• cümə axşamı, 22 may, 08:27
  • Baku Bakı 14°C

“Nargin – saralmış kədər”in solmayan rəngi

21.08.22 11:45 1404
“Nargin – saralmış kədər”in solmayan rəngi

Bakıdan 10 kilometr aralı, çoxlarının görmədiyi, getmədiyi bir yer var. Adını eşitsək də, xəritədə görsək də, ayağımız ora dəyməyib, bəlkə də heç dəyməyəcək. Əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” kitabı bir növ o yerlərə qiyabi ekskursiya təşkil edir. Kitabı oxuduqca elə təsir oyanır ki, nə vaxtsa Nargin adasını gəzib-dolaşmışıq və Xəzərin qoynundakı bu ada səsimiz eşidiləcək qədər yaxındır. Bəlkə də elə bu duyğuların təsiri ilə müəllif yazır: “Elə yerlər var ki, insan mütləq ora getmək istəyir. Mən də çox istədim Narginə gedim. Yəqin, burada bir tale, bir qismət işi də var imiş ki, Narginə gəlmək nəsibimiz oldu...

...Nargində hər yer naməlum qəbirdir. Burada on mindən çox türk hərbçisi aclıqdan, susuzluqdan, dərmansızlıqdan, işgəncədən dünyasını dəyişib. Nargin qanı, dili, dini bizdən olanların son mənzili olub. Yüz ildən də çox vaxt keçib, amma bu ağrı əsla azalmayıb, əcdadların fəryadına çevrilib...”.

AZƏRTAC xəbər verir ki, “Libraf” kitab mağazasında nəfis şəkildə çap olunan “Nargin – saralmış kədər” romanı XX əsrin ikinci onilliyində baş verənlərdən bəhs edir. Uzun axtarışlar və araşdırmalar nəticəsində ərsəyə gələn roman tarixi faktlar əsasında qələmə alınıb və real hadisələr təsvir olunur. Azərbaycan ədəbiyyatında Nargin mövzusuna həsr olunan ilk ədəbi əsərdə insan taleləri, ağır dramatik həyat səhnələri xatırlanır. Romanda ziyalılar, maarifpərvərlər, milyonçudan tutmuş sadə adamlara qədər qeyrətli soydaşlarımızın göstərdiyi təmənnasız fədakarlıqlar qələmə alınıb.

“Nargin - saralmış kədər” romanında Birinci Dünya müharibəsi gedişində Nargin adasında əsir tutulan minlərlə türk hərbçisinin taleyindən, onların işgəncələrlə dolu həyatından, Azərbaycan xalqının, ziyalıların və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan söhbət açılır. Roman həm də Azərbaycan-Türkiyə qardaşlığının tərənnümü baxımından olduqca əhəmiyyətlidir.

Tarixin olduqca mürəkkəb dövründən bəhs edən roman yeddi hissədən ibarətdir və Nargin onları bir süjet xəttində birləşdirir. Həmin hissələrin hər birində zamanın, dövrün, müharibələrin, məkrin və xəyanətin insan taleyində açdığı yaraların izləri görünür.

Əsərdə obrazlar arasında fərqli vəziyyətlərdə və məkanlarda müxtəlif dialoqlarla rastlaşırıq. Milyonçu Tağıyevin, türklük aşiqi Ənvər Paşanın, bütün həyatını xeyriyyə işlərinə sərf edən Sona Hacıyevanın, öz evində namərdcəsinə güllələnən Murtuza Muxtarovun, Nargin adasında əsir tutulan Türkiyə tarixinin ilk pilotu Vecihi Hürkuşun, adada yaşanan faciəni öz gözləri ilə görən doktor Nəriman Nərimanovun dilindən səslənən ifadələr Azərbaycan-Türkiyə ortaq tarixinin ən ağrılı və qəhrəmanlıq dolu salnaməsinə işıq tutur. 1914-1918-ci illərdə davam edən Birinci Dünya müharibəsinin gedişində Qafqaz cəbhəsində əsir alınaraq Nargində saxlanılan minlərlə türk hərbçisinin məşəqqətli həyatı oxucunun gözləri önündə canlanır.

Müəllif yazır: “İnsan nə qədər güclüdürsə, demək, o qədər ağrı çəkir. Nargin həmişə mənə güclü, həm də ağrı çəkən insanı xatırladıb. Ucsuz-bucaqsız Xəzərin ortasında qərar tutmuş bu qatil adada bir vaxtlar baş verənlər hələ də millətin qanayan yarasıdır, bura insanlığın öldüyü yerdir. Burada zəiflərin bəxti gətirməyib, ancaq güclülər sağ qalıblar. Onların da ölümə qalib gəlməsinin bir səbəbi vardı: ümidə sarılmaq, xəyal quraraq yaşamaq...”

