Jurnalistika fakültəsində repressiya dövrünə qiyabi səyahət
04.12.19 20:16
1302
Bu dəfə tələbələr dərs keçdi, müəllimlər dinlədi
Azərbaycan
jurnalistikası uzun və məşəqqətli bir yol keçərək bu günümüzədək öz varlığını
qoruyub saxlayıb. Bu tarix müxtəlif dövrlərdə fərqli hadisələrə şahidlik edib. Hansı
ki, həmin hadisələr bundan 100 il sonra da yaddaşlardan silinməyəcək.
Azərbaycan jurnalistika tarixi bir neçə dövrə bölünür. Hər biri isə özünəməxsusdur.
Lakin Sovet dövrünü bizim üçün digərlərindən fərqləndirən, daha ağrılı, acılı
bir dövr kimi xatırlamağımıza səbəb olan müəyyən hadisələr olub. Həmin
hadisələr haqqında kitablardan, müxtəlif mənbələrdən məlumat əldə etmişik. Amma
bu dəfə həmin faciəli dövrü tələbələrin dilindən eşidəcəyik.
Belə
ki, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Azərbaycan jurnalistika
tarixi (Sovet dövrü) dərsində iştirak etdik. Fənni fakültənin Mətbuat tarixi və
ideoloji iş kafedrasının dosenti, əməkdar jurnalist Qərənfil Dünyaminqızı
tədris edir. Amma bu dəfə o, yerini tələbələrinə verdi. Dərsin mövzusu
"Repressiya dövrünün jurnalistləri və siyasi vəziyyət” idi. Təbii ki, mövzu
olduqca genişdir, saatlarla danışmaq mümkündür. Lakin 90 dəqiqədə, yəni bir
dərs müddətində tələbələr bu mövzu ətrafında bildiklərini auditoriya ilə
bölüşdülər. Dərsdə fakültənin sayılıb-seçilən müəllimləri iştirak edirdi.
Əlbəttə, bu müəllimlər qarşısında tələbələrin mətbuatın hansısa dövründən
danışması, həmin dövrü əhatə edən informasiyalarla çıxış etməsi olduqca çətin
və məsuliyyətli işdir. Ona görə də tələbələrin çıxış zamanı həyəcanlı olduqları
hiss edilirdi. Qeyd edək ki, dərsi Jurnalistika fakültəsinin 3-cü kurs
tələbələri Ürfət Mirzəyev, Günəş
Mərdiyeva və Gülayə Mecid tədris
etdi.
İlk
çıxışçı Ürfət Mirzəyev oldu. O,
repressiya dövründə gedən proseslər və çap edilən mətbuat orqanları haqqında
məlumat verdi. Çıxışçı həmin dövr haqqında təsəvvürümüzün yaranması üçün nəşr
olunan məqalələrin sərlövhələrinə nəzər yetirməyin kifayət olduğunu qeyd edir:
"Məqalələrin başlıqlarına nəzər salmaqla, həmin dövrdə Azərbaycan mətbuatının
hansı vəziyyətdə olduğun anlamaq mümkündür. Kollektivləşmənin əleyhinə çıxanlar
təqiblərə məruz qalırdılar, onların aşkarlanmasında mətbuat bir növ partiyanın
köməkçisi kimi çıxış edirdi. Bu təqiblər xüsusilə də dövrün ziyalı
şəxsiyyətlərinə qarşı idi”.
Gülayə Mecid
isə həmin dövrdə gedən siyasi proseslərdən, həyata keçirilən islahatlardan
söhbət açdı: "İlk olaraq əlifba islahatından danışmaq istəyirəm. 20-30-ci illər
arasında əlifba ilə bağlı bir sıra islahatlar olub. Nə üçün əlifba islahatı?
Çünki əlifba milli şüura, mənəvi-psixoloji vəziyyətə təsir edən əsas amillərdən
biridir. İslahatın həyata keçirilməsinin əsas məqsədi isə rus ideologiyasını
təbliğ etmək idi. Hətta Azərbaycan yeganə dövlətdir ki, keçən əsrdə 4 dəfə
əlifba islahatı keçirilib. Bu da ölkəmizin istər elm, təhsil, istərsə də
mətbuat baxımından geri qalmasına səbəb olmuşdur. Amma buna baxmayaraq, bu gün
həm mətbuat, həm də elm və təhsil sahəsində kifayət qədər inkişaf etmiş ölkələr
sırasındayıq”.
3-cü
çıxışçı Günəş Mərdiyeva isə həmin
dövrdə repressiyaya məruz qalan ziyalılar haqqında məlumat verdi. Xüsusilə də
Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım barəsində qeyd edilənlər olduqca
maraqlı idi.
Çıxışlardan
sonra tələbələrin hazırladığı, repressiya qurbanlarından bəhs edən videorolik
nümayiş etdirildi. Daha sonra isə açıq dərsdə iştirak edən müəllimlər
tələbələrin çıxışı ilə bağlı fikirlərini bildirdilər.
Dərsin
bitməyinə az qalmış, çıxışçılarla həmsöhbət olub, yaşadıqları bu təcrübə ilə
bağlı təəssüratlarını öyrənirik.
Ürfət
Mirzəyev artıq ikinci dəfədir ki, belə təcrübə yaşadığını qeyd edir: "Bu mənim
ilk sınağım deyildi, ikinci dəfədir ki, tələbə yoldaşlarım qarşısında dərsi mən
tədris edirəm. Bizə belə bir şərait yaratdığı üçün başda Qərənfil xanım
olmaqla, bütün müəllimlərimizə təşəkkür edirəm. Əslində, bir neçə mövzu vardı,
amma tələbə yoldaşlarımızla repressiya dövrünü seçmək qərarına gəldik. Növbəti
mərhələdə də bu dövrü araşdırmağı düşünürəm”.
Gülayə
Mecid isə bu dövrü araşdırarkən kitablardan və internet resurslarından istifadə
etdiyini bildirdi: "Bu mənim auditoriya qarşısında müəllim kimi ilk çıxışımdır.
Çox həyəcanlı idim. Bu təcrübə ilə müəllimlərin üzərinə düşən ağır yükün
fərqinə vardım. Növbəti mərhələdə 20-30-cu illərdə baş verən siyasi prosesləri
tədqiq etmək istəyərdim”.
Günəş
Mərdiyeva bu dərsə hazırlaşan zaman repressiya
dövrü ilə bağlı geniş məlumatlar əldə etdiyini dedi: "Biz bu dövrü araşdırmaqla
bərabər, videoroliklər də hazırlamışıq. İşimizdən böyük zövq aldım. Əgər
işimizi zövq alaraq, sevərək etməsəydik, başa çatdıra bilməzdik. Hətta deyərdim
ki, qiyabi olaraq o dövrə səyahət etdim. Növbəti mərhələdə isə mətbuatımızın
inkişafında əvəzsiz rolu olan "Molla Nəsrəddin” jurnalı ilə bağlı müəyyən
məqamları araşdırmaq istərdim”.
Sonda
isə Qərənfil müəllimə də tələbələrinin keçdiyi dərslə bağlı fikirlərini
bölüşdü: "Mən bu gün bir daha hiss etdim ki, hər sahədə Azərbaycan gəncliyinə
güvənmək olar. Ölkəmizdə aparılan islahatlardan da görünür ki, gəncliyimizin
çox parlaq gələcəyi var. Sadəcə, biz böyüklər bu yolda onlara kömək etməliyik,
estafeti onlara ötürməliyik. Mən əminəm ki, gələcəyin siyasi xadimləri,
görkəmli şəxsiyyətləri bu auditoriyada yetişir”.