“Qaz necə zəhərli ola bilər ki?”

Azərbaycanda təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin nəzdində laboratoriya qurulacaq.
"APA-Economics" xəbər verir ki, bunu idarənin baş məsləhətçisi, hüquqşünas Samid Əliyev bildirib. Onun sözlərinə görə, artıq laboratoriya qurulub və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən akkreditasiyadan keçir. Hüquqşünas qeyd edib ki, laboratoriya 2-3 aya tam fəaliyyətə başlayacaq. "İstehlakçıdan qazın keyfiyyəti və tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək, ardından laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin edəcək", - deyə o qeyd edib.
Qurum rəsmisi əlavə edib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: "Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. "Azəriqaz" qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir. Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma "Azəriqaz" əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub".
Bəs görəsən qeydə alınan zəhərlənmə faktları həqiqətən qazın tərkibi ilə bağlıdırmı? Belə bir laboratoriyaya həqiqətən ehtiyac varmı?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən ekspert Nüsrət Qasımov bildirdi ki, belə laboratoriyalar əvvəllər də mövcud olub: "Mən özüm 48 il bu sahədə fəaliyyət göstərmişəm. Bizim əvvəllər də laboratoriyalarımız var idi. Müxtəlif yerlərdən götürdüyümüz qaz nümunələrini laboratoriyada yoxlayır və onun standartlara uyğun olub-olmamasını müəyyən edirdik. Lazım olduğu təqdirdə biz öz iradlarımızı da qeyd edirdik. Bu gün qaz sobaları hər kəsin evində var. Əgər qaz zəhərli olsaydı, onda hamının evində zəhərlənmə baş verərdi. Evdə analarımız, nənələrimiz saatlarla qaz sobasının başında dayanıb xörək bişirirlər. İnsanları çaşdırmaq lazım deyil”.
Ekspertin sözlərinə görə, qazın tərkibinin zəhərli olmasını bildirmək düzgün deyil: "Dünyada çıxarılan ən keyfiyyətli qaz Azərbaycan qazıdır. Bu qazın tərkibi 94-96 faiz metandan ibarətdir. Qaz qurudulur, zəhərli maddələrdən təmizlənir və daha sonra istehlakçıya ötürülür. Qazdan zəhərlənmə 99 faiz hamam və yataq otaqlarında baş verir. Bu da tikinti və qaz təchizatı norma və qaydalarına əməl olunmadığına görə baş verir. Yəni havalandırma kanalları işləmir, tüstü bacaları düzgün qurulmur. Evlərin tikintisi zamanı bəzi şərtlərə əməl olunmur. Bəzi evlərdə qapılar bayıra açılmır. Bir kubmetr qazın yanması üçün 9,3 kubmetr hava lazımdır. Nəticədə evdə qaz-hava qarışığı pozulur və karbon-monooksid (CO), yəni dəm qazı əmələ gəlir. Dəm qazının konsentrasiyası isə 0,1 faizdən yuxarı olduqda insan həyatı üçün təhlükəlidir. Belə ki, insan həmin mühitdə müəyyən müddət nəfəs alarsa, zəhərlənmə hadisəsi baş verir. Bütün bunları elmi əsaslarla danışmaq lazımdır. İnsanları çaşdırmaq düzgün deyil. Laboratoriya 3 ay sonra yaradılacaq, Lakin indidən proqnoz verilir ki, qaz zəhərlidir. Qaz necə zəhərli ola bilər ki? Belə məsuliyyətsiz fikirləri insanların ağlına salmaq düzgün deyil”
N.Qasımov laboratoriyanın yaradılmasını müsbət addım kimi qəbul edir: "Laboratoriyanın yaradılmasını alqışlayıram. Bu, çox yaxşı fikirdir. Mən hətta deyərdim ki, Bakıda elə bir laboratoriya yaradılmalıdır ki, o nə dövlətə, nə "Azəriqaz”a nə də başqa bir dövlət qurumuna tabe olsun. O, tam müstəqil laboratoriya olsun və ictimaiyyət bu işə nəzarət etsin. Həmin laboratoriyada müxtəlif yerlərdən analiz götürülüb qazın tərkibi yoxlanılsın. Daha sonra nəticələr istehlakçılara çatdırılsın ki, bu, dövlətlərarası standartlara uyğundurmu, ya yox. Elmi surətdə laboratoriyalarda sübut etmək lazımdır ki, qaz yanılı olaraq qalır və baca havanı düzgün çəkmir. Həmçinin hamamda tüstü bacası havanı düzgün çəkmir, yanma məhsullarının yarısı havaya, yarısı otağa gedir. Nəticədə isə dəm qazından zəhərlənmə baş verir. Əgər ümumilikdə qaz zəhərli olsaydı, onda hamı mətbəxdə zəhərlənmədən ölərdi”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı müvafiq qurumların mövqeyini öyrənmək istəsək də, cavab ala bilmədik.
Şəbnəm Mehdizadə
