• cümə, 29 Mart, 09:02
  • Baku Bakı 5°C

Füzuli yaşayış kompleksinin 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır

07.05.23 17:30 715
Füzuli yaşayış kompleksinin 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır

 Füzuli yaşayış kompleksinin 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Bunu "Report"un əraziyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib. Onun sözlərinə görə, Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb və mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

"Bildiyiniz kimi, kompleksin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb. Qeyd edim ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. 4, 5, 6 və 7 mərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq.Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlı olacaq", - D.Dadaşova bildirib.

MİDA rəsmisi qeyd edib ki, hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir: "Birinci rübdə inşa olunan 6 binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri başa çatdırılıb, ikinci rübdə yerləşən 6 binada isə dəmir-beton konstruksiyaların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda birinci rübdə xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir. Qalan binalarda isə dəmir-beton konstruksiyaların quraşdırılması işi davam etdirilir. Eyni zamanda bu binaların çoxunda hörgü və suvaq işlərinə başlanılıb".

Agentlik əməkdaşı vurğulayıb ki, kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək: "Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək".

banner

Oxşar Xəbərlər