şənbə, 09 Dekabr, 05:21

Baku Bakı 8°C

Görək onda nə deyəcəklər?!

icon 1654 icon 16 sentyabr 2023 | 00:30
Görək onda nə deyəcəklər?!


Ömrümüzün 30 ili təəssüf ki, Qarabağ dərdinə xərclənib getdi. Kiminsə uşaqlığı, kiminsə gəncliyi-cavanlığı, bir çoxlarının ömrü... 
Çox şükür, bu gün işğaldan azad olunan ərazilər bizdədir, evindədir. Qarabağ iqtisadi rayonu dirçəlir, böyüyür, inkişaf edir, bir sözlə - bərpa olunur. 

Yollar çəkilir, məktəblər, binalar, xəstəxanalar tikilir. İnsanlar öz doğma evlərinə, torpaqlarına geri qayıdır. 

Amma bu qədər işlər görüldükcə, milyardlarla pul Qarabağın bərpası üçün xərcləndikcə, yenə də ağızbüzənlər dəstəsi ortaya çıxır ki, salınan asfaltın rəngi o deyil, daha yaxşı ola bilərdi.

Adamın əli üzündə qalır. Dünənə kimi Qarabağın “q” hərfinə yaxın düşə bilmirdin, indi bu nə narazılıqdır? 

Dünənə kimi başını qaldırıb Ağdam, Füzuli, Şuşa tərəfə baxa bilmirdin, nəyin ağız büzməyidir bu? 

Müharibəyə qədər deyinirdilər ki...

Müharibəyə qədər deyinirdilər ki, “torpaqlar getdi, vəssalam”. Torpaqları ordu, xalq, Ali Baş Komandan düşməndən geri aldı. 

Müharibə qələbə ilə bitdi, başladılar ki, bu yarımçıq qələbədir, Xankəndidə Azərbaycanın bayrağı asılmayıb. 

Laçın-Şuşa yolunda eko-aksiya başladı, dedilər ki, yalandan camaatı töküblər küçələrə, heç nə olan deyil. 

Laçın-Xankəndi yolunda Lavrov  “Bu heç vaxt baş verə bilməz” deyəndən 10 gün sonra rəsmi Bakı sərhəd-keçid məntəqəsini qurdu. Yenə bu ağız büzənlər dedilər ki, özbaşına deyillər, necə qurublar, eləcə də sökəcəklər. 

Üç yüz ildə görülməyən işlər gedir

Nəhayət, otuz ildən sonra Ağdam-Xankəndi yolu işə düşüb, Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün TIR məhz bu yoldan keçib ünvana çatdı. İndi də deyirlər ki, camaatı aldatmayın, bunun heç bir mənası yoxdur. Bəs, o yoldan bizim TIR-lar keçməli idi, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük maşını yox. 

Ya bu adamlar həqiqətən də, baş verənlərin mahiyyətini anlamır, ya da çox narazıdırlar həyatdan. Üç yüz ildə görülməyən işlər gedir, bunlar naz atırlar. Sadəcə maraqlıdır, kimə?  

Yüklərin məhz Ağdam-Xankəndi yoluyla ünvana çatdırılması Azərbaycan tərəfinin prinsipiallığı və ortaya qoyduğu siyasi iradənin nəticəsi idi. Bir addım da geri atmadı rəsmi Bakı. Dedi, ya humanitar karvan bu yoldan, Azərbaycanın suveren ərazilərindən keçəcək, ya da keçməyəcək! 

Bu addımıyla da Qərb dövlətləri, Qərbin nüfuzlu təşkilatlarının burnunu da ovmuş oldu. Amma və lakin bizim ağızbüzənlər üçün bu göstərici deyil. Yəni o deyil... 

İndi sual olunur ki, bəs niyə “əski parçasını” hardasa iki dəfə atıb-tutanda ermənilər  bunu bütün manşetlərə çıxarır, alqışlayır, bir şou yaradır ki, elə bilirsən Marsda torpaq alıblar. 

Kardaşyan iki dənə status paylaşır, bütün dünya erməniləri bunu bir hadisə, bir gündəm, bir qışqır-bağır edirlər, sanki xərçəng əleyhinə dərman tapıb, ya da atomu yenidən ermənicə parçalayıb. 

Hansısa V sort erməni hansısa Youtube kanalında nəsə sayıqlayır, dünya erməniləri az qala bunu edirlər dünya səviyyəli politoloq-ekspert. 
Niyə?! 

Xüsusi təyinatlı divan döyüşçüləri

Ermənistanın bu gün dövlət kimi varlığı artıq sual altında olduğu halda (bunu artıq çox sayda ekspertlər deyir) onlar dirənir, özlərinə təriflər yağdırır, güclü və uğurlu olduqlarını bildirirlər. 

Azərbaycan isə bu qədər yol qət edib, xüsusi təyinatlı divan döyüşçüləri isə hər şeydən narazıdır. 

Bircə onu bilirəm ki, hakimiyyətə qarşı müxalif olmaq başqa şeydir, torpağa, dövlətə, xalqa, dövlətçiliyə düşmən olmaq başqa. 
Çox keçməz, Azərbaycan bayrağı Xankəndidə də dalğalanar. Görək onda nə deyəcəklər?!

Kubra Məhərrəmova