• şənbə, 24 Fevral, 00:29
  • Baku Bakı 4°C

“Milyon illər sonra görüşdük”

18.11.23 00:45 3154
“Milyon illər sonra görüşdük”

 “Bu nəşrdə iki ölkənin tanınmış gənc şairlərinin şeirləri təqdim olunur. Hesab edirəm ki, şeir və şeriyyət bir xalqın hisslərinin özünüifadə formasıdır”.

“Azərbaycan və İtaliya arasında inanılmaz mehriban münasibətlər mövcuddur. Poeziyanı bir həyat yolu, səyahət və macəra kimi yaşayan Nəsimi ilə Dantenin vətəni olan bu torpaqlar bəşəriyyətin canlı və dərin dili olan “şeir dilində danışmağa” davam edir”.

Gənc italyan şairlərinin Azərbaycanda tanınmasına və Azərbaycan poeziyasındakı son tendensiyaların İtaliyada təbliğinə yönəli təşəbbüs olan “Milyon illər sonra görüşdük” antologiyasının təqdimatında səslənən bu fikirlər iki dost ölkənin poeziya üfüqlərinə gənc şairlərin töhfəsidir.

Nəşrlə bağlı ideya şair Davide Rondoninin 2019-cu ilin sentyabrında Bakıda keçirilən “Nəsimi - şeir, incəsənət, mənəviyyat” adlı festivalda iştirakı zamanı yaranıb. Antologiyanın italyan hissəsi şair Davide Rondoninin, Azərbaycan hissəsi isə “SÖZ” layihəsinin rəhbəri, şairə Nigar Həsənzadənin kuratorluğu ilə nəşrə hazırlanıb.

                                                     İndi biz fərqli sahədən danışırıq

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinin iqamətgahında reallaşan təqdimatda diplomat qeyd etdi ki, Azərbaycanla İtaliya arasında əlaqələr daha dərin tarixə əsaslanır: “Bu layihə bir tərəfdən maraq doğurur ki, Azərbaycanla İtaliya arasındakı əməkdaşlıq yalnız iqtisadi, ticari deyil, həm də mədəni əlaqələrdir. İndi biz neft və qaz sahəsindən fərqli sahədən danışırıq. Bu nəşrdə iki ölkənin tanınmış gənc şairlərinin şeirləri təqdim olunur. Hesab edirəm ki, şeir və şeriyyət bir xalqın hisslərinin özünüifadə formasıdır”.

Şairə Nigar Həsənzadə antologiyanın nəşrinə göstərdiyi dəstəyə görə səfirliyə təşəkkürünü bildirdi: “Hər iki antologiyanın Azərbaycanda və İtaliyada iki dildə nəşr olunması gənc müəlliflər arasında tanışlıq, həmçinin gələcəkdə qarşılıqlı yaradıcılıq işləri üçün yeni imkanlar açacaq”. Tədbirdə şairlərin Azərbaycan və italyan dilində şeirləri səsləndi.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər