Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər - Fotolar

Bu gün ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xətti istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Azərbaycanda digər sahələrlə yanaşı, tikinti-qurucu¬luq işlərinin də geniş vüsət almasına səbəb olub. Şəhər, rayon, qəsəbə və kəndlərdə yeni obyektlər istifadəyə verilib, əhalinin rifahının yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə xidmət edən infrastruktur sahələri yaradılıb. Son illər Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla qəbul edilən dövlət proqramlarının uğurlu icrası da iqtisadiyyatın kompleks inkişafına səbəb olub, tikinti-quruculuq işlərinin əhatə dairəsi xeyli genişləndirilib. Bütün bunlar paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafı ilə nəticələnib. Bu inkişaf isə yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edib. Belə mənzərə paytaxt Bakıdan sonra Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə də müşahidə edilməkdədir.

Avropanın gənclər paytaxtı
Sosial-iqtisadi intibah dövrünü yaşayan, günü-gündən müasirləşən və yeniləşən Gəncə bu gün dünyanın, o cümlədən Azərbaycan gənclərinin ən sevimli şəhərinə çevrilib. 2012-ci ildə Azərbaycanın Gənclər Paytaxtı seçilən bu şəhərdə həmin müddət ərzində gənclər tərəfindən çoxsaylı yerli və beynəlxalq tədbirlər keçirilib. İndi isə Gəncə avropalı gənclərə də qucaq açıb. Belə ki, Gəncə 2016-cı il üçün "Avropanın Gənclər Paytaxtı” seçilib. Məlumat üçün bildirək ki, Avropa Gənclər Paytaxtı (AGP) "Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Avropa Gənclər Forumu (AGF) Avropa ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. "Avropa Gənclər Forumu” ilk dəfə AGP layihəsini 2009-cu ildə həyata keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009), daha sonra Turin (İtaliya – 2010), Antverp (Belçika – 2011), Braqa (Portuqaliya – 2012), Maribor (Sloveniya – 2013), Saloniki (Rumıniya – 2014) və Kluj Napoka (Rumıniya – 2015) olub. AGP seçilmiş hər bir şəhər orada gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır. Gəncə şəhəri də 2016-cı ildə AGP olmaq üçün AGF-nin təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə final mərhələsinə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqarıstan) və Vilnüsü (Litva) geridə qoyaraq, 2016-cı il üçün AGP seçilib.

Şəhərin inkişafı, gənclərə verilən meydan
Bu hadisənin ictimai-siyasi əhəmiyyəti barədə "Kaspi”yə açıqlama verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, hər hansı şəhərin AGP seçilməsi üçün müxtəlif kriteriyalar tələb olunur. Deputatın sözlərinə görə, ilk növbədə namizədliyi irəli sürülən şəhərin və təmsil etdiyi ölkənin inkişaf səviyyəsi, burada gənclərə verilən meydan, onlara dövlətin göstərdiyi diqqət əsas rol oynayır: "Vaxtilə mən AGF-də olanda bu kriteriyaların müəyyənləşməsində də iştirak etmişdim. Bu kriteriyaların əsas istiqaməti şəhərin inkişafı, o cümlədən infrastruktur, gənclərin fəaliyyəti, onların asudə vaxtının təşkili və sair nəzərə alınır. Bundan başqa, Azərbaycan özü dövlət olaraq gənclərlə əlaqəli bir çox layihələrin həyata keçirilməsində lider ölkə olduğuna görə, paytaxt Bakıdan sonra ikinci ən böyük şəhərimiz Gəncə Avropanın Gənclər Paytaxtı seçilib. Bu, olduqca mühüm hadisədir və gənclər üçün çox yaxşı fürsətdir ki, onlar öz layihələrini təqdim etsinlər, onu yüksək səviyyədə həyata keçirsinlər. Azərbaycanda hazırda fəaliyyət göstərən bütün gənclər təşkilatları il ərzində öz layihələrini məhz Gəncə şəhərində həyata keçirəcəklər. Bu da müxtəlif region gənclərinin Gəncədə olmasına, qarşılıqlı fikir mübadiləsinə, inteqrasiyaya, inkişafa xidmət edir. Gənclər paytaxtı elan olunduqdan sonra gənclərlə əlaqəli olan müxtəlif dövlət tədbirləri də məhz Gəncə şəhərində keçirilir. Bunun siyasi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, bir çox xarici tələbələr də Gəncə şəhərinə gəlirlər, bu qədim Azərbaycan şəhəri və ümumilikdə ölkəmiz barədə dolğun məlumata sahib olurlar, yaradılan infrastruktur, maddi-mədəniyyət və tarixi abidələrimizlə tanış olurlar. Beləliklə də həmin xarici tələbələr indiki mərhələdə Azərbaycan reallıqlarını, o cümlədən Gəncədə müşahidə etdiklərini öz ölkələrinə qayıdanda təbliğ edir, ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılmasına töhfə vermiş olurlar”.

25 beynəlxalq, 18 yerli layihə
"Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında qeyd edib ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin nüfuzlu ada layiq görülməsini yüksək qiymətləndirib, fevralın 24-də "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Onun sözlərinə görə, sözügedən sərəncama əsasən 9 nazirlik və 2 dövlət komitəsinin, habelə Prezident yanında Gənclər Fondunun qarşısına konkret vəzifələr qoyulub: "Gənclər Fondu verilmiş tövsiyə əsasında 2016-cı il üzrə maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin 2016-cı il "Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamət kimi nəzərdə tutub. Birliyimizin 2016-cı il üçün fəaliyyət proqramını əsasən ən aktual olan 5 sahə - təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı məsələləri əhatə edir. Ümumilikdə proqram müddətində 43 müxtəlif layihənin həyata keçirilməsi planlaşdırılır ki, bunlardan 25-i beynəlxalq, 18-i isə yerli səviyyəli layihələrdir. Bununla yanaşı, bu illər ərzində AGF-nin, beynəlxalq təşkilatların, yerli gənclər təşkilatlarının, Gənclər və İdman Nazirliyinin 300-dən çox tədbirlərinin məhz Gəncədə keçirilməsi nəzərdə tutulub. Artıq AGP layihəsində qalib gəlmiş paytaxt şəhərlərin şəbəkəsi yaradılıb. Gəncə şəhəri Avropa Gənclər Paytaxtı 2016 seçildiyi gündən etibarən bu şəbəkənin bütün görüşlərində aktiv iştirak edir. Proqram AGF-nin nəzarəti ilə həyata keçirilir. Belə ki, AGF-nin AGP işlərinə məsul şəxsləri ildə 2 dəfə Gəncə şəhərinə səfər edir və gedişatın monitorinqini aparır. Proqrama daxil olan 2 beynəlxalq səviyyəli layihə AGF tərəfindən maliyyələşib və uğurla həyata keçirilib”.

Qədim Gəncənin dünyaya tanıdılması
E.Vəliyev təşkilatın 300 nəfərdən çox könüllü heyətinin mövcudluğuna da diqqət çəkib. O, il ərzində Nizami yurdunda gənclərlə bağlı yüzlərlə tədbirin keçiriləcəyini xatırladaraq deyib ki, bu, qədim Gəncə şəhərini və onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaqdır: "2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan olunduğunu nəzərə alaraq, Gəncənin ölkəmizin qədim və zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə multikultural dəyərləri özündə yaşadan mədəniyyət mərkəzlərindən biri olduğunu fəxarətlə qeyd edə bilərik. Belə mədəni müxtəliflik Gəncənin nəinki Azərbaycanın mədəniyyət mərkəzi kimi, həm də Avropa gənclərinin paytaxtı kimi bütün dünyada tanınmasına imkan yaradır. Biz Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində Avropanın bir çox ölkələrində ölkəmizdə baş tutan gənclər siyasəti, gənclər üçün qurulan yeni infrastrukturlar, sosial və mədəni rifahı ilə bağlı olaraq minlərlə gəncə məlumat vermişik. Məqsədimiz bütün dünyaya Azərbaycanımızın müasir Avropa ölkəsi olduğunu göstərməkdir”.

Ölkə və qitə gənclərinin ən çox üz tutacağı məkan
"İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da hesab edir ki, Gəncənin AGP seçilməsinin həm ictimai-siyasi baxımdan, həm də şəhər və gənclər üçün böyük əhəmiyyəti var. "İRƏLİ” sədrinin qənaətinə görə, Azərbaycan gəncləri bir il ərzində bütün Avropanın Gənclər Təşkilatlarının Gəncədə keçirəcəyi tədbirlərdə, layihələrdə iştirak etmək imkanı qazanaraq, öz şəxsi inkişaflarına töhfə verəcəklər: "Uğur qazanmağımızın mühüm tərəflərindən biri də budur ki, bütün Avropa qədim Gəncəmizin məşhur abidələrini, mədəniyyətini öyrənəcək, həmçinin Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, müstəqillik illərində qazandığımız nailiyyətləri Avropaya tanıtmaq baxımından bu hadisə müstəsna əhəmiyyət kəsb edəcəkdir. 2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq. Mədəni inkişafın, ictimai fəallığın və siyasi proseslərin paytaxtına çevrilmiş Gəncənin aktiv gəncləri də bu prosesdə yaxından iştirak edəcəklər”.

Müxtəlif mədəniyyətlərin dialoqu
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə qəzetimizə açıqlamasında bildirib ki, Gəncənin AGP seçilməsi ilk növbədə şəhərə beynəlxalq marağın artmasına, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə gətirib çıxaracaq. O, qeyd edib ki, çoxsaylı tədbirlər çərçivəsində Gəncədə müxtəlif mədəniyyətlərin dialoqu üçün gözəl imkanlar yaranacaq, inteqrasiya sahəsində, mədəniyyətimizin, tariximizin, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində çoxlu işlər görüləcək: "Gəncəyə il boyu təşrif buyuran gənclərdə xalqımız barədə rəy formalaşacaq ki, bu da olduqca önəmlidir. Onlar Azərbaycan xalqının yüksək mədəniyyətə malik, sülhpərvər, qonaqsevər olduğunun əyani şahidi olacaqlar, ölkəmizdəki sabitliyi, inkişafı görəcəklər ki, bu da gələn qonaqların ən azından yaxın çevrələrində ölkəmiz haqqında ciddi və real fikirlərin formalaşması deməkdir. Yəni hər bir qonaq bir xoşməramlı elçidir. Biz bunu səfərlərdə olarkən indiyədək ölkəmizdə bu və ya digər beynəlxalq tədbirdə iştirak etmiş avropalı gənclərdən dəfələrlə eşitmişik. Azərbaycan 70 il sovet imperiyasının tərkibində və tam qapalı bir mühitdə olduğundan, dünyada ölkəmiz haqqında məlumatlar son dövrlərə qədər kifayət qədər az idi. Son dövrlərdə artıq köhnə fikirlər dağılmaqdadır və Gəncənin AGP seçilməsi bu istiqamətdə yeni imkanlar deməkdir”.

Nizaminin, Məhsətinin, Cavad xanın yadigarı
Sonda onu da vurğulamaq yerinə düşər ki, Nizaminin, Məhsətinin, Cavad xanın yurdu hazırda öz tarixiliyi, mədəniyyəti və müasirliyi ilə göz oxşamaqda, inkişaf baxımından nəinki ölkə əhalisinin, eləcə də dünya dövlətlərinin diqqətini özünə cəlb etməkdədir. Bu gün Pakistanın Multan, Gürcüstanın Kutaisi, Türkiyənin Qars, Eskişehir, Tacikistanın Xocənd, Dağıstanın Dərbənd, Ukraynanın Volın, Çexiyanın Olomouts, Belarusun Qomel şəhərləri ilə qardaşlaşan Gəncə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan olaraq tanınmaqdadır. Ata-babadan İmamzadələr şəhəri adlandırılan Gəncədə bir sıra dünya əhəmiyyətli görüşlərin, beynəlxalq elmi konfransların, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin, Böyük Britaniya, ABŞ, İsrail, BMT, Avropa Gənclər Forumu nümayəndələrinin görüşlərinin, üçüncü Beynəlxalq Şərab Festivalının keçirilməsi, ən nəhayət, Gəncənin AGP seçilməsi deyilənlərə əyani sübutdur.
Rufik İSMAYILOV
Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir



