• bazar ertəsi, 29 aprel, 23:38
  • Baku Bakı 23°C

"Böyük bacı"nın xam xəyalları - TƏHLİL

10.04.24 04:58 2225
"Böyük bacı"nın xam xəyalları - TƏHLİL

Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Paris anlamalıdır ki, destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Bir neçə gün əvvəl Parisdən Azərbaycana qarşı növbəti əsası olmayan, həqiqətdən uzaq ittihamlar dalğası yönəldi. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Ermənistanı "sülh göyərçini", Azərbaycanı isə "təhlükə mənbəyi" elan etdi. 

Təəccübləndirməyən bəyanat

Əslində son illərin təcrübəsi göstərir ki, Emmanuel Makronun rəhbərlik etdiyi Fransanın rəsmi dairələrinin məlum açıqlamalarında təəccübləndirən heç nə yoxdur. Parisin məqsədi Cənubi Qafqazda sülhə imkan verməmək, bu istiqamətdə müsbət meylləri baltalamaq, "parçala, hökmranlıq et" prinsipini tətbiq etməklə ilkin mərhələdə Ermənistanı, daha sonra isə bütünlükdə bölgəni özünün növbəti müstəmləkəsinə çevirməkdir. Daha doğrusu, Afrikada, dünyanın digər bölgələrində üzləşdiyi məğlubiyyətlərin əvəzini bu yolla sığortalamaq. Nədənsə Makron düşünür ki, beynəlxalq münasibətlərin ən gərgin dövrünü yaşadığı indiki həssas məqamda bu məkrli planlarını həyata keçirtmək üçün ən uyğun seçim Cənubi Qafqazdır. Bəlkə də onu bu cür fikirləşməyə vadar edən əsas səbəb dövlət kimi varlığı ilə yoxluğu bilinməyən Ermənistandır.    

Fransanın hesaba almadığı reallıq

Ancaq Makron Fransasının hesaba almadığı bir fakt var. Cənubi Qafqaz dedikdə ilk yada düşən, qapısı döyülən müstəqil Azərbaycan dövləti. Bu, işğal dövründə də belə idi, indi də. Hazırda isə vəziyyət tamamilə fərqlidir. Haqq müharibəsindən tarixi zəfərlə çıxan güclü Azərbaycan və onun hərbi-siyasi təşəbbüsü ilə yaranan yeni reallıqlar var. Makronun utopik xəyalları isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı "real siyasət" anlayışı ilə bir-birinə tərs mütənasibdir. Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlər göz önündədir. Bu səbəbdən, Paris Azərbaycanı ittiham etməkdənsə, bu siyasətinin acı fəsadlarından nəticə çıxarmalı, beynəlxalq hüququn norma və tələblərinə hörmətlə yanaşmaladır. 

Cənubi Qafqaza vəd edilən "firavan gələcək"

Bir daha xatırlayaq. Aprel ayı həm də vaxtilə Fransanın müstəmləkəsi olan Əlcəzairdə yerli xalqın iradəsinə zidd olaraq ardıcıl nüvə bombası sınaqlarının başladığı zamandır. Parisin müstəmləkəsi olan Əlcəzair torpaqlarındakı bu sınaqları on minlərlə insanın həyatını məhv edib. Bölgədə ağır xəstəliklərin yayılmasına səbəb olub. Fransa hökuməti indi də Əlcəzairin haqlı tələblərinə baxmayaraq, nüvə tullantılarının basdırıldığı yerlərin xəritələrini qarşı tərəfə vermir. Ümumilikdə rəsmi məlumatlara əsasən, Fransa 1960-1996-cı illərdə müstəmləkəsi olan ərazilərdə 200-dən artıq nüvə sınağı həyata keçirib. Bu sınaqların heç birində təhlükəsizlik qaydalarına riayət edilməyib. Yerli əhaliyə isə "təcrübə dovşanları" kimi yanaşılıb. Budur fransız hegemonluğunun iç üzü. Budur makronkimilərin Azərbaycana, ümumilikdə  Cənubi Qafqaza vəd etdiyi "firavan gələcək". Azərbaycan dövləti tarixin bu qaranlıq səhifələrindən nəticə çıxararaq siyasətini, mövqeyini və addımlarını fransız təhlükəsinin zərərsizləşdirilməsi istiqamətində atsa da, təəssüf ki, eyni fikirləri Ermənistan haqqında demək mümkün deyil. Bir neçə il əvvəl Rusiyanı özlərinin əsas müttəfiqi sayanlar, indi rəy sorğularında Fransanı "böyük bacıları" hesab etdiklərini deyirlər. Ancaq "böyük bacı"nın bölgəyə gətirəcəyi fəlakətin miqyasını, sadə erməniləri vaxtilə digər müstəmləkələrindəki yerli əhaliyə münasibətdə olduğu kimi "təcrübə dovşan"larına çevirəcəyini anlamırlar, yaxud anlamaq istəmirlər. 

Parisə tərs şillə effekti

Fransanın kolonial keçmişini xatırladarkən nüvə sınaqlarının acı nəticələrinə təsadüfən toxunmadıq. Məsələ ondadır ki, vaxtilə Fransanın qəddar kolonial siyasətinin qurbanına çevrilən dövlətlərin yaşadığı bu dəhşətli fəlakətin təsiri özünü Avropada da büruzə verməkdədir. İki il öncə Saxaradan gələn toz buludlarının tərkibindəki radioaktiv maddələr bütün Cənubi Avropa sahillərini, hətta Ukraynanı belə əhatə etdi. 
Bu gün Avropanın "yeni Napoleon"u olmağı hədəfləyən Makronun reallıqdan uzaq ambisiyalarının yarada biləcəyi fəlakətləri artıq Avropa ölkələri də anlayır. Onun Cənubi Qafqazda Ermənistanın əli ilə partlatmağa hazırlaşdığı "atom bombası"nın taymerini elə öz müttəfiqləri söndürmək istəyir.  

Bu baxımdan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarına reaksiyası xüsusilə diqqət çəkir. "Köhnə dünya"nın üçüncü ən böyük dövləti Parisin Cənubi Qafqaz siyasətini açıq dillə tənqid edir: "Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa digər qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı".

Bəli, bu mövqe əslində Makron üçün tərs şillə effektinə bərabərdir. Vatikandan tutmuş Vaşinqtona qədər özünün "anti-Azərbaycan sevgisi"nə dəstək qazanmaq istəyən Fransa prezidentinə bağlı qapılar arxasında söylənənlər bu gün açıq şəkildə onun üzünə vurulur. 

Makronun minalarının qurbanı Ermənistan olacaq 

Parisin anti-Azərbaycan siyasətinin növbəti təzahürü olan Stefan Sejurnenin məlum bəyanatına rəsmi Bakının cavabı da özünü çox gözlətmədi. "Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək", - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. 

Bəli, Makronun Cənubi Qafqazda basdırmağa çalışdığı minalar bu dəfə də partlamayacaq. Yaxud partlayacaqsa da, onun qurbanı Azərbaycan yox, Ermənistan və onun "böyük bacısı" olacaq. 

Azad Əliyev 

 

banner

Oxşar Xəbərlər