Nitq mədəniyyətinin mahiyyəti, inkişafı və təbliği

Xalqın varlığı və milliliyinin ilkin şərtləri onun
dili ilə bağlıdır; Başqa şəkildə ifadə etsək, hər bir millətin kimliyi,
ədəbiyyatı, mədəniyyəti onun dilindən başlayır. Odur ki, xalqların öz
istiqlaliyyəti uğrunda apardığı mübarizələrdə dil məsələsi, milli dilə
münasibət həmişə mərkəz mövqedə dayanmışdır. Bəzən bütöv bir istiqlaliyyət
mübarizəsi yalnız ana dili üzərində cəmləşir (Məsələn, Cənubi Azərbaycanda
olduğu kimi). Dil mirasdır - Nəsiminin, Füzulinin, Xətainin, Vaqifin
mirasıdır... Mirasımız milli dilimizdir. Bəs, "Milli dil” dedikdə nə
düşünülür? Əlbəttə, əksəriyyət bu
anlayışı adətən yad, əcnəbi dillərin basqısına qarşı duran dil, yəni ana dili
kimi qəbul edir. Sözsüz, bu, bir çox hallarda belədir ki, var.
Nitq
mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir
Xalqın mədəni səviyyəsinin yüksək sürətlə inkişaf
etdiyi hazırkı zamanda dildən məqsədəuyğun istifadə etmə qaydalarına bələd
olmaq, yəni aydın, ahəngdar, səlis, yığcam, ifadəli, həm də məzmunlu nitqə
malik olmaq - danışıb yaza bilmək demək olar ki, haqlı olaraq hər kəsi məşğul
edir. bütün bunlar nitq mədəniyyəti problemlərinin aktuallığını sübut edən
faktlardandır və onların öyrənilməsinə də bu zərurətdən yanaşmaq lazımdır.
Belə bir şəraitdə insanların,
xüsusən də gənc nəslin nitq mədəniyyətinin yüksəldilməsi böyük önəm daşıyır və
bu baxımdan yeni vəzifələr sırasına keçir. Məlumdur ki, şəxsiyyətin ümumi
intellektual inkişafında nitq vərdişlərinə yiyələnmə xüsusi əhəmiyyət kəsb
edir. Uzun illərin təcrübəsinə əsaslanaraq demək mümkündür ki, yüksək ixtisaslı
mütəxəssislər hazırlanması üçün ali məktəblərin tədris prosesində nitq
mədəniyyəti üzrə geniş yer verilməsi tələb olunur. Aydın, səlis, ifadəli, dəqiq
və kamil bir nitqə nail olmaq yalnız əməli şəkildə qrammatik vərdişləri
mənimsəməkdən ibarət deyildir. Nitq mədəniyyətinə malik olmağın əsas şərti
dilin üslub normalarından düzgün istifadə etməyi bacarmaqdır. Bunun üçün başlanğıc olaraq ana dili elmi
əsaslar üzərində daha səmərəli təlim edilməlidir. Çünki əslində nitq
mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir. Belə
olan halda, aydın, ifadəli, səlis nitqə yiyələnməkdən ötrü ilk növbədə ədəbi dilin normalarını, bunu
müəyyənləşdirmənin ölçü və şərtlərini bilmək, bir sözlə, dürüstlük - düzgünlük - dəqiqlik; asanlıq -sadəlik;
vahidlik - eynilik; sabitlik - davamlılıq; ahəngdarlıq - səlislik və başlıcası, dil-üslub qaydalarını bilib
əməl etmək də zəruridir. Nitq mədəniyyəti nitq prosesində dil vasitələrindən
yerində, məqsədyönlü şəkildə istifadə etmək bacarığıdır. Bu məsələlər
üslubiyyatın tədqiqat sahələrini təşkil edir.
Söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır
Fikir və duyğuları ifadə
etmək üçün dil vardır. Ana dilimizin söz xəzinəsi, lüğət tərkibindəki sözlər
adama nəyisə danışmaq, nəql etmək, söyləmək, əmr etmək, tələb etmək, suallar
vermək üçün lazım olur. Lakin bu sözlər adama o zaman da lazım olur ki, insan
fikirlərini oxuya-oxuya çatdırmaq istəyir. Onun dilində söz bu zaman yeni bir
məna, gözəllik, məzmun alır. O sözlər bizə hər zaman məlum olsa belə, bizi
saxlayır, ürəyimizi bir anda ələ alır, əsir edir.
Üslubiyyat
və üslublar, habelə ədəbi dilin üslubları barədə əldə olunanlar nitq mədəniyyəti və ümumən dil və cəmiyyət
problemi ilə əlaqədar olaraq da əhəmiyyətlidir. Qəbul etmək lazım gəlir ki, dil
sadəcə, vahidlər sistemi deyil, həm də bununla bərabər, dilin də fəaliyyətdə
olan törədicilik xidmətindən istifadə edənlərin qabiliyyət, bilik və bacarıq
dərəcəsini, yaradıcılıq imkanlarını nümayiş etdirir. Bu sahə həm dilçilik, həm
də ədəbiyyatşünaslıq baxımından maraqlıdır, həm də bunlar öz paylarını da
nəzəri şəkildə dəqiq bölə bilməmişlər. Bu fənn filoloji bilik üçün də ən vacib
sahələrdəndir. Dilçilik elmində bədii əsərin dili ilə yazıçı dili
qarşılaşmışdır. Cəmiyyətə dilin təsiri ilə cəmiyyətin dilə təsiri məsələsi
fonunda yeni bir sahə - nitq mədəniyyəti adlanan axtarış sahəsi üzə çıxır.
Bu
dildən istifadə edən hər kəsin borcudur
ki...
Son dövrdə Azərbaycan dilinin inkişafında yeni,
özünəməxsus bir mərhələnin başlanması nəzərə çarpır. Azərbaycan dili qeyd-şərtsiz rəsmi dövlət
dili statusuna sahib olmuş bir dil olaraq, bütün geniş imkanları ilə ictimai
ünsiyyət vasitəsidir. Əlbəttə, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən
hesab edilən Azərbaycan dilinin yüksək səviyyədə tətbiqi və inkişaf etdirilməsi
ilə bağlı verilən prezident fərmanları bu qayğının parlaq təzahürüdür. Bu
sahələrə qayğının, diqqətin artırılması, ana dilinin layiqincə öyrənilməsi,
elmi tədqiqi işinin daha da
fəallaşdırılması və eləcə də dilimizin cəmiyyətdə tətbiqi dairəsinin
genişləndirilməsi imkanlarını daha da artırmışdır. Azərbaycanımız öz dövlət
müstəqilliyinə qovuşduğu ilk çağlardan başlayaraq, dilimizin inkişafına, onun
tətbiq dairəsinin genişlənməsinə xüsusi diqqət və qayğı göstərilməkdədir. Böyük
öndərimiz Heydər Əliyevin imza atdığı fərmanlar ana dilimizin öyrənilməsi, bu
sahədə aparılan araşdırmaların fəallaşdırılmasını və cəmiyyətdəki istifadə
imkanlarını daha da artırmaqdadır. "Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 18 iyul
2001-ci il fərmanı; "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd
edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il
fərmanı; "Azərbaycan Respublikasının Dövlət dili haqqında” 30 sentyabr 2002-ci
il Qanunu; Azərbaycan Respublikasının
Dövlət dili haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
prezidentinin 2 yanvar 2003-cü il fərmanı və s. tədbirlər dövlətin daimi
qayğısını əks etdirir. "Azərbaycan Respublikasının Dövlət dili haqqında” 30
sentyabr 2002-ci il Qanun maddələrindən də aydın olur ki, müstəqilliyin başlıca
əlaməti ana dilinin dövlət dili statusuna nail olmasıdır. Dövlət dilinin
qorunması və işləkliyinin təmin edilməsi – bu, müstəqil dövlət quruculuğumuzun
ən bariz şərtidir.
· Azərbaycan Konstitusiyasının 21 maddəsi il
dövlət dilimizin Azərbaycan dili olması təsbit olunmuşdur.
· Hər
bir vətəndaş ana dilini bilməlidir.
· Rəsmi
dövlət mərasimləri ana dilində aparılmalıdır.
· Azərbaycan
təhsilində işlənməsi; təhsil ana dilində aparılmalıdır.
· Radio-televiziya
kanalları ana dilində işlənməlidir.
· Dövlət
dilinin bütün xidmət sahələrində reklam və elanlar, mallar üzərində etiketlərə
qədər işlənməsi.
· Vətəndaşların
adı, soyadı, coğrafi adlar-yaşayış məntəqələrinin adları dövlət dilində
yazılır.
. Qorunması;
Dilçilik elminin nəzəri və praktik yöndən inkişafına şərait yaradılır.
· Sonrakı
illərdə müvafiq olaraq dövlət tədbirləri bu fərmanın gücləndirilməsinə kömək
edib;
Monitorinqlər keçirilir.
Dilimizin durmadan daim inkişaf etdirilməsi üçün
geniş imkanlar yarandığı hazırkı şəraitdə bu dildən istifadə edən hər bir
kəsin, bütövlükdə cəmiyyətin borcudur
ki, onun qaydalarına, normalarına riayət etmək, təmizliyini, saflığını, gözəlliyini
qorumaq, korlanmasına, pozuntulara düçar olmasına yol verməməkdir.
Bir çox
terminlərin Azərbaycancası vardır,
lakin onlar aktiv surətdə işlənmirlər: Məsələn, seqmantasiya - üzvlənmə,
seqmentləşdirmə - müəyyənləşmə, diskurs - nitqin xarakteristikası. Bu hallar
fikir və müddəalar arasında əlaqələndirməni zəiflədir. Son illərin
təcrübəsi göstərir ki, orfoqrafik və orfoqrafik xətaların tez-tez özünü
göstərməsinə gətirib çıxarır.
Məhz Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” 2012-ci il mayın 23-də imzaladığı sərəncam da dövlətçiliyimizin
başlıca rəmzlərindən olan ana
dilimizin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin
əsaslı şəkildə yaxşılaşdırılmasını təmin etmək baxımından son dərəcədə mühüm
bir sənəddir. Sərəncamda oxuyuruq: "Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar
tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz bu ağır vaxtlarda
belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə
yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə
əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının borcudur.”
Ana dilinin insanın yetişməsi və
inkişafındakı mövqeyi, habelə, ailədə ana dilinin uşağın yetişməsindəki rolunu,
obrazlı olaraq onların hər birinin bir kökün üstündə rişə atan budaqlar kimi
bağlı olduğunu qəbul etmək gərəkdir.
Dilimizin qorunub mühafizə edilməsində ali
məktəblərin, xüsusilə bu dili yetişməkdə olan nəslə bilavasitə aşılamalı olan
pedaqoji yönlü qurumların üzərinə böyük vəzifələr düşür.
Şərəf İsmayılova
