Maarifçi Tələbə Kredit Fondunun ilk sertifikatları təqdim olundu
30.06.16 19:21
2103
"Təhsil
Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondunun əsas
missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə
uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda
bərabər imkanların yaradılmasıdır”. Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit
Fondunun (MTKF) ilk kreditlərini alan
tələbələrə sertifikatların təqdim olunması mərasimində səslənən bu fikirlər gələcəkdə
bu istiqamətdə atılacaq addımların daha da təkmilləşdiriləcəyi inamını yaratdı.
Təhsil naziri Mikayıl Cabbarov, MTKF-nin icraçı direktoru Rüfət
Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələrin iştirak etdiyi tədbirdə
nazir fondun fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bölüşdü. Layihənin
birbaşa ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirildiyini qeyd edən M.Cabbarov bir çox ölkələrdə
olduğu kimi Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsinin tələbələrin
təhsil haqqını ödəməkdə yaranan çətinlikləri aradan qaldıracağını bildirdi: "Azərbaycan sosial dövlətdir.
Hər il tələbələrimizin 33 faizi dövlət hesabına təhsil almaq hüququ qazanır.
Amma ali təhsil almaq istəyən tələbələrin sayı daha çoxdur. Bəzi tələbələrin
oxuduğu müddətdə müəyyən problemləri ortaya çıxa bilir. Bu baxımdan, fondun
yaradılması sosial təminatı zəif olan tələbələrin problemlərinin həll edilməsinə
yönəlib. Layihəyə qoşulan ali məktəblər sosial məsuliyyət nümayiş etdiriblər.
Onlar tələbələrin akademik məzuniyyət götürməməsi
üçün şərait yaradıblar”.
Bu istiqamətdə dünya təcrübəsindən
danışan nazir qeyd etdi ki, heç yerdə təhsil kreditləri məktəblərin öz gücü ilə
təmin edilmir, digər mənbələrdən istifadə edilir: "Bu sahədə beynəlxalq təcrübə
fərqlidir. Özəl
sektor, dövlətin müxtəlif təsisatları və təşkilatları bu sistemə yardım edir. Burada bütün hallarda gəlir götürülməsi məqsəd deyil”. Nazir gələcəkdə kreditlərin
çeşidlərinin daha da artacağına ümidini gizlətmədi: «Özəl sektora, biznes
strukturlarına, mesenatlara üzümü tutaraq bildirirəm ki, kredit fondunun
qapıları açıqdır. Onlar bu layihəyə dəstək ola bilərlər. Həmçinin digər ali məktəbləri də bu fondda görmək istərdik. Belə olan halda
fond daha çox tələbə üçün əlçatan olacaq. Bu layihə təhsillə bağlı olsa da, sosial funksiya
yerinə yetirir. Ümid edirik ki, tələbələr ixtisasları üzrə təhsil
alıb əmək bazarında öz yerlərini tutduqdan sonra kreditlərini qaytarmağa
başlayacaqlar ki, bu da növbəti illərdə digər tələbələrin kredit almasına imkan
yaradacaq”.
Ali
məktəblərin artıq bir neçə ildir ki, özünümaliyyələşdirmə sisteminə keçdiyini
qeyd edən nazir ali təhsil ocaqlarının maliyyələşdirilməsinin müstəqil şəkildə
həyata keçirildiyini bildirdi: "Doğrudur, təhsil sistemi prioritet olduğuna görə
dövlət tərəfindən bu sahəyə kifayət qədər sərmayə yönəldilir. Amma bu, daha çox
ümumtəhsil və digər pillələrə aid olur, yeni universitetlərə lazım olan
maddi-texniki bazanın yaradılması üçün edilir. Ümumilikdə ali təhsil sistemində
ali məktəblərin gəlirlərinin təxminən 80 faizi əmək haqqı fonduna keçir. Yəni hər
100 manat təhsil haqqının 80 manatı müəllimlərin əmək haqqına sərf edilir.
Qalan xərclər məktəbin digər xərclərinə sərf edilir. Ali
məktəblər arasında bu rəqəm dəyişə bilər. Ali məktəblərin gəlirlərinin qalan
hissəsi əsaslı təmirə, maddi-texniki bazanın maliyyələşməsinə, elmi-tədqiqat
işlərinin aparılmasına və s. işlərə sərf edilir”.
M.Cabbarov bu gün dövlətin
ehtiyac duyulan qədər mütəxəssis hazırlığını üzərinə götürdüyünü də diqqətə
çatdırdı: "Lakin ali təhsil almaq istəyənlərin sayı çoxdur. Belə olduğu halda
müəyyən göstəriciləri əldə edənlər dövlət hesabına, digərləri isə öz
hesablarına təhsil alırlar. Biz bunu alqışlayırıq və ali təhsilin daha əlçatan
olmasına çalışırıq”. Dövlət sifarişinin formalaşmasının öz prinsipləri olduğunu
qeyd edən nazir dövlətin ən yüksək akademik bal toplayan tələbələrin təhsil
haqqını ödədiyini xatırlatdı: "Dövlət həmçinin bir sıra kateqoriyalardan olan vətəndaşların
da təhsil xərclərini öz üzərinə götürür. Bəzən bir çox təhlili məqalələrdə: "Niyə
sovet dövründə təhsil pulsuz idi, lakin bu gün təhsil ancaq bir qrup tələbə
üçün pulsuzdur”?”,- deyə qeyd edilir. Heç kim xatırlamaq istəmir ki, sovet
dövründə yalnız müəyyən sayda tələbə ali təhsil ala bilərdi. Həmin vaxt dövlət
sifarişinə düşməyən şəxsin ali təhsil almaq hüququ yox idi. Amma bu gün
liberallaşmaya gedirik”.
MTKF-nin icraçı direktoru Rüfət Mahmud məlumat verərək
kredit üçün sənəd qəbulunun iyunun 3-dən 25-dək aparıldığını diqqətə çatdırdı.
Belə ki, bu müddətdə 300-dən çox tələbə və onların valideynləri fondla əlaqə
saxlayıb: "Kredit almaq üçün müraciət yalnız elektron qaydada aparılır. İyunun
3-dən 25-dək olan müddətdə 300-dən çox tələbə və valideyn fondun saytına daxil
olaraq kredit almaq üçün maraqlanıblar. Onların hər biri ilə danışıqlar
aparılıb. Fondun qaydaları çərçivəsində 55 müraciətə baxılıb, şərtlərə cavab
verən 22 tələbə ilə müqavilə imzalanıb. Müqavilələrin 10-u standart, 12-si isə
güzəştli kredit paketləri üzrə olub. Mənfi cavab alan tələbələr akademik göstəricisi
71-dən aşağı olanlar, sənədləşmə uyğunsuzluğu olanlar olub”. Fond rəhbərinin
sözlərinə görə, maraq həddən artıq çox olub. O cümlədən Lənkəran Dövlət
Universitetindən artıq yazılı şəkildə müraciət olunub. Eyni zamanda, tələbələr
və valideynlər şərtlərin yüngülləşdirilməsi ilə bağlı müraciətlər ediblər:
"Bütün təkliflərə fondun Himayəçilər Şurasının iclasında baxılacaq”.
Tədbirin sonunda təhsil
naziri MTKF-nin ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq
setifikatları təqdim etdi.