• cümə axşamı, 07 avqust, 10:00
  • Baku Bakı 25°C

Fındıq bitkisinin xəstəlikləri və mübarizə üsulları

12.05.18 18:00 3420
Fındıq bitkisinin xəstəlikləri və mübarizə üsulları
Bütün meyvə bitkiləri kimi, qərzəkli meyvə bitkilərində də bir çox xəstəlik və zərərvericilər mövcuddur. Təkcə fındıq bitkisində 250-dən çox gənə növünə rast gəlmək mümkündür. Fındıq bitkisindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün aqrotexniki tədbirlərlə yanaşı, xəstəlik və zərərvericilərlə mübarizə də əsas rol oynayır.
AZƏRTACMeyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Nardan Sadıqovanın fındıq bitkisinin xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair tövsiyələrini təqdim edir.
Mozaika xəstəliyi.Virus mənşəlidir. Xlorotik dairəvi ləkəlilik, yarpaqların qıvrılması, alabəzək olması xəstəliyin yarpaqdakı əlamətləridir. Çox vaxt yarpaqlarda parlaq sarı, solğun sarı və ağ xətt formasında müşahidə olunur. Xəstəliyin daşıyıcısı mənənələr və digər sorucu ağız aparatına malik olan həşəratlardır. Bu xəstəliyə qarşı iyun-iyul aylarında mübarizə aparılmalıdır. Bunun üçün təsiredici maddəsi "İmidaxloprid” və "Acetamiprid” olan preparatlardan istifadə edilməlidir.
Kök çürüməsi xəstəliyi.Xəstə ağacın kök boğazında olan sarımtıl-qəhvəyi rəngli göbələklər 10-15 santimetr böyüklüyündə olur. Göbələk torpaqda və bitki toxumasında yaşayır. Rütubətli yerlərdə daha yaxşı inkişaf edir. Fındıq ağacının köklərində çürümə yaratmaqla bitkinin qurumasına gətirib çıxarır. Xəstəliyin qarşısını almaq üçün sağlam əkin materialından istifadə olunmalı, artıq rütubətliliyə yol verilməməlidir. Xəstəlik yeni başlayıbsa, xəstə köklər kəsilməli, bitki ətrafı açılmalı və həmin yerlərə əhəng+kükürd, göydaş+əhəng və yaxud xlorlu əhəng məhlulu çilənməlidir. Kəsilmiş yerlərə ardıc qətranı və yaxud əlif sürtülməlidir. Əgər ağac bütünlüklə xəstəliyə sirayətlənibsə, bitki kökündən çıxarılmalı, həmin yuvaya sönməmiş əhəng basdırılmalı, 2-3 il ora heç bir bitki əkilməməlidir.
Bakterial yanıq.Bakteriya mənşəli xəstəlik olub, bitkidən bitkiyə yağış, külək və budama alətləri vasitəsilə keçir. Xəstəlik tumurcuqların ölməsinə, zoğ, budaq və gövdə xərçənginin əmələ gəlməsinə səbəb olur. Xəstəliyə yoluxmuş tumurcuqlar açılmır. Yarpaqlarda və meyvələrdə böyüklüyü 1-2 millimetr olan darçını rəngdə ləkələr əmələ gəlir. Xəstəliklə sirayətlənmiş budaq və zoğlar qırmızıyaçalan, meyvə qabığı üzərindəki ləkələr yuvarlaq və qəhvəyi rəngdə olur. Xəstəliyə yoluxmuş budaqların yarpaqları quruyur. Həmin budaqlar və zoğlar sirayətlənmə yerindən 10 santimetr yuxarı sağlam toxumayadək kəsilərək yandırılır. Yığımdan sonra fındıq ağacları 1 faizli "Bordo” mayesi ilə çilənir. Vegetasiya müddətində xəstəliyin əlamətləri müşahidə olunarsa, 1 faizli "Bordo” mayesi və yaxud mis tərkibli preparatlardan biri ilə təkrar mübarizə aparılır.
Xərçəng xəstəliyi.Xərçəng yaraları açıq və qapalı olmaqla iki cür olur. Xəstəlik törədiciləri ölü qabıqların altında, çatların arasında qırmızı rəngdə sporlar şəklində yaşayır. Rütubətli illərdə sporlar daha sürətlə yayılır və yeni xəstəlik mənbələrinin əmələ gəlməsinə səbəb olur. Bitkinin yoluxmuş hissəsi sağlam toxumayadək təmizlənərək həmin hissəyə əlif, ardıc qətranı və yaxud əhəngli göydaş sürtülür. Xəstə və quru budaqların kəsilib yandırılması, erkən yazda və payızda 1 faizli "Bordo” mayesi ilə mübarizə xəstəliyin azalmasına səbəb olur.
Unlu şeh xəstəliyi.Göbələk mənşəli xəstəlikdir, qışı tökülən yarpaqların altında keçirir. Erkən yazda göbələk sporları fındıq yarpaqlarının alt hissəsində ağ rəngli ləkələr şəklində görünür. Yoluxmuş yarpaqlar yaşıl rəngini və parlaqlığını itirir. Xəstəliklə sirayətlənmiş yarpaqlar getdikcə qəhvəyi rəng alaraq kövrəkləşir və tökülür. Xəstəliyə qarşı ilk mübarizə zoğların uzunluğu 25-30 santimetr, yarpaqlar normal böyüklükdə olduğu zaman "Penconazole”, "Hexakonazol”, "Propineb”, "Fenbukanazol” preparatlarından biri ilə kimyəvi mübarizə aparılmalıdır.
Fındıq bitkisinin zərərvericilərinə gəldikdə, fındıq uzunburnu, qızılağac yarpaqyeyəni, budağagirən, fındıq yarpaqdələninə qarşı "Carbosulfan” (Markasil 25 EC), Amerika ağ kəpənəyinə qarşı "Emamectin benzoate”, "Fenoksikarb”, fındıq güvəsinə qarşı "Dimetoat”, "Methidathion”, "Deltamethrin”, fındıq minalayıcı güvəsinə qarşı "Methidathion” və "Malathion”, yalançı çanaqlı yastıcaya qarşı "Methidation”, "Malathion”, "Deltametrin”, fındıq tumurcuq gənəsinə qarşı "Cyhexatin”, "Bromopropylate”, "Fenbutatin-oxide”, "Propargite”, "Pyridaben” və "Aleron 50 EC”, vergülşəkilli yastıcaya qarşı "Methidathion”, "Deltamethrin”, "Comcorde”, "Malathion” preparatlarından istifadə olunmalıdır.
banner

Oxşar Xəbərlər