«Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı»

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ümummilli lider Heydər
Əliyevin 95 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev siyasəti:
hüquqi dövlət quruculuğunda media təminatı» mövzusunda konfrans keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində reallışdırılmış toplantını
giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib
ki, ulu öndər Heydər Əliyevin Azərbaycana həm keçmiş SSRİ zamanındakı, həm də
müstəqillik illərindəki rəhbərliyi respublikasının tərəqqisi, xalqın milli şüur
və düşüncəsinin inkişafı baxımından olduqca mühüm mərhələni təşkil edib. Bu
mərhələ üçün əldə olunmuş ən böyük uğur isə Azərbaycanın itirilmiş dövlətçilik
ənənələrinin bərpası və XX əsrdə ikinci dəfə qazanılmış müstəqilliyimizin
möhkəmlənməsi idi. «Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə
ikinci dəfə hakimiyyətə qayıtdığı dövrü hər birimiz yaxşı xatırlayırıq. Həmin vaxt
yenicə dövlət suverenliyinə qovuşmuş ölkə onu itirmək təhlükəsi ilə üz-üzə
qalmışdı. Belə bir çətin şəraitdə ümummilli liderin idarəçilik təcrübəsi,
səriştəsi, qətiyyəti və prinsipiallığı həlledici rol oynadı, Azərbaycan
iflasdan qurtuldu», - deyən Ə.Amaşov vurğulayıb ki,1993-cü ildən sonra
Azərbaycan davamlı inkişaf və quruculuq yoluna qədəm qoydu və bu yolda media
sahəsində aparılan işlər də mühüm əhəmiyyət daşıdı. «Azərbaycanda ilk anadilli
qəzet 1833-cü ildə işıq üzü görüb. Mətbuatımızın əsası isə 1875-ci ildə
«Əkinçi» qəzeti ilə qoyulub. «Əkinçi»dən sonra bir sıra milli ruhlu nəşrlər
medyana çıxıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə istiqlalımızın ideoloji
məfkurəsinin daşıyıcısı sayılan qəzetlərimiz olub. Ondan sonrakı sovet
hakimiyyəti illərində də kütləvi informasiya vasitələrimiz fəaliyyətini
mətbuatımızın təməl prinsipilərinə uyğun şəkildə davam etdiriblər. Ancaq bütün
mərhələlərdə KİV-lər senzura şəraitində fəaliyyət göstəriblər. İlk dəfə olaraq
Heydər Əliyev 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzuranı aradan
qaldırıb. Bu, Azərbaycan Respublikasının 1995-ci il konstitusiyasında əksini
tapmış söz, fikir və məlumat azadlığının cəmiyyətin vacib inkişaf istiqaməti
kimi seçilməsində son dərəcə müstəsna addım idi», - deyən Ə.Amaşov onu da bildirib
ki, 1999-cu ildə «Kütləvi informasiya vasitələri haqqında» qanunun qəbulu ilə
medianın hüquqi bazasının yenidən qurulmasına və təkimlləşdirilməsinə, eləcə də
redaksiyaların maddi-texniki bazasının yüksəldilməsinə, jurnalistlərin
sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirlər KİV-lərin
vətəndaş cəmiyyəti quruculuğundakı rolunu, habelə dövlət idarəçiliyindəki
mövqeyini təsdiqləmiş oldu. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilməkdə olan siyasət isə bu rolun və statusun gücləndirilməsini
rəhbər tutan əməli addımlara hesablanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, ulu
öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində xalqımız və dövlətimiz
ciddi sarsıntılardan qorunmaqla bərabər davamlı və dönməz inkişaf yoluna çıxıb.
Mövcud istiqamətdəki bir sıra tədbirləri sadalayan müdir müavini diqqəti milli
liderin cəmiyyətdə fikir və söz azadlığının dərinləşməsi, Azərbaycan dilinin
dövlət dili kimi təşəkkül tapması istiqamətində reallaşdırdığı işlərə yönəldib.
O vurğulayıb ki, Heydər Əliyev hələ Sovet Hakimiyyəti dönəmində Azərbaycan
dilində mətbuat orqanlarının fəaliyyəti məsələsinə ciddi önəm verirdi.
Müstəqillik illərində millilik prinsipi mətbuatın cəmiyyətin mühüm avanqardına
çevrilməsini hədəf seçmiş fundamental siyasi xətlə davamını tapıb. 1998-ci ildə
senzuranın aradan qaldırılmasından, Mətbuat və İnformasiya Nazirliyinin
ləğvindən sonra seçilmiş KİV-in dövlətsizləşdirilməsi prinsipi özünü konkret
işlərdə göstərib. 2000-ci ildən başlayaraq Azərbaycan milli mətbuatının
yubileyilərinin keçirilməsi ənənə halını alıb. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev mediaya diqqət və qayğını dövlət siyasətinin
mühüm istiqaməti kimi təsdiqləyib. Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması, jurnalistlərin mənzillərlə təminatı, media sahəsində mükəmməl
qanunvericilik bazasının formalaşdırılması, sistemli yardımlar - bütün bunlar
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurlu davamını
isbatlayan başlıca addımlardır.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil»
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ümummilli lider Heydər
Əliyev Azərbaycanın dövlətçilik prinsiplərinə sadiqliyini hələ Naxçıvan Ali
Məclisinin sədri olarkən nümayiş etdirmişdi. Həmin vaxt o, ilk dəfə olaraq
üçrəngli, ay-ulduzlu bayrağımızı Naxçıvanda dalğalandırmışdı. Bununla, eləcə də
Heydər Əliyevlə şəxsi təmasları ilə bağlı xatirələrini bölüşən V.Rəhimzadə
diqqəti ulu öndərin fərmanı ilə senzuranın ləğvi məsələsinə yönəldib və
vurğulayıb ki, bu qərarın verilməsi yalnız medianın deyil, ümumilikdə ölkənin
gələcək inkişafına təsir göstərən mühüm addım idi. «Heydər Əliyevin
jurnalistlərlə təması hər zaman böyük hadisəyə çevrilirdi. Bu, ulu öndərin azad
sözə verdiyi dəyər idi. Jurnalistlər də hər zaman onu özlərinə dost, hami kimi
görüblər. Hesab edirəm ki, nə qədər Azərbaycan var, Heydər Əliyev irsi hər
zaman yaşayacaqdır», - deyə baş redaktor vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxışında diqqəti Heydər Əliyevin
jurnalistlərlə təmaslarına yönəldib. V.Səfərli onu da bildirib ki, hazırda
Azərbaycan dövləti tərəfindən mediaya göstərilən dövlət dəstəyi siyasətinin
təməli məhz ulu öndər tərəfindən qoyulmuşdu. Onun hakimiyyəti illərində
redaksiyalara birdəfəlik maliyyə yardımları göstərilmiş, KİV-lər üçün məhdudiyyətlər
aradan qaldırılmışdı ki, bütün bunlar da jurnalistikanın vətəndaş cəmiyyəti
quruculuğundakı missiyasına verilən dəyərdən irəli gəlib.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil
Abbas çıxışında bildirib ki, Heydər Əliyevin idarəçilik fəlsəfəsində sözə
qiymət verilməsi son dərəcə mühüm həlqəni təşkil edib. Ulu öndər azad sözün
qarantı idi və məmurlara da mövcud istiqamətdə tövsiyələr verirdi. Hazırda onun
bu xəttini ölkə Prezidenti cənab İlham Əliyev çox uğurla davam etdirməkdədir.
«Azərbaycan tarixində adı xalq və dövlət anlayışı ilə
birgə assosiasiya olunan çox az şəxsiyyətlər var. Bunlardan biri ulu öndər
Heydər Əliyevdir», - deyən MŞ İdarə
Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Hikmət
Babaoğlu vurğulayıb ki, Heydər Əliyevin media siyasəti jurnalistikanı
stimullaşdırmağa, onu cəmiyyətin mühüm ictimai institutu kimi möhkəmləndirməyə
yönəlmişdi. Bu, bütövlükdə dövlət idarəçiliyini təşkil edənbaşlıca dəyərlər
sisteminin mühüm və ayrılmaz tərkib hissəsidir.
Çıxış edənlərdən «Səs» qəzetinin baş redaktoru Bəhruz
Quliyev, MŞ İdarə Heyətinin üzvləri - «Teleqraf Holdinq»in rəhbəri Aynur
Camalqızı, «Bizim yol» qəzetinin baş redaktoru Bəhaddin Həziyev və başqaları
ulu öndər Heydər Əliyevin media ilə
bağlı siyasətindəki xarakterik xüsusiyyətləri sadalayaraq, ölkədəki mövcud söz və ifadə
azadlığı, plüralist fikrin inkişafına yönələn məqamlardan söz açıblar.
Toplantı iştirakçıları olan media təmsilçiləri
çıxışlarında həmçinin Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun medianın
gücündən xalq və dövlətin mənafeləri naminə faydalanmaq məharətinin müxtəlif
cəhətlərini təhlil ediblər.



