• şənbə, 02 Avqust, 17:16
  • Baku Bakı 36°C

İlk hərbi bayrağımızın yaradıcısı

02.08.25 02:45 164
İlk hərbi bayrağımızın yaradıcısı

Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və Respublikamızda ilk topoqrafiya məktəbinin yaradıcısı  general-mayor İbrahim ağa Vəkilov olub. O, həm də Cümhuriyyət dövründə ilk hərbi bayrağımızın yaradıcısı idi.

İbrahim ağa Vəkilov Azərbaycan tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. O,1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasının Qırax Salahlı kəndində anadan olub. 1864-cü ildə on bir yaşı olarkən atası Paşa ağa vəfat edib. İbrahim ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olub. Həmin məktəbdə doqquz il təhsil aldıqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhəti ilə Peterburqdakı hərbi topoqrafiya məktəbinə üz tutub. 1879-cu ildə həmin hərbi məktəbi bitirdikdən sonra qulluq etmək üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahında çalışıb. 

"Şire-Xurşid" ordeninə layiq görülür

Xidmətinin ilk dövrlərində Dağıstanda aparılan topoqrafik çəkilişlərlə məşğul olub, daha sonra isə 1883-cü ildə rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər uzanan sərhədlərin dəqiqləşdirilməsi işlərində iştirak edib. Belə bir ciddi və məsuliyyətli əməliyyatları vaxtından əvvəl - cəmi iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə xidməti İran hökuməti tərəfindən ən yüksək qiymətə - "Şire-Xurşid" ordeninə layiq görülüb. 

Bosforun hərbi xəritəsini də İbrahim ağa hazırlayıb

İbrahim ağa Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik etdiyi beş il ərzində Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olub. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa dörd il oradakı rus səfirliyində yaşayaraq, xüsusi tapşırıqları yerinə yetirib. Xeyli müddət sonra yenidən Qafqaz hərbi dairəsində mayor rütbəsində mühüm işlər icraçısı kimi fəaliyyətini davam etdirib. Sonrakı illərdə şöbə rəisi olan İbrahim ağa Vəkilov 1901-ci ildən etibarən Qars vilayətinin rus-türk sərhədlərində topoqrafik çəkilişlərə rəhbərlik edib. Bosforun hərbi xəritəsini də İbrahim ağa Vəkilov hazırlayıb. Rus-İran hökumətinin 1912-1913-cü illərdəki danışıqlarına uyğun olaraq Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində həyata keçirilən topoqrafik çəkilişlərə başçılıq edib. 

Birinci Dünya müharibəsi dövründə döyüşən ordunun qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci ilin fevral inqilabından sonra Tiflisə qayıdıb. Bir müddət  Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışıb, sonralar isə fəaliyyətini Bakıda və Gəncədə davam etdirib.  

Erməni daşnaklarını tərksilah edir

1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra digər tanınmış hərbçilər - Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov və digərləri ilə yanaşı, İbrahim ağa Vəkilov da  Milli Ordunun yaradılması işində fəal iştirak edib. Azərbaycan hökumətinin göndərişi ilə Qazax qəzasında kənd və şəhər şuralarının seçkilərinə də rəhbərlik edib. İbrahim ağa Vəkilovun nüfuzu və səmərəli fəaliyyəti dövlət olaraq yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin həmin bölgədəki mövqeyinin güclənməsinə əhəmiyyətli təsir göstərib. Ölkədəki fəaliyyəti və nüfuzu nəzərə alınaraq 1918-ci il iyunun 23-də Respublika Daxili İşlər nazirinin əmrinə uyğun olaraq Gəncənin qubernatoru təyin edilib. Goran mahalında və onun ayrı-ayrı kəndlərində özlərinə sığınacaq tapmış aqressiv erməni daşnak dəstələrinə divan tutan İbrahim ağa Vəkilov onları tərksilah edir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağaya general-mayor rütbəsi verilir.

İbrahim ağa Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Azərbaycan hökumətinin 6 may 1919-cu il tarixli qərarı ilə general-mayor İbrahim ağa Vəkilov Azərbaycan Ordusunun Baş Qərargahındakı Baş İdarənin topoqrafiya şöbəsinin rəisi təyin edilir. O, aprel işğalına qədər həmin vəzifədə çalışır. 1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında Baş Qərargah İdarəsi qərar verir. Bayrağın yaradıcısı məhz İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə əski əlifba ilə "Azərbaycan", o biri üzündə isə Müqəddəs Qurandan "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda qeyd edilirdi ki, süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.

Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi

1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da İbrahim ağa Vəkilov olub. 40 ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağanın xidmətləri  “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə (1886), “Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsilə (1894), “Müqəddəs Anna” ordeninin ikinci dərəcəsilə (1897), “Müqəddəs Vladimir” ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. 

İbrahim ağa Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra müəllimlik fəaliyyəti ilə məşğul olub, Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiya-Geodeziya İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir müddət Azərbaycanın Qədim Dövr İncəsənət Abidələrini və Təbiəti Mühafizə Komitəsində fəaliyyət göstərib. İbrahim ağa 1934-cü ildə 2 iyun tarixində vəfat edib. Onun xalqımız və dövlətimiz qarşısındakı xidmətləri unudulmur və daim böyük hörmət və ehtiram hissilə yad edilir!

Rafiq Səfərov,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Baş məsləhətçisi

 

 

banner

Oxşar Xəbərlər