Roman olduqca canlı boyalarla qələmə alınıb, mübaliğə, yalan və uydurmalardan uzaqdır. Yazıçı həmin dövrün tarixi həqiqətləri barədə kifayət qədər dolğun məlumata malik olduğuna görə roman maraqlı faktlarla zəngindir. Tarixi və məsuliyyətli bir mövzuda, həm də tariximizin kifayət qədər mübhəm qalan, üz tutulmamış səhifəsinə baş vurmaq müəllifdən böyük cəsarət və ədəbi ustalıq tələb edir. Qatı açılmamış səhifələri vərəqləmək, onlara bugünkü prizmadan baxmaq çox ağır, ağır olduğu qədər də çətin və gərəkli işdir. Romanın bir qayəsi də yüz il əvvəl olanlara yüz il sonrakı canlı və müasir baxışdır. Bəlkə də Nargində ağır və dözülməz iztirablar çəkən türk oğullarının ruhu o qədər müqəddəs və pak olub ki, bir əsrdən sonra yenidən yaddaşlara ötürülüb...

AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının kitaba yazdığı “Nargin - qardaş harayının rəmzi...” sərlövhəli yazısında həmin dövrün tarixi mənzərəsinə qısaca ekskurs edərək bildirir ki, müəllifin qələmə aldığı mövzu artıq tarixi tədqiqat sərhədlərini aşaraq ədəbiyyata ayaq açıb. Tarixçi-alim yazır: “Üstündən 100 ildən çox vaxt keçsə də, bu mövzunun hələ də aktuallığını qoruyub saxlaması bir çox mətləblərdən xəbər verir. Çünki biz Nargin əsirlərinin taleyinə yalnız Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər, qardaşlarımızın üzləşdiyi faciələr prizmasından deyil, ən çətin anlarda polad birliyimizin nümayişi bucağından baxırıq. Bu baxımdan Yunis Orucovun romanını, eyni zamanda, gələcək nəsillərə yönəlmiş manifest də adlandırmaq olar”.

Əsərdə xalqımızın iki böyük övladının - Nəriman Nərimanovun və Məhəmməd Əmin Rəsulzadənin obrazları da diqqət çəkir. Onların arasındakı dialoq olduqca canlı və səmimi qurulub. Dövrün, zamanın üz-üzə qoyduğu hər iki tarixi şəxsiyyətin qarşılaşması olduqca təsirlidir.

Yunis Orucovun ilk romanında diqqəti çəkən məqamlardan biri də oxucunu axıra qədər öz ardınca aparmasıdır. Hadisələr o qədər canlı təsvir edilir ki, oxucu əsərin qəhrəmanları ilə birlikdə ağrıyır, yanıb-yaxılır, sızlayır, həyəcanlanır... Əlbəttə ki, bu, yazıçının uğuru və mövzuya peşəkar yanaşmasının nəticəsidir.

Kitabın redaktoru, Əməkdar jurnalist Firuzə Nadir “Saralmış kədərin səssiz harayı” sərlövhəli yazısında qeyd edir ki, romanı su içimi kimi sürətlə oxunur, çünki təhkiyə sadə, dil rəvan və oxunaqlı, dialoqlar isə canlıdır.

“Nargin – saralmış kədər” romanı tarixi həqiqətlərə güzgü tutmaq, keçmişimizin unudulmaz və ağrılı səhifələrini yenidən yaşatmaq, xatırlatmaq baxımından olduqca faydalı və gərəkli bir bədii əsər kimi çox böyük maraq doğurur və düşündürür, Azərbaycan və Türkiyə qardaşlığının tarixin hansı sınaqlarından keçdiyini bir daha nümayiş etdirir. Hər halda müəllifin özünün dediyi kimi, “kədəri və qədəri birləşdirən” Nargin adasında cərəyan edən hadisələri bədii əsərə çevirmək təkcə ədəbiyyat hadisəsi deyil, həm də yüz il əvvəlki keçmişə pəncərə açmaq, ona boylanmaqdır. Elə pəncərə ki, oradan tez-tez baxmaq və ibrətli nəticələr çıxarmaq lazımdır...

Həm də görünür Nargin adasında baş verənləri romanlaşdırmaq Yunisin qismətində varmış. O, bununla həm də özünü bir qələm adamı kimi tarixiləşdirdi, özü də əbədi...

banner

Oxşar Xəbərlər