Nişanında gətirilən xonçaların qiymətini öyrəndi və... - FOTOLAR
Türkan
Səfərli: "4 il ərzində 10-20 il bu sahədə çalışanlarla eyni səviyyəyə gəlib
çıxmağı bacarmışıq”
Nişanında
ona gətirilən xonçaların qiymətini öyrənəndən sonra bu sahədə biznes qurmaq
ideyası yaranır. Elə tələbə vaxtı öz işini qurur. İşləri yaxşı gedir, qısa
müddətdə istədiyinə nail olur və artıq xonça işini dayandırıb, toy planlaşdırma
xidmətinə keçir. Söhbət "Safarli Wedding
Design” şirkətinin qurucusu Türkan Səfərlidən gedir.Qeyd
edək ki, T.Səfərli Azərbaycan Dövlət İqtisad Universitetində texnologiya
mühəndisi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda təhsilini həmin ixtisas
üzrə magistr pilləsində davam etdirir.
- Türkan xanım, adətən, ilk işini quran şəxslərdə
biznes ideyasının yaranmasının maraqlı təkanverici səbəbləri olur. Sizdə bu
fikir necə yarandı?
- Yoldaşımla universitetdə təhsil aldığımız dönəmdə
tanış olduq. Mən 3-cü kursda oxuyanda - 2016-cı ilin əvvəli nişanlandıq. İdeya
da elə nişan dönəmində yarandı. Nişanım ərəfəsində qayınanamgil mənim ürəyimcə
olsun deyə, hansı dizaynda xonça istədiyimi öyrənmək üçün fərqli xonça
şəkilləri göndərirdilər. Qaynanam dedi ki, istədiyini seç, hər bir şeyi alıb
xonçaları evdə özüm düzəldəcəyəm. Qaynanam fərqli bacarıqları olan xanımdır.
İndi də bəzi dekorlarımın güllərini o hazırlayır. Nə isə, nişanımda çox qəşəng
dizaynda xonçalar yığmışdı. Sonra maraqlandım ki, o cür xonçaları hazır sifariş
versək, 80-150 manata başa gələrdi. Düşündüm ki, bu biznesə girməyə dəyər.
İdeya belə yarandı.
- Biznes ideyası
çox adamda yaranır, amma heç də hamısı öz işini qurmur. Bu səbəbdən, "Biznesdə
əsas olan başlamaqdır” deyirlər. Bəs nə zaman işə başladınız?
-
Nişandan sonra ideya yarandı və araşdırma apardım. Özüm iqtisadiyyat yönümlü
təhsil aldığım üçün bazar araşdırması aparmağın vacib olduğunu bilirdim.
2016-cı ilin sonu 2017-ci ilin əvvəlləri - 4-cü kursda oxuyanda, artıq
başladım. İdeya xonça ilə yaranmışdı, elə ilk olaraq da özümə sosial şəbəkə
səhifəsi açıb xonçalar hazırlayıb internet üzərindən satmağa başladım. 3-4 il
əvvəl internet üzərindən bu işi qurmaq, satış etmək mənim üçün böyük iş idi.
Amma sifarişlər gəldi və davam etdik.
- İşi quranda, tələbə olubsunuz. Tələbələrin əlində
elə də böyük maliyyə olmur. İlkin xərcləri necə qarşıladınız?
- Sıfır
manatla başladığımı deyə bilərəm. Xonça sifarişi götürəndə, müştəridən beh
alırdım, onunla işin xərclərini qarşılayırdım, hazır olanda da tam ödənişi
edirdilər. Ona görə işə başlamaq üçün xüsusi maliyyəyə ehtiyac olmadı.
Təşkilatçılıq işlərini görmək üçün də böyük maliyyə lazım deyildi, burda əsas
zəhmət çəkmək idi. Gəliri də yaxşı olurdu. Ümumiyyətlə, bu sahədə işə başlamaq
üçün müəyyən qədər beh verilməlidir. Mən də o cür işləyirdim. Heç nədən
başlamışam və müəyyən bir yerlərə gəlmişəm. 4 il ərzində 10-20 il bu sahədə
çalışanlarla eyni səviyyəyə gəlib çıxmağı bacarmışıq.
- Xonça ilə başlayıbsınız, amma bu gün
göstərdiyiniz xidmətlər siyahısında xonça hazırlanması yoxdur. Bir az da
biznesinizin necə genişlənməsindən danışaq.
- Xonça
hazırlanması ilə hardasa 3-4 ay məşğul oldum və o müddətdə yaxşı müştəri yığa
bilmişdim. Xonça işi ilə çox davam etmədim, dayandırdım. Çünki xonça çox zərif,
incə, diqqət və vaxt tələb edən işdir. Ona sərf etdiyim vaxtda daha çox iş görə
biləcəyimi düşündüm. Sonra bu siyahıya təşkilatçılıq da əlavə etdim. Evlənəndən
sonra dekor işinə də keçdim. Xına, toy, nişan, nikah dekorları və s. əlavə
etdik. Əvvəllər dekorları mən başqa adamlardan götürüb iş danışırdım. Amma
sonra dekorlarımızı da özümüz hazırladıq. Belə-belə xidmətlərin siyahısı artdı,
zamanla böyüdük. Böyük restoranların bəzədilməsinə qədər hər xidməti
göstəririk. Öz dekorlarım olmayan vaxtda belə, bunu edirdim. Sonra hər bir şey
özümə aid oldu.4 il
ərzində zaman-zaman iş böyüdü və xidmətlərimizin siyahısı artdı. Bu gün həri,
nişan, nikah süfrələrinin bəzədilməsi, özəl günlər üçün fotostendlər, xınayaxdı
təşkili, ad günü dekorasiyaları, evlilik təklifi təşkili, ketrinq, banket və s.
xidmətlər siyahımızda var. Bir məclisin yeməyindən dekoruna qədər hər xırda
nüansını təşkil edirik. Ev yiyəsi əlini ağdan-qaraya vurmur.
- Biznesiniz üçün ad seçiminə də toxunaq. Səfərov
yoldaşınızın soyadıdır? Çünki siz işinizi quranda, hələ evli olmayıbsınız...
- (Gülür) Təsadüfən elə alınıb ki, yoldaşımın da
soyadı Səfərovdur, mənim də. Yəni evlənəndən sonra soyadımı dəyişməmişəm.
- Bu işi yoldaşınızla bir yerdə idarə edirsiniz, ya
tək?
- İş
olaraq özüm idarə edirəm. Amma mənəvi və elə iş cəhətdən də daim dəstəkləyir,
kömək edir. Ümumiyyətlə, biz bütün bu işləri ailə olaraq idarə edirik. Məsələn,
bütün dekorları qayınatam hazırlayır. İstənilən dekorun şəklini göstərirəm,
hazırlayır. Qaynanam da bu işdə bacarıqlı biridir, o da kömək edir. Yəni ailə
olaraq əl-ələ verib bu işləri görürük.
- Necə tanındınız, müştəri cəlb etdiniz?
- Qeyd
etdiyim kimi, ilk olaraq sosial şəbəkə üzərindən başladıq. İlkin müştərilər
belə gəldi, sonra məşhurlara, bloggerlərə də dekorlar yığdıqca, daha da
tanındıq. Amma deyim ki, müştərini gətirən "Instagram” deyil. Tanınmaqda,
müştəri cəlb edilməsində önəmli olan işin keyfiyyətidir. Bizim sahədə müştəri
keyfiyyət, gözəllik və yaxşı xidmət istəyir. Bir də güvənli şirkət olmalısan.
Bu zaman müştəri müştəri gətirir. Elə dekor yerləri var ki, vəd etdiyi ilə
gördüyü iş tamam başqa olur. Bu da müştəriləri qaçırır. Biri razı qalmırsa,
başqalarına da məsləhət görmür. Bizim iş prinsipimiz elə deyil ki, bu gün bu
müştəriyə iş gördük, pulumuzu aldıq, razı qalıb-qalmamağı fərq etməsin. Hər
birinə fərqli yanaşırıq. Bəyənib-bəyənmədiklərini soruşuram. İndiyə qədər
bəyənmədiyini deyən olmayıb.
- Toyla bağlı hər bir nüansa cütlüklər çox həssas
yanaşırlar. Yəqin ki kaprizli müştərilər çox olur.
-
(Gülür) 100 müştəridən 90-ı kaprizli olur. Hər kəs özəl gününün mükəmməl
keçməyini istəyir. Bu səbəbdən sualları, istəkləri həddindən çox ola bilir.
Kaprizlilərlə yanaşı, çox rahat müştərilər də olur. Bir dəfə bir xanım müştəri
var idi, xına mərasimini təşkil edəcəkdik, beh də vermişdi. Xınaya 2 gün
qalmışdı, amma xanım bizi arayıb-axtarmır. Axırda özüm zəng vurdum ki, bəs siz
maraqlanmırsınız, bəlkə pulu almışam, heç o işi görməyəcəyəm (gülür). Deyir ki,
sizinlə söhbət etmişəm, saxlama mərkəzinizdə olmuşam, hər şeyin ən yaxşısını
edəcəyinizi bildiyim üçün arxayınam.Narahat
olan, tez-tez arayıb hər detalı ilə maraqlanan adamları da başa düşürük. Bizim
xidmətlə bağlı nə istəyirlərsə, arzu etdikləri kimi hazırlayırıq. Həm onların
kaprizləri, narahatlıqları aradan qalxır, həm də biz bunu etdikcə müştəri
müştərini gətirir.
- Koronavirus pandemiyası ilə əlaqədar olaraq
ən çox zərər görən sahələrdən biri də toy xidmətləri sahəsində fəaliyyət
göstərən bizneslər oldu. Bu müddət sizin biznesiniz üçün necə keçdi?
- Təbii
ki çətin oldu. Karantin yeni tətbiq olunanda, demək olar ki, heç bir sifariş
almadıq. Çünki vəziyyət qeyri-müəyyən idi. Çox adam düşünürdü ki, bir müddət
sonra toylara icazə veriləcək, əvvəlki qaydada toylarını edəcəklər. Bir müddət
sonra gördülər ki, heç də elə deyil. Bundan sonra, artıq ailə içində
məclislərlə həri, nişan, nikah etməyə başladılar. 5-6 nəfər ailə üzvləri ilə
qeyd edirdilər və bizə də buna uyğun sifarişlər verildi. Çox vaxt bir dekor
sifariş edirlər, qarşısında şəkil çəkilir, məsələ yekunlaşır. Restoranlar üçün
dekorlar işləyirdik, indi o müştəri kütləmizi itirmişik. Böyük restoranların
sifarişləri də böyük olurdu. Restoranlarda toylar olmadığı üçün belə sifarişlər
də vermirlər. Əvvəlki dövrlə müqayisə edəndə, biznesimdə müəyyən çətinliklər
var, amma sifarişlərim olur. Düzdür, bəzən 30-40 nəfərlik məclis sifariş
edənlər də olur, amma mən onları götürmürəm. Karantin rejimidir və onun
qaydalarına uyğun sifariş olanda, edirəm. Əks halda yox.
- Pandemiya toylara yanaşmanı da dəyişdi. "Daha
əvvəlki toylar olmayacaq” deyirlər. Sizcə, bu yanaşma dəyişikliyi sizin
biznesinizə necə təsir edəcək?
-
Pandemiya dövrü göstərdi ki, toysuz da evlənmək olurmuş. Artıq xərclər olmadan
da toy etmək mümkün imiş. Bir toyda edilən israf heç yerdə olmur. Nə qədər
yemək-içmək qalır. Dünyada bu qədər aclıq-səfalət baş verdiyi dövrdə toylarda
bu qədər israfa yol verilməməlidir. İndiyə qədər toylarımızda iştirak edən adam
sayı hər birimizə məlumdur. 500-600 və hətta 1000 nəfərlik zallarda belə toylar
keçirilirdi. Yaxın bir neçə ildə o cür toylar yəqin ki olmayacaq. 4-5 ilə
tədricən o toylar bərpa edilə bilər. Amma hələ ki 50 nəfərdən çox adamın
iştirakına icazə veriləcəyinə inanmıram. Virus azaldıqca, bu rəqəm 100 ola
bilər.Toylara
icazə verilsə, biz yenə işimizi görəcəyik. Nəyəsə tələbat olmayacaqsa, deməli,
başqa istiqamətdə tələb yaranacaq və biz o işi görəcəyik. Az adamın iştirakı
ilə açıq hava toylarının sayı arta bilər. Bu, bizim üçün yaxşıdır. Açıq hava
toylarında dekor etməyi sevirəm.Xarici
toylara baxanda, stolların üstündə daha çox bəzək olur. Bizdə isə yemək-içmək o
qədər çox olur ki, dekorasiyanı stolun üstündən götürürlər. Avropasayağı toylar
çoxala bilər. Hansı formada etsələr, bizim üçün iş olacaq (gülür).
Aygün
Asimqızı