• şənbə, 21 Iyun, 07:55
  • Baku Bakı 19°C

İdman dərsini “sağlamlıq dərsi”nə çevirməyin yolları

28.09.17 10:15 5050
İdman dərsini “sağlamlıq dərsi”nə çevirməyin yolları
Kim sevirsə idmanı,
Poladdan olar canı.
İdmanı sevirik biz,
Bərkiyir bədənimiz.
Orta məktəbdə oxuyarkən idman ən çox sevdiyim fənlərdən biri idi. İdman dərsi olan gün xüsusi bir istəklə məktəbə gedirdim. Çünki həmin dərsdə məcburiyyət yox idi. Evdən gətirdiyimiz idman paltarlarını geyinir, idman müəllimimizin göstərişi ilə ilkin hərəkətləri edirdik. Sonda isə uşaqlarla biri-birindən maraqlı oyunlar oynayardıq. Topla olan oyunlarımız daha əyləncəli olardı. Oğlanlar futbol, qızlar voleybol, ya da hamımız birlikdə "ortada qaldı” oynayardıq. Deyərdim ki, bəlkə də ən çox əyləndiyimiz, birgə gözəl vaxt keçirdiyimiz yeganə dərs idi. Çünki idman dərsi bizə həmin yaş dövründə dərslərdən vaxt tapıb evdə yaşaya bilmədiyimiz əyləncəli anları yaşamağa şərait yaradırdı. O zaman idman dərsinin hansı saatda olmasının bizim üçün fərqi yox idi. Hansı saatda olursa olsun, dərsdə iştirak edirdik. Amma nədənsə son dövrlər bəzi şagirdlərin bu dərsdə intizamlı şəkildə iştirak etmədiyini, dərsin hansı saatda olmağından asılı olaraq, maraq göstərdiyini görürük. Məsələn, elə şagirdlər var ki, idman dərsi son saat olanda evə gedir, dərs arasında olan zaman isə həmin dərsə girməyib ondan sonrakına hazırlaşır. Şagirdlərin bir qismi isə digər dərslərin arasına salınan idman dərsləri tərlədiklərini, belə vəziyyətdə sinifdə oturarkən xəstələndiklərini deyirlər. Bu kimi səbəblərdən demək olar ki, idman dərsinə olan maraq azalıb. Ona görə bu dəfə idman dərsinin əhəmiyyətinin artırılmasına diqqət ayırmaq istədik. "Necə tənzimləmək olar ki, şagirdlər digər dərslərdə olduğu kimi, bu dərsdə də müntəzəm iştirak etsinlər” sualına cavab tapmağa çalışdıq.
İlk olaraq paytaxtda fəaliyyət göstərən bir sıra məktəblərlə əlaqə saxlayıb idman dərslərinin tədrisi ilə maraqlandıq. Məktəblərdən verilən məlumata görə, idman dərsləri müxtəlif saatlarda keçirilir: "Məktəbdə idman müəllimlərimiz digər fənn müəllimlərinə nisbətən azdır. İdman zalımız isə bir dənədir. Müəllim az, zal bir, sinif çox. Təbii ki, bütün siniflərin dərsini son saata sala bilmərik. Ona görə orta saatlarda da idman dərslərimiz var. İdmanın ara dərs olmasının şagirdlər üçün də faydası var. Uşaqlar bütün gün dərs oxuyur, zehni yorğunluq keçirirlər. İdman dərsi onlar üçün fasilə kimi olur. İdman edirlər, əylənirlər, sonra yenidən dərsə qayıdırlar”.
Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə qeyd edir ki, bu məsələ ilə Təhsil Nazirliyinin müvafiq qurumu məşğul olmalıdır. Həmçinin məktəblər özləri də bu işdə maraqlı olmalıdırlar. Şagirdlər üçün xüsusi idman zalı olmalı, onlar üçün hər bir şərait yaradılmalıdır. Uşaqların idmandan sonra yuyunmaları, paltarlarını dəyişmələri üçün yerlər olmalıdır. Bu kimi şəraitlər yaradıldığı zaman, şagirdlər dərsdə iştirak etməyə özləri maraq göstərəcəklər.
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, bu, o yaşdakı uşaqların fiziki inkişafına əhəmiyyətli təsir göstərir: "Əslində orta məktəblərdə "İdman dərsi” dediyimiz fənn "Bədən tərbiyəsi” adlanır. Bu ad da əbəs yerə seçilməyib. Bu dərsin məqsədi o yaşdakı şagirdlərdə bədən quruluşunun düzgün inkişafına və formalaşmasına kömək etməkdir. Uşaq günün böyük bir qismini məktəbdə parta arxasında olduğu üçün bu dərsin tədrisi vacibdir. Bu, onların fiziki sağlamlığına nəzarət etməyə imkan yaradır. Hətta deyərdim ki, idmana marağı olan uşaqları seçib onlarla xüsusi məşğul olmaq da olar. Düşünürəm ki, bu işin tənzimlənməsi beynəlxalq standartlara uyğun olmalıdır. Dünya təcrübəsindən yararlanmaq lazımdır. Burada idman müəllimlərindən də çox şey asılıdır. İşə məsuliyyətlə yanaşmalı, şagirdlərdə maraq oyatmalıdırlar. Bundan başqa, təhsil olacağı da elə şərait yaratmalıdır ki, uşaqlar idman dərsindən tərli çıxdıqda, xəstələnməsinlər”.
İdman mütəxəssisi Nicat İbrahimxəlilov bildirir ki, bu məsələdə əsas iş məktəbin və müəllimin üzərinə düşünür: "Həmin dövrdən uşaqlara idmanı sevdirmək, aşılamaq lazımdır. İbtidai sinifdə onsuz da həmin dərs keçirilmir, müəllimələr idmanı digər dərslə əvəzləyirlər. Əsas ibtidai sinifdən sonra tətbiq olunmağıdır. Burada olan nüanslardan biri də odur ki, orta məktəbdə dərs deyən idman müəllimi qızlara voleybol, oğlanlara da futbolu öyrədir. Başqa idman növünə maraq yaratmırlar. Həmin müəllimin öz işinə marağı olsa, zaldakı avadanlıqlarla daha gözəl dərs keçər. Bütün idman növlərini izah edərək, şagirdlərini marağını dərsə cəlb edə bilər. Cüdo, karate, boks kimi idman növlərindən də dərs keçsələr,maraq yaranar. Bu zaman potensialı olan uşağı da müəyyənləşdirmək mümkündür. Bəlkə də o şagirdlər arasında dünya çempionu ola biləcək istedadlar var. İndi elə uşaqlar var ki, dərsdən sonra idmana gedirlər. Əgər orta məktəbdə bu fənn normal tədris olunsa, onda uşaq başqa yerə getməz. Yəni məktəbdən, müəllimdən çox şey asılıdır. İdman dərsinin hansı saatda olmasının bir fərqi yoxdur. Şagirdlər arasında maarifləndirmə işi aparmaq lazımdır ki, bu fənn sizin sağlamlığınız üçün vacibdir. Bəzi məktəblərdə rübün sonunda idman müəllimi qiymətləndirməni necə gəldi aparır. Amma uşaqlardan normativ götürsələr, qayda qoysalar, onda şagirdlər də işin ciddiyyətinin fərqinə vararlar. Məktəbdən, tədris prosesindən çox şey asılıdır”.
Təhsil üzrə ekspert Şahlar Əsgərov qeyd edir ki, dərsə maraq yaratmaq üçün şagirdlərin istəkləri nəzərə alınmalıdır: "İdman dərsi sovet dövründə adminstrativ yolla keçirilirdi. Bu dərs çox faydalı dərslərdən biridir. Uşaqların fiziki inkişafı baxımından təsiri böyükdür. Təhsil Nazirliyinin bir sıra tədbirlərində gənclərlə birlikdə olanda fikir vermişəm, əksəriyyəti cansız, cılız bədənlidir. Hiss olunurdu ki, onlar idman dərsi keçməyiblər. Dərsə maraq yaratmağın ən asan yolu şagirdlərin fikrini öyrənməkdir. Kimin hansı idman növünə marağı var, onunla məşğul olsun. İdman növü çox olanda şagirdlərin marağı artacaq. Çünki çox zaman şagirdlərə bütün idman növlərindən dərs keçirilmir. Lazımdır ki, uşaqların istəyinə uyğun idman dərsləri olsun. Müxtəliflik olsa, maraq artar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər