• şənbə, 20 Aprel, 01:11
  • Baku Bakı 15°C

İş yoldaşımıza “siz” deyə müraciət etməliyik?

03.04.21 11:00 1656
İş yoldaşımıza “siz” deyə müraciət etməliyik?
Fəridə Fərəcova: "Mədəni insan kimi özümüzü formalaşdırmağımız üçün səbir, nəzakət və peşəkarlıq bir yerdə olmalıdır”

"Pilləkənlə düşərkən kişi həmişə qarşıda getməlidir. Qalxanda isə qadını önə buraxmaq lazımdır. Əgər pilləkən qaranlıq və təhlükəlidirsə, o zaman kişi yenə önə keçə bilər”.

"Taksidə sürücü ilə mümkün olduqca danışmamalı, siyasi müzakirələr edilməməlidir”.

"Qonaq gedərkən qapının zəngi ən çox 3 dəfə çalınmalıdır. Birinci zəngdə cavab verilməzsə, 1 dəqiqə gözləyib ikinci dəfə zəng çalınmalıdır. Bu dəfə də cavab verilməzsə, bir neçə dəqiqə sonra üçüncü dəfə zəngi çalmalıyıq. Qapını açan olmazsa, 5 dəqiqə gözləyib getmək lazımdır”.

Xəstəyə baş çəkərkən "xəstəliyin nədir?” sualını verməməliyik. Bunu etdikdə xəstəyə xəstəliyini xatırladaraq ona təkrar neqativ emosiyalar yaşada bilərik. Gün ərzində hər ziyarətçi bunu soruşsa, xəstənin özünü yaxşı hiss etmək şansı ola bilərmi?”

Bunlar "Instagram”dakı "Letiquette FF” səhifəsində etiket qaydaları ilə bağlı paylaşımlardan bir neçəsidir. Səhifədə salamlaşma, süfrə, işgüzar mühit və s. istiqamətlərdə etiket qaydaları ilə bağlı paylaşımlar edilir. Səhifəyə göz atdıqca, görürsən ki, bu işdə incəlik çoxdur. Elə bu incəliklər haqqında səhifəninyaradıcısı, "ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin əməkdaşı, psixoloq Fəridə Fərəcova ilə söhbətləşmək qərarına gəldik.

Qeyd edək ki, F.Fərəcova bir müddət Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya fənnini tədris edib.
- Psixoloqsunuz və elə sırf bu yöndə ümumi bir səhifə də açmaq olardı. Düzdür, bu səhifədə də psixoloji tərəf var, amma daha çox etiket yönümlüdür. Niyə etiket qaydaları?
- İnsanlar məktəbdə, ali təhsil müəssisələrində, kurslarda yüksək səviyyəli biliklər əldə edə, müxtəlif istiqamətlərdə ixtisaslaşa bilirlər. Ancaq o bilikləri necə ifadə etməyə gəldikdə, bir çox problemlər özünü göstərir və məmnunluq əmsalı aşağı düşməyə başlayır. Yəni çox bilmək kifayət etmir, onu qarşı tərəfə düzgün çatdırmaq da önəmlidir. Etiket qaydalarına riayət etdikdə isə özümüzü, işimizi, əldə etdiyimiz bilikləri düzgün şəkildə ifadə imkanı qazanırıq. İnsanlar cəmiyyətdə öz davranışlarını daha düzgün tənzimləyə, ətrafdakı insanlarla daha sağlam ünsiyyət, münasibət qura bilirlər. Bu səbəbdən, psixologiya yox, etiket qaydalarına yönəlik səhifə tərtib etmək istədik. Düzdür, ali təhsil müəssisələrində etika, ünsiyyət psixologiyası və s. bu kimi fənlər də tədris olunur. Burada daha çox dinləmə, izahetmə qabiliyyəti, bədən dili anlayışları, göz kontaktı və s. kimi mövzulara toxunulur. Amma mövzu genişdir və etiket qaydaları ilə bağlı maariflənməyə ehtiyac var.
- Yəni problemin böyük olduğunu hiss etdiniz?
- İstər işgüzar mühitdə, istər idarəetmədə, istər də ictimai yerlərdə bu ehtiyacı müşahidə edirdim. Bəzi insanlar çox səliqəli geyinirlər, xarici görünüşündə problem yoxdur, amma davranışları buna uyğun deyil. Artıq burada mədəni insan amilindən danışa bilmərik. Bəli, ehtiyac böyük idi.
- Etiket qaydalarına əməl etməklə bağlı danışanda, "Uşaqlıqdan öyrədilməlidir”, "Ailədə görməlidir” və s. kimi cümlələr də dilə gətirilir.
- İlk olaraq davranış, etiket qaydaları ailədə aşılanır. Yəni uşaqlar ailədə öz şəxsiyyətlərini, mənlərini tanıdıqdan sonra görüb-götürdükləri o nəzakət qaydalarını özlərində vərdişə çevirirlər. Uşaqlar ictimai mühitə atıldıqdan sonra mühit də onların xarakterinə təsir göstərir. "Ailədə varsa, uşaqda da olacaq, yoxdursa, olmayacaq” da demək düzgün deyil. Çünki etiket qaydalarını hər kəs öyrənib gözəl şəkildə təqdim edə bilər.
- Bəzən etiket qaydalarını sonradan öyrənib tətbiq edənlərdə bu, süni alınır. Hansısa etiket qaydasını öyrənib tətbiq ediriksə, təbii və uğurlu alınması nədən asılıdır?
- Hansısa etiket qaydasını özümüzdə vərdişə çevirməklə, mütəmadi olaraq istifadə etməklə bunu daha təbii başara bilərik. Yəni nə dərəcədə təbii alınması vərdişdən və təcrübədən asılıdır. Artıq bu qayda həyatımızın ayrılmaz parçasına çevrilir. Nəzəri olaraq üsulları öyrənmək lazımdır. Amma bunu təcrübədə təkmilləşdirmək önəmlidir.
- Xüsusilə, kompliment deyənlər bəzən bunu peşəkarcasına çatdıra bilmirlər.
- Bəli, belə hallar da çox olur. Kompliment, çox vaxt bir cümlədən ibarət olur. O cümləni düzgün və yerində demək önəmlidir. Dediyin adam kimdir? Hansı mühitdəsiniz? Bu iki sualın cavabı önəmlidir. Yəni işgüzar və şəxsi kompliment var. Məsələn, kompliment işgüzar mühitdə deyilirsə, qarşı tərəfin işgüzar keyfiyyətləri ilə bağlı kompliment söyləməliyik. İşgüzar mühitdə onun şəxsi göstəricilərinə görə kompliment deyilərsə, bu, qarşı tərəfi qıcıqlandıra bilər və kompliment heç bir effekt verməz. İşgüzar komplimenti, adamı tanımasaq, onun şəxsi keyfiyyətlərini bilməsək belə, deyə bilərik. Məsələn, siz çox bacarıqlı, məsuliyyətli əməkdaşsınız. Əgər şəxsi kompliment deyilirsə, qarşı tərəfin xarakterinə az-çox bələd olmaq lazımdır. Həmin şəxsə deyəcəyimiz komplimentin onun xoşuna gəlib-gəlməyəcəyini bilməliyik.
