• çərşənbə axşamı, 27 may, 21:14
  • Baku Bakı 24°C

Koksaki virusuna laqeyd yanaşmaq olmaz

19.12.19 10:00 3735
Koksaki virusuna laqeyd yanaşmaq olmaz
Xəstəliyə yoluxmuş şəxs ətrafdan təcrid olunmalı, müalicəsi həkim nəzarəti altında aparılmalıdır

Son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni bir xəstəlik yayılıb. Həkimlər bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin koksaki virusu olduğunu bildirirlər. Səhiyyə Nazirliyi Trend-ə açıqlamasında ölkədə bu virusun olduğunu təsdiqləyib. Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.
Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur. Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər: "Koksaki virusuna yoluxan bəzi şəxslərdə mədə-bağırsaq pozğunluğu da olur. Bunu da qidalanma zamanı nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, adətən koksaki xəstəliyinə yoluxanlar bunu yüngül keçirir, onun orqanizmdə elə bir fəsadı olmur. Amma xəstə özbaşına dərman qəbul etməməli, müalicəsini həkim nəzarəti altında aparmalıdır".
Qeyd edək ki, hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.
Məlumat üçün deyək ki, uşaq infeksiyaları çoxlu sayda mikroorqanizmlər tərəfindən törədilir. Onlardan biri də koksaki virusudur. Bu, çox yoluxucu RNT-virus olub, mədənin turş mühitində inkişaf edir. Lakin koksaki virusu təkcə insanın mədə-bağırsaq traktını deyil, demək olar ki, istənilən digər orqan və toxumaları da zədələyə bilir. Daha çox sinir sisteminə zərər yetirir. Lakin infeksiyanın ən çox rast gəlinən əlamətləri – diareya, ümumi intaksikasiya, spesifik səpkidir. Xəstəlik adətən, xoşxassəli gedişata malik olsa da, bəzi hallarda təhlükəli ağırlaşmalara gətirib çıxarır. Koksaki virusunun 30-a yaxın növü var. Lakin parazitləşmə üsuluna görə onlar 2 növə bölünür. Geniş yayılmış növlərin çoxunu A tipinə aid edirlər. Onların lokalizasiyası - selikli qişa və dəridir. Əgər uşaq virusun məhz bu serotipinə yoluxmuşsa, xəstəlik özünü herpangina, seroz meningit, vezkulyar stomatit, kəskin hemorragik konyunktivit formasında
büruzə verə bilər. B tipli bütün viruslar patogendir. Onlar plevranı, ürəyi, mədəaltı vəzini, xüsusən də qaraciyəri zədələyir.
Maraqlıdır, bu virusun hansı fəsadları var, ondan necə qorunmaq olar?
Pediatr Nəsib Quliyevin sözlərinə görə bu virus epidemik halda yayılmayıb, tək-tək yoluxma var: "Koksaki virusuna ilk dəfə ABŞ-da Koksaki şəhərində rast gəlinib. Bu virus uzun müddətdir ki, ölkəmizdə müşahidə edilir. Əslində, bu virusun ölkəmizdə yayıldığını demək düzgün deyil. Çünki epidemik halda yox, tək-tək xəstələrdə tutulma olur. Payız, qış aylarında uşaqlar arasında xəstəlik törədən viruslara yoluxma halları daha çox baş verir. Bu elə də sensasion hal deyil. Bir-iki nəfərdə virusun aşkar olunması onun ciddi şəkildə yayılması demək deyil”.
Baş pediatr uşaqları bu virusdan necə qorumalı olmağımızdan da danışdı: "Uşaqları virusdan qorumaq üçün ilk növbədə yayda mümkün qədər vitaminli bəsləmək lazımdır. Yaxşı bir atalar misalı var ki, qışın tədarükünü yayda görərlər. Yay mövsümündə uşaqlara kifayət qədər meyvə, tərəvəz yedirtmək lazımdır. Onların immunitet sistemini gücləndirməliyik ki, viruslara yoluxma halı baş verməsin. Bunu da qeyd edim ki, virus xəstəliklərinin spesifik müalicə üsulu yoxdur. Viruslar çox sürətlə artıb-çoxalırlar. Ona görə də ciddi şəkildə qorunmaq, bəzi profilaktik tədbirlər görmək lazımdır. Məsələn, uşaqları virusa yoluxmuş insanla eyni yerdə saxlamaq olmaz. Elə ailələr var ki, evdə böyüklərdə kimsə qripə yoluxub, amma uşaqla əlaqədə olur. Bu yolverilməzdir. Mütləq şəkildə uşağı bir neçə gün həmin şəxsdən uzaq tutmaq lazımdır. Yaxud virusa yoluxmuş uşağı xəstə vəziyyətdə dərsə göndərirlər. Bu həm orada olan uşaqlar, həm də xəstə uşağın özü üçün təhlükəlidir. Belə ki, həm uşağın vəziyyəti ağırlaşa, həm də digər uşaqları yoluxdura bilər. Yəni hər şeyi tibb işçilərindən gözləmək olmaz. İnsan özü də sağlamlığının qeydinə qalmalıdır”.

Tibb üzrə ekspert, professor Adil Qeybulla məsləhət görür ki, bu dönəmlərdə insanlar respiratorlardan istifadə etsinlər: "Koksaki virusu suçiçəyi tipli bir virusdur, amma suçiçəyi deyil. Böyüklər arasında yayılsa da, amma ən çox uşaqlarda rast gəlinir. Virus infeksiyasına xas əlamətlərə boğaz ağrısı, ağızda səpkilər, qızdırma, ishal daxildir. Həmçinin dəridə də səpkilər müşahidə oluna bilər. Bu sadaladığım əlamətləri özündə və ya övladında hiss edənlər mütləq şəkildə həkim yoxlanışından keçməlidir. Bu xəstəlik adətən 1 həftə, 10 günə sağalır. Amma bəzi məqamlarda ağırlaşır, hətta ölüm halları da baş verə bilir. Ona görə də virusun yayılmasının qarşısını alaq üçün tədbirlər görmək lazımdır. Məsləhət görərdim ki, bu dönəmlərdə insanlar maskalardan istifadə etsinlər. Amma təəssüf olsun ki, bəziləri kompleks edir, maska taxmaq istəmir. Virusa yoluxan şəxslər izolyasiya olunmalıdır. Bir müddət yataq rejimində yaşamalı, çoxlu maye qəbul etməlidirlər. Qeyd edim ki, virusların birbaşa olaraq müalicəsi yoxdur. Lakin
bədənin gücləndirilməsi, immunitetin artırılması virusların bədəndən təmizlənməsinə kömək edir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər