imkan olduqca rahat şəkildə, ayaqları aşağı sallamaqla oturmaq lazımdır. Xəstənin ayaqlarını xardal qatılmış isti suya salın. Stenokardiya tutması zamanı uzanmaq olmaz! Bu vəziyyətdə qan bədənin yuxarı hissəsinə yönəlir və bu halda ürək daha çox yüklənir.

- Təmiz havanın daxil olmasına şərait yaradın (pəncərəni açmaq, nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini açmaq).

- Nitroqliserin (0,0005 qr.) həbini (tabletini) xəstənin dilinin altına qoyun və ehtiyac olduğu halda 3-5 dəqiqədən sonra 3 dozayadək atırmaqla təkrar edin. Nitroqliserin həbi qəbul etdikdən sonra baş ağrısı başlaya bilər. Bundan qorxmayın, bu baş ağrısı tez bir zamanda keçəcək. Hal hazırda nitroqliserin sprey şəklində də buraxılır.

Diqqət edin ki, nitroqliserin yalnız yüksək təzyiq zamanı verilməlidir. Əks halda təzyiq aşağı olanda, nitroqliserin onu daha da aşağı salacaq və bu da komaya səbəb ola bilər.

- Xəstəyə 1 həb (tablet) aspirin (0,5 qr.) verin (çeynəmək üçün).

- Əgər xəstə çox həyacanlanırsa, ona sakitləşdirici bir dərman vermək olar.

Əgər 3 doza nitroqliserin qəbul etdikdən sonra ağrı keçib getməzsə, dərhal "təcili yardım” çağırın – çünki bu, xəstədə miokard infarktının baş verməsinin əlaməti ola bilər!

İNFARKT HAQQINDA BUNLARI BİLMƏLİYİK

Ən çox yayılmış və bəzən ölümə aparan ürək problemi – infarktdır. İnfarkt (miokard infarktı) ürək damarlarının bağlanması nəticəsində inkişaf edən patoloji haldır. Damar bağlananda qan ürəyə daxil olmur və ürək əzələsində 20 dəqiqədən sonra nekroz prosesi (ürək hüceyrələrinin məhv olunması) başlayır.
Həkimlər qeyd edir ki, xəstəyə infarkt başlayandan 1,5-2 saat (buna "terapevtik pəncərə” deyilir) ərzində ən effektli kömək etmək olar. 2 saatdan sonra müalicənin effektivliyi kəskin azalır, ağır pozulmaların (əlillik, ölüm) riski isə artır.

Bu səbəbdən infarktın diaqnozu nə qədər tez qoyularsa və xəstə xəstəxanaya nə qədər tez çatdırılarsa, onun həyatda qalmaq şansı da o qədər yüksək olacaq. Bu səbəbdən hər kəs infarktın simptomlarını və infarkt zamanı ilk yardım qaydalarını bilməlidir.

Sizi infarktın əsas simptomları ilə tanış edirik:

- Ürək nahiyəsində çox güclü, dözülməz ağrı (xəstələr bu ağrını təsvir edəndə deyirlər ki, "ürəyə sanki xəncər batırıblar”). Ağrı stenokardiya ağrısından qat-qat daha güclüdür. Ağrı kürəyə, qola, çənəyə, qarının yuxarı hissəsinə yayıla bilər. Əgər siz ürək tutması zamanı adətən nitroqliserin qəbul edirsinizsə, infarkt zamanı nitroqliserin yardım etməyəcək.
- Ürəkbulanması, bəzən qusma
- Güclü narahatçılıq hissi (insan özünə yer tapa bilmir)
- Ölüm qorxusu
- Soyuq tər
- Güclü zəiflik
- Baş gicəllənməsi, bəzən bayılma
- Təngənəfəslik
- Ürək ritminin pozulması (gah tez-tez vurur, gah seyrəlir).
-Bəzən mədə xəstələri infarktı mədə ağrısı hesab edirlər

İlk yardım:
- Dərhal "təcili yardım” çağırın (tel - 103). İnfarkdan şübhə etdiyinizi qeyd edin.
- Xəstəni yarıoturaq vəziyyətdə otuzdurun (uzatmaq olmaz!)
- Otağın pəncərəsini açın ki, hava axını artsın
- Xəstənin yaxasını açın, kəmərini boşaldın
- 1 iri həb aspirin verin (xəstə onu çeynəməlidir)
- Xəstənin təzyiqi yüksəkdirsə, dilin altına nitroqliserin həbini qoyun. Hər 5 dəqiqədən bir nitroqliserin verin (3 dəfədən çox olmaz). Təzyiq aşağıdırsa və ya təzyiqi ölçməyə imkan yoxdursa nitroqliserin vermək olmaz, bu kollaps və komaya səbəb ola bilər.

Bəzən elə olur ki, xəstə evdə təkdir. Bu halda imkan daxilində özünüzə yuxarıda sadalanan yardım edin və mütləq çöl qapısını açıq qoyun ki, bayılma baş verərsə həkimlər vaxt itirmədən evə daxil ola bilsin

5 ürək infarktında 1-i əlamətsiz və ya zəif əlamətlərlə keçir. Bunlar daha təhlükəli forma sayılır. Ona görə də deyə bilərik ki, infarkt zamanı ağrı xəstə üçün bir şansdır.

Ürək infarktı keçirirəm...

Əgər siz özünüz infarkt keçirməyinizdən şübhələnirsinizsə, hər şeydən əvvəl ən yaxında olan tanıdığınızı çağırın. Təcili yardıma xəbər verin. Təksinizsə və yardım çağırmısızsa, qapını açıq qoyun. Rahat bir yerdə arxası üstə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzanın və mümkünsə ayaqları qaldırmaq lazımdır. Eləcə də, tez-tez öskürmək faydalıdır. Ayaqüstə durmaq olmaz. Bu zaman ağrı keçsin deyə duşa girmək, hər hansı idman hərəkəti etmək olmaz, bu hətta ölümə səbəb ola bilər. Varsa 1 tablet aspirin qəbul edin, bu qanı durultmağa kömək edir. Mümkün qədər hərəkətsiz olmaq lazımdır ki digər orqanlara qan az getsin və ürək bu vəziyyətdə gücə düşməsin.

Avtomobil sürərkən infarkt başlarsa...

Əgər avtomobil idarə edərkən sinədə kəskin ağrı başlarsa və hələ huşunuz özünüzdədirsə, tez avtomobili yol kənarına çəkin. Avtomobilin qapısını açın. 20 saniyədən sonra huşunuz itə bilər. Ona görə avtomobilin arxasına keçib ayaqlarınızı yuxarı-avtomobilin üstünə qoyun. Bu vəziyyətdə ürəyə daha çox qan gələcək. Burnunuzu tutub öskürün. İmkan varsa təcili yardıma zəng edin. Sizi bu vəziyyətdə görənlər sizə yardım edəcəklər. Burnunuzu tutub öskürün. Bütün bunlar sizə xəstəxanaya çatdırılmanız üçün zaman artırır. İmkan varsa təcili yardıma zəng edin.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən "Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

banner

Oxşar Xəbərlər