• cümə, 29 Mart, 15:27
  • Baku Bakı 14°C

Göydən gələn bərəkət

20.03.21 12:00 2125
Göydən gələn bərəkət
"Yağış suyundan səmərəli istifadə” təklifi getdikcə daha da aktuallaşır
Qədim dövrlərdən insanlar yağış suyundan öz məqsədləri üçün istifadə edirdilər. Yağış suyu həm içməli, həm də məişət ehtiyacları üçün uyğun hesab olunurdu. Hazırda da dünyanın əksər mədəniyyətlərində yağış həyatın vacib tərkib hissəsidir. Hətta quraqlıq bölgələrdə yaşayan bəzi millətlər yağışı ilahiləşdirib, ona xüsusi mərasimlər təşkil edirdilər.
Lakin müasir dövrdə yağış suyunun faydaları ilə bağlı fikirlər birmənalı deyil. Sənayeləşmə, çox sayda istehsal müəssisəsinin meydana gəlməsi, yollarda nəqliyyat vasitələrinin sayının artması və su keyfiyyətinin xüsusi cihazların köməyi ilə ölçmə qabiliyyəti sayəsində mütəxəssislər yağış suyunun əvvəllər düşünüldüyü qədər zərərsiz olmadığını iddia edirlər. Mübahisələr səngimir. Yağış suyunun istifadəsinin tərəfdarlarıisə yekdilliklə yağışın təbiət tərəfindən təqdim olunan heyrətləndirici, faydalı xüsusiyyətlərdən danışır, hətta kran suyundan daha təmiz olduğunu iddia edirlər.
Yağışın kənd təsərrüfatı üçün faydaları əlbəttə ki, çoxdur. Yağışsız yaxşı məhsul əldə etmək mümkün deyil. Məcburi suvarma vəziyyəti ən azından bir az düzəltsə də, bu vəzifənin öhdəsindən tam gələ bilməz. Hətta il ərzində yağıntının daha az düşdüyü ölkələrdə əkin sahələri leysan mövsümündə toplanan sularla suvarılır.
Lakin məişətdəki istifadəsi mübahisəlidir. Bir çox insan hazırda həm yemək bişirmək, həm də ev ehtiyacları üçün yağış suyundan istifadə etməyə davam edir - çimir, paltar yuyur və s. Bəzi mütəxəssislər bu cür istifadənin düzgünlüyünə əmin deyil.
Mütəxəssislər hesab edir ki, bölgədəki çirklənmə səviyyəsi icazə verilən hədləri aşarsa, yağış suyu təhlükəli hesab olunur. Ümumiyyətlə, suyun tərkibi və kimyəvi xüsusiyyətləri yağış buludlarının əmələ gəldiyi yerdən, ətraf mühitin təmizliyindən, küləyin istiqamətindən və s. amillərdən asılıdır. Buludların bir yerdə dayanmadığını, hərəkət etdiyini nəzərə alsaq duzlar, tozlar, kimyəvi elementlər, zərərli, zərərsiz kimi nəm və qatı komponentlərin yenidən paylandığını unutmamalıyıq. Sənayedə inkişaf etmiş sahələrdən danışırıqsa, əminliklə deyə bilərik ki, yağışın suyunda zərərli maddələr mövcuddur.
Ənənəvi müalicə tərəfdarları isə "şayiələri” təkzib edirlər. Onların mübahisələri bu cür suyun istifadəsindəki uzun illərin təcrübəsinə əsaslanır. Ənənəvi müalicə üsulu kimi istifadə edənlər deyir ki, yağış suyu cavanlaşdırıcı, müalicəvi xüsusiyyətlərə malikdir. Kran suyundan daha yumşaqdır, buna görə dəri və saça faydalı təsir göstərir. Tərkibində xlor və əhəng olmadığı üçün yuyulma və suvarma üçün yaxşı nəticələr verir. Bir çoxları bunun yalnız kənd yerlərində deyil, şəhərlərdə də zərərsiz olduğunu iddia edirlər.
Yağış suyu nədir?
Yağış suyu atmosfer yağıntılarının formasından biridir. Əsas mənbəyi nəmli torpaq və su hövzələrinin səthlərindən buxarlanan nəmdir. Yer atmosferində əmələ gələn su kütlələri həqiqətən böyükdür: bir yağış buludunda bir neçə yüz ton su ola bilər. Buludlar yer səthinə nisbətən yerlərini daim dəyişdirir və bununla da yalnız nəm və istini deyil, həm də müxtəlif kimyəvi elementləri, onların tozlarını və duzlarını yenidən paylayır.
Yuxarıda da qeyd etdiyimiz kimi, yağış suyunun vəziyyəti həmin bölgənin ekoloji vəziyyətindən asılıdır. Ekoloji təmiz bölgələrdə xüsusilə aprel ayında yağan yağış saf yağış suyu adlanır və faydalı xüsusiyyətləri mövcuddur.
Saf yağış suyun xüsusiyyətləri
Saf yağış suyu insan bədəni tərəfindən mükəmməl şəkildə mənimsənilə bilər, çünki tərkibində zərərli maddələr azdır. Yağış suyu qidanın daha yaxşı mənimsənilməsinə və həzm olunmasına kömək edə bilər. Kosmetoloqlar üzünüzü təmiz yağış suyu ilə yumanızı tövsiyə edirlər - bu, kran suyu ilə müqayisədə dərinin nəm tarazlığını daha yaxşı saxlayır və nəmin daha uzun müddət saxlanmasına kömək edir. Yağışda gəzmək rahatlamağa, ağır gündən sonra stressi atmağa və təbiətdən enerji qazanmağa kömək edir. Bunun yalnız saf yağış sularına aid olduğunu unutmamalıyıq. Bu gün mövcud olan ətraf mühit şəraitində, yerə düşən, məsələn, 50 mq ağırlığında bir damla yağış suyu, yerə düşdüyü müddət ərzində təxminən 16 litr havanı yuyur. 1 litr yağış suyu üç min litr havada olan çirkləri özünə çəkə bilər. Buradan aydın olur ki, yağış suyunun tərkibi buludun əmələ gəldiyi yer, buranın ətraf mühitin nə qədər çirkli olduğu kimi amillərdən asılıdır.
Şübhəsiz ki, Yer üzündə nisbətən təmiz yağış suyu var, lakin bu meşələrdə və dağlarda müşahidə olunur. Şəhərdən uzaqlaşdıqca, yağış suyu daha təmiz olur.
Bir çox Avropa ölkəsində baş verən atmosfer yağışlarının artan istifadəsi, su təchizatı probleminə təsirli həll yolu ola bilər. Yağış suyu torpaq və qayalarla təmasda olmaması səbəbindən bütün digər mənbələrdən alınan su ilə müqayisədə daha az maddə ehtiva edir. Bir az emal edildiyi təqdirdə, belə su rasional olaraq istifadə edilə bilər.
Azərbaycanda yağış sularından istifadə edilirmi?
Bakıya düşən atmosfer yağıntılarından düzgün istifadə edilməsini vacib sayan alimlər hesab edir ki, paytaxtın əksər yerlərində yaşıllıqların suvarılması məqsədlə istifadə edilir.
Ekspertlərin fikrinə görə, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yollara yağan yağıntıları toplayaraq, onları su anbarlarında saxlamaq olar. Bundan əlavə, hər bir çoxmərtəbəli binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığmaq mümkündür. Bu anbarlara toplanan suların hesabına yay aylarında Bakıda yaşıllıqları suvarmaq olar. Bununla da Bakıda içməli suya 30-40 faiz qənaət ediləcək.
Hər halda suyun toplanması, yağış başladığı kimi dərhal aparılmamalı, ancaq bir müddət sonra atmosferin zərərli komponentlərinin "yuyulması” lazımdır. İsti hava su toplamaq üçün yararsızdır, çünki havada çox miqdarda toz var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənovbildirib ki, Bakının yeni hazırlanan Baş Planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq: "Qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək ki, bunu idarə edən qurum müəyyən olunsun, yağış suları bilavasitə dənizə axıdılmasın, yığılsın, həmin sudan gələcəkdə istifadə üçün su anbarları tikilsin, su hövzələri müəyyən edilsin. Yağış sularının idarə olunması ilə bağlı məsələlər aktualdır və bu istiqamətdə işlər aparılır”.
Yağış suyu ilə bağlı ən maraqlı ixtira isə həmyerlimiz Reyhan Camalovaya məxsusdur. Reyhan "Hər dəfə bir evi işıqlandır” şüarı ilə yağış suyunu enerjiyə çevirən cihaz hazırlayıb: "Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək mümkündür. Bunun üçün "Reynerci” (Rainergy) qurğusunu yaratdıq. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir”.
Aygün
banner

Oxşar Xəbərlər