Maşındakı dərmanlar bizi xilas edə bilərmi?

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP)
avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi
komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.
Bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
bildirib. O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində
xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir: "Bu, "Yol
hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman
qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat
məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında
olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin
tibbi yardım göstərməyi də bacarmalıdır”.Xatırladaq ki, 19 iyun 2020-ci il tarixdə həm "Yol hərəkəti
haqqında” qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək
avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirilib.
Lakin bu qutunun tərkibi ilə bağlı qoyulan tələblərdən də
narazılıqlar var. Bəzi ekspertlər belə hesab edirlər ki, bu dərmanların sayı
həddən artıq çoxdur və onların əksəriyyəti çox vaxt lazımsızdır. Digər tərəfdən, bir sıra
dərmanlar sabit temperaturu olmayan avtomobil salonunda qalaraq öz keyfiyyətini
itirir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Publika.az-a mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, qanuna ediləcək dəyişiklikdə həkimlərin və sürücülərin rəyləri mütləq nəzərə alınmalıdır: "Qanunvericilikdə tam dəyişiklik olması gözlənilir. Ümumilikdə həkimlərin və sürücülərin də rəyləri mütləq nəzərə alınmalıdır. Çünki sürücülər haqlı olaraq arqument ortaya qoyurlar ki, bu dərmanlar 50 dərəcə istidə məhv olur. Bu halda dərmanların nəinki faydası, əksinə istifadə edilərsə zərəri ola bilər. Dünya təcrübəsini nəzərə alaraq belə qayda tətbiq etmək lazımdır ki, ilkin tibbi yardım çantasında olan ləvazimatlar işə yarasın. İndiyə kimi bəlkə də 100 sürücüdən ancaq 2-3-ü bilir ki, dərman qutusundakı dərmanlar nə üçündür və nəyə yarayır.
SİYAHIDA 43 ADDA DƏRMAN VAR
Elə bir qayda tətbiq etmək lazımdır ki, həm sadə olsun, həm də istifadə edilməsi real görünsün. Siyahıda təxminən 43 adda tibbi ləvazimat və dərman var. Nəinki sürücülər, heç yol polisləri də bu dərmanların istifadə qaydalarını bilmir. Bütün bunlar onu göstərir ki, sadələşmələr aparmalı və yaddaqalan olmalıdır. Sadələşdirilsə belə təbliğat işlərini güclü aparmaq lazımdır ki, insanlar müxtəlif tibbi ləvazimatların nəyə yararlı olduğunu bilsin. Bu barədə televiziyalarda, saytlarda, sosial şəbəkələrdə təbliğat materialları yayılmalıdır. Çox istərdim ki, peşə məktəblərində də bu istiqamətdə maarifləndirmə işləri aparılsın.
Qəza zamanı yüngül xəsarətlər, qanaxmalar yarana bilər.
Bəlkə də vaxtında yardım edilsə, yaralını xilas etmək olar. Sürücünün biliksiz
olması nəticəsində aldığı xəsarətlər ağır fəsadlara gətirib çıxara bilər. İnsan
qanaxmadan ölə və ya ömürlük şikəst qala bilir. Dərmanlar apteklərdə xüsusi
temperaturda saxlanılır. Məlum məsələdir ki, avtomobildəki temperaturu
nizamlaya bilmirik. Əksəriyyəti köhnə avtomobillərdir, günəş şüası birbaşa
avtomobilin salonuna yönəlir, dərmansa orada getdikcə keyfiyyətini itirir.
Gələcəkdə bu dərmandan kimsə istifadə etsə, əks təsir göstərə bilər.
Sadələşdirildikdən sonra təbii ki, dərmanlar azaldılacaq, sürücülər o qədər
dərmanı almaq məcburiyyətində qalmayacaq, müəyyən ləvazimatların alınması
kifayət edəcək. Tibbi çantanın olmamasına görə cərimə 10 manatdır. İnzibati
qaydada tələb olmasa, bizim sürücülər bəzən bu məsələlərə laqeyd yanaşır. Odur
ki, yol polisləri də bu məsələyə ciddi yanaşmalıdır. Cərimə yazmasa belə
sürücüyə irad bildirməlidir”.
HEÇ
XƏSTƏXANADA BU QƏDƏR DƏRMAN YAZILMIR
Professor
Adil Qeybulla bildirib ki, sürücülərin biliksiz olması üzündən qanitirmədən,
şokdan, travmatik şokdan ölənlər az deyil:"Avtoqəzalar və ondan ölüm halları göstərir ki, vaxtında ilk yardım göstərilsəydi, yaralının həyatını xilas etmək olardı. Odur ki, ilk tibbi yardım qutusunda sarğı materialları, spirt, qanaxmanın dayanması üçün elastik sarğının olması mütləqdir. Siyahıya ilk tibbi yardımın göstərilməsinə kömək edən ləvazimatlar daxil olmalıdır”.
Professorun sözlərinə görə, ilk tibbi yardım qutusu ilə bağlı qanuna dəyişiklikdə dünya standartları əsas götürülməlidir:
"Həmişə alman maşınlarının ilk tibbi yardım qutularına
baxıram. Orada əsas sarğı materialı, birdəfəlik qayçı və antiseptiklər tələb
olunur. 43 adda dərman nəyə lazımdır? Xəstəxanalarda bu qədər dərman yazılmır”.
Fleboloq-cərrah İsmayıl Əsgərov da məsələyə münasibət
bildirib. Qeyd edib ki, avtomobillərin "apteçka”sında olan siyahıya faydasız
(validol, korvalol), ciddi kimyəvi yanıqlar, xəstəni ağrı şokuna salacaq, yara
sağalmasını gecikdirəcək yodun spirtdə məhlulu da daxil edilib. Təsəvvür edin
ki, qəza halında kimsə üz nahiyəsindəki yaraya yodun spirtdə məhlununu əlavə
edir, ömürlük qüsur verəcək qədər görkəm fəsadları yaradacaq, o cümlədən
bədənin digər sahələrinə də. Hüquqi şəxslər "apteçka” qutularının
dəyişdirilməsi məsələsində aiddiyyəti qurumlara istiqamət verməlidir”.
Ekspertlər hesab edirlər ki, yol hadisələri zamanı insan
ölümlərinin qarşısının alınması üçün sürücülərin ilkin tibbi yardım
biliklərinin artırılmasına ehtiyac var. Bu sahədə hansısa irəliləyişə nail
olmaq üçün sürücülük vəsiqəsinin verilməsində imtahana ilkin tibbi yardımla
bağlı sualların sayını çoxaltmaq olar. Bəzi mütəxəssislər isə əksinə, belə
hesab edir ki, tibbi yardıma aid suallara ehtiyac yoxdur. Çünki bu suallardan
bəzən sui-istifadə edilir. Sıravi vətəndaşların tibb sahəsində bilikləri
sıfırın altında olduğundan imtahanlarda məhz bu suallar səbəbindən sıxıntı
yaşayırlar.SÜRÜCÜLƏR İLKİN TİBBİ YARDIM QAYDALARINI ÖYRƏNMƏLİDİR
Həkimlərsə bu fikirdədir ki, sürücülər ilkin tibbi yardımla bağlı bilik və vərdişləri mənimsəməlidir. Yolda hər an qəfil, gözlənilməz bir hadisə baş verə bilər. Belə halda sürücü həm özünə, həm də qəzaya uğramış yolçuya ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Sadəcə, tibbi biliklərlə bağlı sualların vəsiqə almaq üçün imtahan verən şəxslərə qarşı sui-istifadə olunmasının qarşısı alınmalıdır. Sürücülük imtahanında ilkin tibbi yardımla bağlı suallar olmalıdırmı?
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlamasında bildirib ki, sürücülərin hazırlığı ilə bağlı 1974-cü ildə beynəlxalq standartlar qəbul olunub və «sürücü nəyi bilməlidir» proqramı təsdiq edilib. Proqrama əsasən sürücülük vəsiqəsi almaq iddiasında olan şəxs həkiməqədərki tibbi yardımla bağlı suallara da cavab verməlidir:
"Dünyanın hər yerində bu, belədir. Sürücü ilkin tibbi yardımın qaydalarını bilməlidir. Anidən baş verən yol-nəqliyyat qəzalarında bəzən sürücünün ilkin tibbi yardımın qaydalarını bilməsi insan həyatının xilas edilməsinə səbəb olur. Əgər qəza keçirmiş şəxsdə qanaxma başlayıbsa, ona kömək etmək istəyən adam qanın axmasını dayandırmağın yollarını bilməlidir. Ən azından həkim briqadası, təcili yardım maşını hadisə yerinə gəlib çıxanadək qanaxmanı dayandırmaq, yaxud azaltmağın üsulları var. Həmçinin, bəzən qəza zamanı zədələnmiş adamın nəfəs alması çətinləşir, boğulur, ona necə yardım göstərilməlidir, nəfəs almasını necə asanlaşdırmaq olar, bunu sürücülər bilməlidir. Eləcə də, sınıq, xəsarət almalar zamanı insan necə davranmalıdır ki,
sınmış sümüklər toxumaları zədələməsin və sairəni yardım etmək istəyən adam bilsə, qəza keçirmiş şəxsə çox köməyi dəyə bilər. Sürücü özü-özünə yardım etmək qaydalarını bilməlidir. Elə bir yerdə qəza keçirə bilər ki, ətrafda tənha olar, köməyə kimisə çağıra bilməz. Belə vəziyyətdə insan necə davranmalıdır, sıxılmış vəziyyətdən necə qurtarmalıdır, tərpənməli, yoxsa hərəkətsizmi qalmalıdır, bütün bunları bilmək hamı üçün xeyirlidir. Təkcə sürücülər deyil, başqa peşə sahibləri də ilkin tibbi yardım qaydalarını bilməlidir”.
Ə.Hüseynov sürücülük imtahanlarındakı tibbi biliklərlə bağlı suallardan bəzən sui-istifadə edilməsi məsələsinə də toxunub:
"Sürücülük imtahanları ilə bağlı dərslik var, orada sürücülüklə bağlı bütün məsələlər əksini tapıb. İlkin tibbi yardımla bağlı da bölmə var. İmtahan verməyə hazırlaşan, sürücülüyü öyrənmək istəyən gərək dərsliklə tanış olsun, öyrənsin. İmtahanlar üçün tutalım, 1000 sual hazırlanıbsa, bunun 10-u tibbi yardımla bağlı ola bilər. İmtahan verənə təqdim olunan 10 sualdan yalnız 1-i ilkin tibbi yardıma aid olur. Yerdə qalan suallar hərəkət qaydalarına aiddir”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən "Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.