- Kompliment mütləq bir cümlədən ibarət olmalıdır? Bəzən bir-iki cümlə deyil, daha çox olur…
- (Gülür) Kompliment maksimum 1-2 cümlədən ibarət ola bilər. 2 cümlədən artıq deyilirsə və həmin istiqamətdə o tip daha çox cümlə dilə gətirilirsə, kompliment yox, sözün əsl mənasında tərif olur.
- Bu sahəyə köklənibsiniz deyə, yəqin ki ətrafda etiket qaydalarının pozulması halları olanda, daha tez diqqətiniziçəkir. Müşahidələriniz nə deyir? Ən çox hansı etiket qaydalarında səhv edilir?
- Restoran-kafelərdə, ictimai nəqliyyatda, idarəetmədə və s. hər yerdə səhvləri görmək mümkündür. İş yerlərində bir əməkdaşla digər əməkdaş arasında, əməkdaşla digər rəhbər şəxs arasında müəyyən problem özünü göstərir. İnsanların kütləvi toplandıqları yerlərdə də bu səhvləri çox görə bilirik. Sadə bir etik səhv insanların həddindən artıq yüksək səs tonu ilə gülməsidir. Bu, ətrafdakı insanlarda diskomfort yaradır. Restoranda və ya digər bir yerdəyiksə, nəzərə almalıyıq ki, ətrafda bizdən başqa da adamlar var və onlar narahat ola bilərlər.
Digər etik səhv mobil telefonla yüksək səs tonu ilə şəxsi söhbətlər edilməsidir. Etiket qaydalarında göstərilir ki, ətrafımızda digər insanlar varsa, yaxşı olar ki, telefonda şəxsi söhbətlər etməyək, danışığımızı 30-40 saniyə ərzində yekunlaşdıraq. Bir dəfə bir saatlıq yolda tanımadığım xanımın yüksək səslə şəxsi məsələlərini danışdığının şahidi oldum. İnsanlar düşünürlər ki, ətrafda heç kim onu tanımır, amma bu hallar etik deyil.
- Dost-tanışlarımızın yanında da gələn zənglərdə danışıq müddətimiz 30-40 saniyədən çox olmamalıdır?
- Yanımızda tanımadığımız insanlar varsa, bu limiti gözləsək, yaxşı olar. Amma dostlarla oturmuşuqsa, yad adam yoxdursa, limiti qorumağa ehtiyac da qalmır. Tanışlara gəlincə, bu, bizim həmin şəxs və şəxslərlə nə dərəcədə yaxın olmağımızdan
asılıdır. Hər bir halda, yaxşı olar ki, zəng gəlirsə və söhbət uzanacaqsa, kənara çəkilib həmin zəngə cavab verək. Vacib zəng deyilsə, ertələyib sonra da cavab vermək olar.
- Ən çox müzakirə olunan məsələlərdən biri də "sən” və "siz” müraciət formasıdır. Bir qisim insan var ki, səmimilik üçün "siz”ə ehtiyac görmür.
- "Sən” anlayışını biz, adamı tanıdığımız halda istifadə edirik. Amma işgüzar mühit istisnadır. İşgüzar etikada "sən” anlayışı yoxdur, yalnız "siz” deyə müraciət edilməlidir. Rəhbər şəxslə ünsiyyətdə olanda da, müştəri ilə işləyəndə də belə olmalıdır. İş yoldaşlarımızla yaxın münasibətimiz varsa, "sən” deyə müraciət ediriksə, amma işdə yanınızda tanımadığınız biri varsa, iş yoldaşımıza "siz” deyə müraciət etməliyik. İşdən sonra yaxın insanlar bir-birlərinə "sən” deyə bilərlər.
Xidmət sahəsində "sən” müraciət formasından istifadə edilməməlidir. Xidmət göstərdiyin hər bir şəxsə "siz” deyilməlidir. Ən çox satıcılar bu səhvi edirlər. Müştərilərə çox vaxt "sən” deyə müraciət edirlər. Bu, kobud səhvdir. Satıcı məni tanımır, mən də onu, üstəlik də xidmət sahəsidir.
İşgüzar mühiti kənara qoysaq, tutaq ki, dostunuzlasınız, onun yanında kimsə var və siz onunla tanış deyilsiniz. Dostumuzun yanında olsa belə, siz ilkin tanışlıq zamanı ona "sən” deyə müraciət etməməlisiniz. Bu, adamı qıcıqlandıra və haqqınızda ilkin təəssüratı səhv ola bilər. Ünsiyyət qurduqdan, müəyyən söhbət etdikdən sonra, "sən” demək olar. Yeni tanış olduğumuz adamın maraqlarını, dəyərlərini bildikdən sonra yavaş-yavaş "siz”dən "sən”ə keçə bilərik. Bunun üçün müəyyən müddət lazım olur.
- Bir paylaşımınız da sosial şəbəkələrdə etik qaydalara riayət etməklə bağlı idi. Buna da toxunaq…
- Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Şəxsi hesabımız olsa belə, bəzi məsələlərdə diqqətli olmaq lazımdır. Məsələn, əgər dostluğumuzda vəzifəli şəxslər və yaxud iş yerindəki rəhbər şəxslər varsa, birmənalı olaraq paylaşdığımız statuslara, şəkillərə diqqət edək. Bu, kənardan xoş qarşılanmaya bilər. Əgər elə adamlar yoxdursa, problem yoxdur.
Yaxud bəzən adamlar sosial şəbəkədə digər şəxsə dostluq göndərən zaman çox israrlı olurlar. Qarşı tərəf qəbul edənə qədər israrla dostluq göndərirlər. İsrarla bir insana davamlı olaraq dostluq göndərmək qeyri-etikdir.
- Bəzən kiminsə həddindən artıq etiket qaydalarına riayət etdiyini görəndə, dostları "bir az rahat ol” tipli zarafatlar da edirlər. O adam nəyi səhv edir?
- Mən qeyd etdiyim etiket qaydaları daha çox sosial dairələr, ətrafımızda tanımadığımız adamlar olan mühit üçün keçərlidir. Yəni işgüzar mühit, ictimai yerlər və s. ola bilər. Amma dost-tanışlarımızla görüşürüksə, bəzi etiket qaydalarına riayət etməyə bilərik. Məsələn, süfrə etiketi ilə bağlı deyək. Korporativ yeməklərdə riayət edir, amma dost-tanışla görüşəndə, etməyə də bilərik.
- Normal vaxtda mədəni, etiket qaydalarına riayət edən biri kimi tanıdığımız şəxs, gərgin, stressli durum olanda, əvvəlki adam olmur. Deyirsən ki, bu, həmin adamdır? Qaydaları bilməklə yanaşı, nəyi balanslaşdırmalıyıq ki, qəfildən içimizdən başqa biri çıxmasın?
- Bu kimi situasiyalara mən də rast gəlirəm. Etik davranış ilk olaraq səbirdən başlanır. Hər bir məsələyə səbirlə yanaşmalıyıq. Biz nə qədər gülərüz olsaq da, etiket qaydalarına riayət etsək də, göz kontaktını qoruyub saxlasaq da, "siz” deyə müraciət etsək də, qarşı tərəfi dinləməyə səbrimiz çatmırsa, qarşı tərəfin fikrini, sözünü yarıda bölürüksə, bu, artıq digər üstünlüklərə kölgə sala bilir. Bu, adi həyatda və ya işgüzar mühitdə ünsiyyətdə olduğumuz biri ola bilər. Qarşımızdakını dinləməyə səbrimiz çatmırsa, cümləsini yarıda bölüb özümüz danışırıqsa, nəticə olaraq fikrimizi yanlış ifadə edə bilərik və bud a qarşı tərəfi qıcıqlandırar və aqressiyasına səbəb olar. Mədəni insan kimi özümüzü formalaşdırmağımız üçün səbir, nəzakət və peşəkarlıq bir yerdə olmalıdır.
- Sizcə, bu qaydaların hamısına riayət etmək nə dərəcədə mümkündür?
- Vərdiş halına gətirdikcə, mümkündür və heç də çətin məsələ deyil. Bu qaydalara riayət etmək bizim uğurlu biri olmağımızda önəmli paya malikdir. Uğurlu olmaq isə təbii ki bizim xoşbəxt olmağımıza gətirib çıxarır.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər