Ermənistan tərəfi hər zaman əsir və girovların
dəyişdirilməsi məsələsində qeyri-konstruktiv mövqe tutub. Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində olduğu kimi, azərbaycanlı əsir və girovların
azad edilməsi ilə bağlı beynəlxalq hüquq və normaların, eləcə də
konvensiyaların tələblərini kobud şəkildə pozur. Hətta erməni diversant Karen
Kazaryanın ailəsi Ermənistanda etiraz aksiya keçirib və onlar baş nazir əvəzi
Paşinyandan övladlarının geri qaytarılmasını tələb ediblər. Lakin Paşinyan erməni cəmiyyətinin
etirazlarına laqeyd yanaşmaqla, təklif olunan "hamının hamıya” prinsipi ilə
əsir və girovların qaytarılmasının mümkünsüzlüyünü dilə gətirir.
Bir müddət öncə isə 2014-cü ildə Ağdam rayonunda
qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır
Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan
məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Baqdasaryan
"hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş
nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət də göndərib. Buna
baxmayaraq, hansı səbəblərdənsə, Nikol Paşinyan bu məsələyə etinasız yanaşır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədovbildirdi ki, ermənilər məsələlərə yanaşmada heç zaman beynəlxalq hüquq normalarına
əməl etməyiblər: "Onlar nə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində, nə də
başqa məsələlərdə bu addımı atmayıblar və bunu etmək fikrində də deyillər. Çünki
ermənilər sanki beynəlxalq qurumlar, Minsk qrupunun həmsədr dövlətləri
tərəfindən qorunur, müdafiə olunur. Yəni ötən müddət ərzindəki gedişatlar bunu
göstərir. Əsir və girovların dəyişdirilməsi məsələsinə gəlincə, dekabrın 9-da
Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər Paşinyan və onun ətrafında
olan qüvvələr bu addımı atmayacaqlar. Halbuki son günlər əsir və girovların
dəyişdirilməsi məsələsi gündəmə gəlib. Hətta erməni hərbi qulluqçu Arsen
Baqdasaryanın Paşinyana müraciəti də mətbuatda yer aldı. Lakin biz görürük ki,
Paşinyan seçkilərə yönəlik bəyanatlar verərək, azərbaycanlılara, türklərə qarşı
guya çox barışmaz, qətiyyətli, vətənpərvər olduğunu göstərir. Eləcə də onun
ətrafı bu istiqamətdə işlər görəcək. Çünki parlament seçkilərinə çox az vaxt
qalıb və bunlar nə əsir-girovların taleyi, nə də beynəlxalq hüquq normaları
haqqında düşünmürlər. Bunların məqsədi ancaq öz siyasi hakimiyyətlərini möhkəmlətməkdir. Bu səbəbdən də, axmaq
bəyanatlar verib, sərsəm hərəkətlərə əl atırlar”.
E.Məmmədov hesab edir ki, Paşinyan baş nazir ola
bilsə, dekabrdakı seçkilər onun üçün uğurla nəticələnsə, bəlkə ondan sonra
hansısa məsələ ilə bağlı razılığa gəlmək mümkün olsun: "Hələ ki, bu ərəfədə nə
Dağlıq Qarabağ məsələsi, nə
əsir-girovların dəyişdirilməsi məsələsində Ermənistan və eləcə də Paşinyan
konstruktiv addım atmayacaq”.
Politoloq Natiq
Miri bildirdi ki, əsir və girovların qaytarılması məsələsində Ermənistan
üçün hər hansı beynəlxalq hüquq, yaxud da prinsip və normalar işləmir: "Əgər
işləsəydi, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən tərəf işğalçı
adlandırılaraq, ona qarşı addımlar atılardı. Baxmayaraq ki, ən yüksək qurum
olan BMT-nin 4 qətnaməsi var. Həmçinin diqqət yetirək ki, Paşinyan, Kəlbəcərdə girov
götürülən Azərbaycan vətəndaşlarını qondarma respublikada 20 il müddətinə saxlanmasını
tələb edir. Hansı ki, bu insanlar Ermənistan ərazisində hansısa kəşfiyyat
əməliyyatları apararkən saxlanılmayıblar. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz
doğulduqları və ermənilər tərəfindən işğal olunmuş torpaqda girov götürülüblər.
Onalrın öz torpaqlarında saxlanılması və eləcə də mühakimə olunması beynəlxalq hüquqa
ziddir. Ona görə də, düşünürəm ki, bu istiqamətdə ilk növbədə beynəlxalq
səviyyədə işlər aparılmalıdır”.
N.Miri vurğuladı ki, Azərbaycan bu məsələdə
Ermənistanı məcbur etməlidir: "Bunun üçün mütləq mənada elə hadisələr
törədilməlidir ki, Ermənistan buna vadar olsun. Çünki Ermənistan hər hansı bir
hüququ tanımırsa, məhz bu hüquqsuzluq Azərbaycan səviyyəsində onlara tətbiq
olunmalıdır. Bundan sonra Ermənistan məcburi addımlar ata bilər. Təkcə erməni diversant
Kazaryanın timsalında bu gün Ermənistanda çox ciddi şəkildə Paşinyan hökumətinə
dirəniş göstərib etiraz aksiyaları keçirirlər. Paşinyan bəyan edib ki, çox
yazın zamanda Kazaryanın ailəsi ilə şəxsən görüşəcək. Baxmayaraq ki, onun həyat
yoldaşı Anna Akopyan artıq iki dəfə bu ailə ilə görüşüb. Ona görə də, bu cür
hadisələrin sayını artırmaq lazımdır ki, Paşinyan ən azından öz otağında sakit otura
bilməsin. Məsələnin həlli yalnız buradan keçir. Yoxsa ki, hüquqa, yaxud da
beynəlxalq təşkilatlara güvənəcəyiksə, onda heç bir zaman əsir və girovlarımız
azad olunmayacaq”.
Azərbaycan
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd
Şahidovun sözlərinə görə, Nikol Paşinyanın bu seçkilərdəki
taleyi əsir-girovların dəyişdirilməsi məsələsindən asılı olacaq: "İlkin
mərhələdə Azərbaycan tərəfi istədiyinə demək olar, çatıb. Mesajımız erməni
cəmiyyətinə yetişib - Ermənistanda seçkilərdə qalib gəlmək istəyən qüvvələr
erməni diversantların geri alınması üçün "Hamının hamıya" prinsipi
ilə dəyişdirilmə prosesinə razı olmalıdır. Əks halda, erməni seçicilərin səsini
qazana bilməyəcəklər.
Erməni xalqına bu barədə yalançı vədlər verib
sonradan sözlərindən qaçsalar, Ermənistanda növbəti dəfə vətəndaş itaətsizliyi
qaçılmazdır və bunu İrəvanda yaxşı başa düşürlər”.
Ə.Şahidov əlavə etdi ki, Azərbaycan bundan sonra da
əsir-girovların dəyişdirilməsi məsələsi ilə bağlı tələbini gündəmdə saxlayacaq:
"Beynəlxalq təşkilatlara davamlı müraciətlər ünvanlayırıq, hər gün birbaşa
telefon zəngləri edərək, onların da bu prosesə təkan vermələrini tələb edirik. 10
dekabr - Beynəlxalq İnsan Haqları Günündə beynəlxalq təşkilatlara, o cümlədən
AŞ PA-nın insan haqları üzrə komissarına və BMT İnsan Haqları ali komissarına
və digər açar şəxslərə ingilis dilində video müraciətimiz də olacaq”. BƏXTİYAR