AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həm kəndli, həm də dövlət yararlanacaq

Həm kəndli, həm də dövlət yararlanacaq

Cəmiyyət
01 May 2021, 17:03 509
"Sosial bağlar” layihəsi bir neçə ildən sonra ailələrə ciddi gəlir gətirəcək

"Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 500 aztəminatlı ailəyə bağ təsərrüfatları salınacaq. 20 rayonu əhatə edəcək layihədən həm sahibkar kəndli, həm də dövlət yararlanacaq. İstifadə edilməyən pay torpaqları bir daha əkiləcək, becəriləcək və o torpaqlardan məhsul alınacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi "Sosial Bağlar” layihəsi bu il də davam etdirilir. Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan "Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.

Layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin
rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.
 
Qeyri-neft sektorunun inkişafında bu layihənin əhəmiyyəti nədir?
 
Deputat Aqil Məmmədov deyir ki, özünəməşğulluq proqramı həm işsizliyin aradan qaldırılmasına kömək edir, həm də kənd təsərrüfatının inkişafına böyük töhfədir: "Dövlətin əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar bir çox proqramları var. İşsizlərin iş yerləri ilə təmin olunması üçün istər kənd təsərrüfatı sahəsində, istərsə də digər peşələr üzrə dəstək göstərilir. Hətta bu istiqamətdə müəyyən peşə hazırlıqları keçirilir ki, vətəndaşlar müvafiq ixtisaslar üzrə təhsil alır və biznes qurmaq imkanını qazanırlar. Burada məqsəd ilk növbədə işsizliyin aradan qaldırılmasıdır”.

Deputat deyir ki, insanlar həm fərdi əməklə məşğul olurlar, həm də kənd təsərrüfatında məhsul bolluğuna dəstək olurlar: "İnsanlar istifadə olunmayan torpaqlarda dövlətin dəstəyi ilə əkib, becərirlər. Onlar həm dolanışıq əldə edir, həm də əkinçilik, kartofçuluq, pambıqçılıq və digər kənd təsərrüfatı məhsullarının istehsalatının artırılmasına öz töhfələrini verirlər. İstehsal etdikləri malı bazara çıxarıb pula çevirirlər və öz həyat şəraitlərini yaxşılaşdıra bilirlər. Bu, eyni zamanda ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğuna gətirib çıxaracaq”.
 
"Bir düymə ilə 250 ağacı suvara bilirəm”
 
2018-ci ildə "Sosial bağ”-dan yararlanan bağ sahibi Əlövsət Səmədovun 64 sot pay torpağı olub, amma maddi imkanı çatmadığı üçün ondan istifadə edə bilməyib. O, layihədən yararlanmaq üçün Şəki rayon Məşğulluq İdarəsinə müraciət edib: "Müraciətim nəzərə alındı. Dövlət tərəfindən komissiya gəldi və sənədlərim yoxlanıldı. Hər biri düzgün olduğu üçün onlardan türk qoz bağı salınmasını xahiş etdim. Bağçılıqda böyük təcrübəm var. Suvarma sistemi müasirdir. Bir düymə ilə 250 ağacı suvara bilirəm. Fiziki əmək sərf etmirəm. Çox razıyam. Dövlətin yardımı ilə mənə bağ salındı”.

Xaçmaz rayonundan olan bağ sahibi Sübhan Əliyev də bu layihə vasitəsilə həyat şəraitini yaxşılaşdırıb: "Sosial bağlar layihəsi haqqında məlumat aldıqdan sonra Xaçmaz rayon məşğulluq idarəsinə gedib, müraciət etdim və qəbul olundum. Əvvəlcə əraziyə baxış keçirildi və mənim üçün 1 hektar şaftalı bağı saldılar. Həmin bağlardan əldə etdiyim məhsulu sataraq gəlir əldə edirik. Üstəlik, bizə təlimlərdə satışla bağlı da məsləhətlər verilir”.
 
Dövlət Məşğulluq Agentliyinin Layihələrlə iş şöbəsinin müdiri Adil Abdullayev açıqlamasında bildirib ki, özünəməşğulluq proqramının məqsədi əhalinin sosial cəhətdən həssas təbəqəsinin aktiv siyasətlə maddi vəziyyətinin yaxşılaşdırılmasıdır: "Sosial bağlar layihəsi özünəməşğulluq proqramına daxil olan layihələrdən biridir. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncamla özünəməşğulluq proqramına start verilib. Özünəməşğulluq tədbirlərinin təşkilinin məqsədi odur ki, əhalinin sosial cəhətdən həssas, xüsusilə aztəminatlı ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi üçün passiv siyasət (müavinət və yardımların verilməsi) tədbirlərindən aktiv siyasət tədbirlərinə keçilib. Bunun nəticəsində iqtisadiyyatımız genişlənir, sahibkarlığın inkişafına təkan verilir və işsizliyin səviyyəsi azaldılır”.
 
Sosial bağlar layihəsinə gəldikdə isə, agentlik rəsmisinin sözlərinə görə, pay torpaqları şumlanır, əkilir, müasir suvarma sistemləri ilə təchiz olunduqdan sonra kəndlinin ixtiyarına verilir: "Bildiyimiz kimi bizim bir çox kənd, rayon əhalisinin pay torpaqları var. Bu torpaqlardan bəzilərindən vəsait çatışmazlığı səbəbindən istifadə olunmur. Sosial bağlar layihəsi ilə biz pay torpağı olan əhalinin həmin torpaqlarında bağ salırıq. Bu bağlar intensiv bağlar olur və yüksək məhsuldarlığa malik olurlar. Oradan əkilən tinglər xaricdən gətirilir, yerli mühitə uyğunlaşdırılır və yüksək məhsuldarlığa malikdirlər. Layihəyə pay torpağı olan işsiz vətəndaşlar müraciət edə bilərlər. Bu layihə artıq 4-cü ildir ki, həyata keçirilir. Bu il 20 rayonda bağlar salmağı planlaşdırırıq. Vətəndaş müraciət etdikdə əvvəla yoxlayırıq ki, torpaq əkin üçün yararlıdırmı? Əgər yararlıdırsa, biz onu qeydiyyata alır, növbəti mərhələdə sahibkara təlimlər keçirik. Paralel olaraq, onun torpağı şumlanır, daş, kəsək təmizlənir, tinglər əkilir, çəpərə alınır, ən müasir avadanlıqlarla suvarma sistemləri qurulur və fermerə təhvil verilir. Vətəndaşdan tələb odur ki, təyinat üzrə istifadə olunsun, düzgün qulluq etsin. Biz gələcəkdə məhsulun satışına belə kömək edirik”.
 
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov düşünür ki, "Sosial bağlar” layihəsi bir neçə ildən sonra ailələrə ciddi gəlir gətirəcək: "Yəni bir ailə bir hektar sahədən yaxşı bar əldə edəcəksə, bununla həmin ailənin yaxşı yaşayışı təmin olunacaq və əlavə olaraq başqaları da (məhsulu alıb bazara çıxaranlar, sürücülər, müvəqqəti yığıma cəlb edilənlər və s.) fayda əldə edəcəkdir. Ümid edirəm ki, bu layihələr uğurla davam etdirləcək”.
 
Həmsöhbətimiz hesab edir ki, şəhid və qazi ailələrinə də aktiv dəstəyin ən yaxşı yolu onların bu proqrama cəlb olunmasıdır: "Eyni zamanda yaxşı olardı ki, bir neçə ailə üçün müştərək kiçik istehsal sahələrinin (məsələn meyvə və tərəvəzin qablaşdırlması üçün qabların hazırlanması müəssisəsi, kiçik süd emal edən müəssisəsi və s.) yaradılması üçün də layihələr həyata keçirilsin. Bu halda həm bir neçə ailənin müştərək biznes qurma praktikası genişlənəcək, həm də vəsaitin miqdarı daha çox olacaq. Şəhid və qazi ailələrinə də aktiv dəstəyin ən yaxşı yolu onların bu proqrama cəlb olunmasıdır”.

Yeri gəlmişkəm, layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:
Bağa baxmağa istək və təcrübəli olmalıdır;
Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinin bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;

Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.
Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.
 
Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir. Proqrama http://bit.ly/MesgullugLayiheler linkinə daxil olaraq və ya müvafiq Ərazi Məşğulluq Mərkəzləri vasitəsilə müraciət etmək mümkündür. Son müraciət tarixi 30 maydır.
 
Qeyd edək ki, 2018-2020-ci illərdə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunmuş "Sosial Bağlar” layihəsi üzrə həssas qruplardan olan 625 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.
 
Aygün ƏZİZ