• şənbə, 27 Aprel, 00:23
  • Baku Bakı 14°C

Qarabağ əhalisi təkcə ermənilərdən ibarət deyil

12.11.19 17:51 3962
Qarabağ əhalisi təkcə ermənilərdən ibarət deyil
Ekspertlərin fikrincə, Rusiya xarici işlər naziri tərəfsiz olduğunu Yerevana səfəri zamanı da nümayiş etdirə bilməyib

Bu günlərdə Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamalarda "Dağlıq Qarabağ xalqının” razılığı olmadan heç bir razılaşmanın rəsmiləşdirilməsinin mümkün olmayacağını deyib. O, əslində bu fikirləri ilə Paşinyanın bir müddət əvvəl səsləndirdiyi absurd fikirləri təsdiqləmiş olub. Lavrovun beynəlxalq hüquqa zidd bu açıqlaması Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Artıq məsələ ilə bağlı Azərbaycan XİN bəyanatla çıxış edib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, tarixin müxtəlif dövrlərində dünyadakı ermənilərin tanınmış bir neçə lideri olub: "Onlar da dünyanın müxtəlif dövlətlərində müəyyən vəzifələrdə təmsil olunublar. Məsələn, sovet dövründə Mikoyan, Aqambekyan kimi erməniləri göstərmək olar. Bu gün də Lavrov dünya ermənilərinin liderindən biri hesab olunur. O, bunu Yerevanda səfərdə olarkən açıq şəkildə göstərdi. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, "Qarabağ xalqı”yoxdur, Qarabağda yaşayan əhali var. Ermənilər azərbaycanlıları məcburi köçkün, didərgin salanadək Qarabağda azərbaycanlılarla birgə ermənilər də yaşayıb. Əgər söhbət Qarabağ əhalisindən gedirsə, o əhali təkcə ermənilərdən ibarət deyil. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilərin sayı 50-60 min nəfər arasındadır, qalanı oradan qaçıb gedib. Ancaq indiki halda Dağlıq Qarabağ azərbaycanlılarının sayı 80 mini keçib. Rusiyanın xarici işlər naziri Lavrov bunu nəzərə almadı. O hətta birmənalı olaraq Paşinyana da istinad etdi. Guya ki, Ermənistan dövləti "Qarabağ xalqı” adından sənəd imzalaya bilməz, onların rəyi nəzərə alınmalıdır və s. Bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Eyni zamanda bu fikirləri tərəfsiz olması labüd olan dövlətin xarici işlər naziri səsləndirib. Düşüncələrimi diplomatiyadan kənar, səmimi şəkildə çatdırmaq istəyirəm. Çünki məcburi köçkünəm, yurd-yuvamdan məhrum olunmuşam, Xocalı soyqırımını yaşamışam. Ona görə də açıq şəkildə demək istəyirəm ki, Rusiya heç vaxt bu məsələdə tərəfsiz olmayıb və hər zaman erməniləri müdafiə edib. ATƏT-in Minsk qrupunun digər həmsədrləri də eyni ilə Rusiya kimi addım atıb. Biz heç kimə böhtan atmırıq, şər demirik, tarixə nəzər salmaq kifayətdir. Erməni, yaxud da "hay” deyilən bu tör-töküntünü ayrı-ayrı ölkələrdən toplayıb bizim tarixi torpaqlarımızda məskunlaşdırıb, dövlət yaradan hansı dövlətlər olub? Təbii ki, 4-5 ölkənin adı çəkilirsə, onun 3-ü elə həmsədr dövlətlərdir. Təəssüflər olsun ki, bu gün də həmin mövqe davam edir və status-kvonun saxlanmasına səbəbkar da bu 3 dövlətdir. Vaxtaşırı onların bu münasibəti özünü büruzə verir. Biz ATƏT-in Minsk qrupunda təmsil olunan hər 3 dövlətlə dostluq, əməkdaşlıq münasibətimizi saxlamağa çalışırıq. Yəni, biz səmimi dostluq edirik. Ancaq çox təəssüf ki, onlar bu məsələdə bizə qarşı səmimi deyillər. Bunu Lavrovun fikirləri bir daha təsdiq etdi”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında maraqsız olan qüvvələrin fəallaşması, onların iki dost ölkə arasındakı münasibətlərə xələl gətirilməsi istiqamətindəki atdıqları addımlar ciddi şəkildə təəssüf doğurmaqdadır: "Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin İrəvandakı mətbuat konfransında faktiki olaraq Ermənistanın baş nazirinin sözlərini təkrarlaması, Qarabağın yerli əhalisinin əvvəllər danışıqlar masasında olduğunu, sonra isə, Petrosyan tərəfindən sülh danışıqlarında formatın dəyişilməsinin, lakin, indi də danışıqlarda Qarabağ sakinlərinin fikrinin vacib olduğunu dilə gətirməsi üzücüdür. Lavrovun nəzərinə çatdırmaq lazımdır ki, birincisi, Qarabağın yerli əhalisi deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. İkincisi, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndinə əsasən Qarabağda referendum işğal altındakı ətraf rayonların qaytarılmasından və azərbaycanlı məcburi köçkünlərin Qarabağa köçürülməsindən sonra baş tutmalıdır. Beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməzlər. Bunu İspaniya Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi”.
Z.Məmmədov vurğuladı ki, indiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir: "Dünyanın 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, İrəvan ilkin olaraq mərhələli həll variantı haqqında düşünməli, Madrid prinsiplərinin ilkin mərhələlərində qeyd olunmuş - ətraf rayonları Azərbaycana qaytarmalıdır”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər