• bazar, 22 Iyun, 08:12
  • Baku Bakı 21°C

QİÇS xəstəliyi daha təhlükəli deyil?

14.07.16 13:32 1900
QİÇS xəstəliyi daha təhlükəli deyil?
20-ci əsrin vəbası hesab edilən QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır. APA-nın xəbərinə görə, avstraliyalı elm xadimləri ölkədə bu xəstəliyin təhlükəli həddə olmadığını açıqlayıblar. ABC telekanalı bildirir ki, son zamanlarda QİÇS-ə yoluxan avstraliyalıların sayı yox deyiləcək qədər azdır. Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur: "İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar”.
Mütəxəssislər bildirirlər ki, hazırda QİÇS-ə səbəb olan HİV-lə mübarizə davam edir: "QİÇS əsasən səbəbi müəyyən edilməmiş HİV-ə yoluxma zamanı ortaya çıxır. Bu xəstəliyin müalicəsi zamanı qəbul edilən dərman preparatlarının tərkibi və keyfiyyəti önəmlidir. HİV-ə yoluxan xəstələr bu dərmanlar sayəsində uzun ömür yaşayırlar və ölüm təhlükəsindən uzaq olurlar”.
Avstraliya QİÇS-lə Mübarizə Federasiyası hesab edir ki, xəstəliklə mübarizədə ölkələrin əməkdaşlığı vacibdir: "Avstraliyada görülən tədbirlər sayəsində müsbət nəticə əldə etmək mümkün olub”.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? QİÇS təhlükəli xəstəliklər sırasından çıxarılmalıdırmı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, QİÇS xəstəliyinə qarşı hazırlanan keyfiyyətli dərman preparatları xəstəliyin təhlükəsini xeyli azaldıb: "HİV virusuna qarşı çox keyfiyyətli dərman preparatları hazırlanıb. Əlbəttə, bu dərmanlar xəstəliyin tam şəkildə orqanizmdən çıxarılmasını təmin edə bilməsələr də, xəstənin ömrünün uzadılması və həyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə bilirlər. Məhz buna görə də bu xəstəlik təhlükəli xəstəliklər kateqoriyasından çıxarılır. Ümumiyyətlə, zaman-zaman bu kimi müxtəlif faktlar təkrarlanır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrində dörd karantin infeksiyası var. Bunlara vəba, taun, təbii çiçək və sarı qızdırma daxildir. Yaşlı nəslin nümayəndələrinin qoluna fikir versəniz, görərsiniz ki, onlarda təbii çiçəyə qarşı vaksinasiyanın izləri var. Hazırda gənc nəsildə təbii çiçəyə qarşı vaksinasiya edilmir. Çünki ÜST-nin qərarına əsasən, təbii çiçək reyestrdən çıxarılıb və ona qarşı vaksinasiya aprılmır. Bu gün çiçək qorxulu infeksiyalar sırasında deyil. İndi onun yerinə qrip əlavə edilib. HİV virusu da bu sıraya daxildir”.
A.Qeybullanın sözlərinə görə, bu sahədə maarfiləndirmə işi mühüm rol oynayır: "Bu sahədə aparılan tədqiqatlar, əldə olunan nailiyyətlər, yeni preparatlar bu xəstəliyi çox təhlükəli xəstəliklər kateqoriyasından çıxarır. QİÇS-ə yoluxmuş xəstələr rahat yaşaya, öz əmək fəaliyyətini davam etdirə bilirlər. Keyfiyyətli dərmanlar xəstələrin yaşam müddətini və keyfiyyətini uzadır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan kimi bir ölkədə bu qorxulu infeksiyanı nəzərdən qaçırmaq, ona ciddi əhəmiyyət verməmək qətiyyən düzgün deyil. Hesab edirəm ki, bu cür xəstələrin maksimum şəkildə qayğısına qalmaq lazımdır. Həmçinin xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər həyata keçirilməlidir. Bunlardan ən mühüm olanı isə televiziyalarda bu sahədə tibbi təbliğat, maarifləndirmə işinin aparılmasıdır. Bu gün Azərbaycan kimi kiçik bir ölkədə bu xəstəlikdən əziyyət çəkənlərin sayı çoxdur. Statistik rəqəmlər narahatedicidir. QİÇS xəstəliyi bizə adətən Rusiyadan daxil olur. Hətta bütöv bir ailənin bu xəstəliyə yoluxması kimi dəhşətli faktlar var. Ona görə də bu sahədə vəziyyət bir o qədər də ümidverici deyil. Azərbaycan daxilində bu xəstəliyə diqqət ayrılmalı, onun yayılmasının qarşısını almaq üçün maksimal tədbirlər görülməlidir”.
Sağlam Həyat və İnkişaf İctimai Birliyinin rəhbəri Ceyhun Eminbəyli isə qeyd edir ki, QİÇS-in təhlükəli xəstəliklər sırasından çıxarılması düzgün deyil: "Bunun üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Əhalini, xüsusilə də gəncləri maarfiləndirmək lazımdır. Gənclər xəstəlikdən necə qorunmaq barədə biliklərə yiyələnməlidirlər. Hesab edirəm ki, QİÇS xəstəliyi təhlükəli xəstəliklər sırasında olmalıdır. Bu, çox vacib bir məqamdır. Xəstəliyin təhlükəli xəstəliklər sırasından çıxarılması diqqətdən yayınmaya səbəb ola bilər. Azərbaycanda bu sahədə vəziyyət bir o qədər də yaxşı deyil. Gənclərin maarifəndirilməsi ilə bağlı bu günə kimi müxtəlif layihələr həyata keçirmişik. Hal-hazırda müxtəlif səbəblərdən dolayı maarfiləndirmə işləri apara bilməsək də, yaxın gələcəkdə öz işimizə davam edəcəyik. Hesab edirəm ki, bu xəstəliklə mübarizənin ilk yolu məhz maariflənmədən keçir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər