Əcnəbilərə məktəbəqədər təhsildə təsisçilik hüququ verilsin?

Milli Məclisin Elm və Təhsil Komitəsinin
iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda
müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyevlə həmkarlarıAsim Mollazadəvə
İsa Həbibbəyli arasında mübahisə yaranıb. APA-nın məlumatına görə, mübahisəyə səbəb
xarici sərmayədarlara ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikilməsi üçün
təsisçilik hüququnun verilməsi olub.
Ş.Hacıyev bildirib ki, qanun layihəsi ilə
bundan əvvəl qəbul olunmuş "Təhsil haqqında” qanun arasında ziddiyyətlər
var: "Ziddiyyətlər bir neçə hissədən ibarətdir. Məsələn, xarici sərmayədarlara
ölkədə məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün təsisçilik hüququnun
verilməsini bu layihədə qeyd etmək lazımdır”.
Ş. Hacıyev tədrislə təsisçiliyin fərqli
olduğunu bildirib: "Biz onlara təsisçilik hüququ verməliyik. Necə ki,
"Təhsil haqqında” qanunda bu, var. Təhsilin inkişafını istəyiriksə, niyə şərait
yaratmırıq”.
DeputatAsim MollazadəŞ.Hacıyev
irad tutaraq bildirib ki, belə olan halda, həmin sərmayədarlar ölkədə öz
prinsiplərini yayacaqlar. Ş. Hacıyev isə "onlar məscid tikmirlər ki, vəhhabiliyi
yaysınlar, bu, məktəbəqədər təhsil müəssisəsidir” – deyə, cavab verib.
Sonda İ. Həbibbəyli bildirib ki, bu məsələdə
xarici sərmayədarlar dövlət üçün əhəmiyyətli deyil: "Burada uşaqlarımızın
gələcəyindən söhbət gedir. Hesab edirəm ki, həm təhlükəsizlik, həm də yad
ideologiya baxımından buna diqqət etməliyik”.
"Xaricilərin təhsildə idarəetmə ilə məşğul
olmalarını qəbul etmirəm”
Millət vəkillərinin fərqli düşündüyü bu mövzu ilə bağlı təhsil
ekspertlərinin də münasibətini öyrəndik. Ekspert
Əjdər Ağayev deyir ki, xarici sərmayədarlara yalnız ölkəmizdə təhsil müəssisələrinin
binasının tikintisini həvalə etmək olar: "Mənə elə gəlir ki, burada söhbət tədris
və təhsildən deyil, yalnız binanın inşasından gedir. Ona görə düşünürəm ki,
yerli sərmayədarlar kimi, xaricilər də məktəbəqədər təhsil müəssisələrinin
tikintisinə investisiya qoya bilərlər. Bu iş mümkündür. Amma bir şərtlə, yalnız
binanın tikintisi onlara həvalə edilsin. İstər məktəbəqədər təhsil müəssisəsi
olsun, istər də ümumtəhsil və yaxud ali məktəb, fərq etməz. Əgər bu kimi
binaların tikintisinin qaydalarını bilirlərsə, tikinti aparmalarında pis heç nə
yoxdur. Xaricilərin təhsildə idarəetmə ilə məşğul olmalarını qəbul etmirəm. Azərbaycan
vətəndaşının yaratdığı hər hansı təhsil müəssisəsi və yaxud qurum ölkə üçündür.
Səfirliklər öz uşaqları üçün məktəb yaradırlar, yaxud işlə bağlı burada yaşayan
xarici vətəndaşların uşaqlarının oxuduğu məktəblər başqa məsələdir. Amma Azərbaycan
respublikası üçün tədris və təhsilin idarəetməsi ilə bağlı nə varsa, hamısı öz
vətəndaşlarımızda olmalıdır. Təsisçi Azərbaycandan olmalıdır. Xaricinin burada
təsisçi olmasının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur”.
Burada hər hansı təhlükə
axtarsaq...
Ekspert Nadir İsrafilov bildirdi ki, bütün sahələrdə olduğu kimi təhsildə də xaricilərin sərmayə qoyması normal
haldır: "Bu məsələ elədir ki, Milli Məclisdə də birmənalı qarşılanmayıb.
İqtisadiyyatımızın bütün sahələrində bu sərmayə məsələsi var. Niyə təhsil məsələsində
olmasın? Millət vəkilinin də qeyd etdiyi kimi onlar məscid tikmirlər ki, vəhhabiliyi
yaysınlar. Sərmayəçilik bütün sahələrdə mövcuddursa, təhsildə də tətbiq etmək
olar. Eyni zamanda, biz müəyyən ölkələrdə təhsil müəssisələri açırıq”.
N.İsrafilovun sözlərinə görə, xaricilər təsisçi
olsa da, ölkədə ona nəzarət sistemi olacaq: "Şübhəsiz, belə bir iş görülsə,
müqavilə olacaq. Hansı formada, hansı şərtlərlə olması ilə bağlı aidiyyəti qurumla
razılaşma olacaq. Bizim ideologiyamıza, mənəviyyatımıza, mentalitetimizə təsiri
kimi və s. məsələlərin hamısı müqavilə şərtlərində nəzərə alınmalıdır. Burada hər
hansı təhlükə axtarsaq, gərək beynəlxalq təhsil sisteminə inteqrasiya etməyək.
Çünki biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik. İnteqrasiya isə təkcə
tələbə yerdəyişmələri ilə olmur. İnteqrasiya bütün sahələri əhatə edir, o cümlədən
də ayrı-ayrı müəssisələrin tikilməsini. Konkret desək, burada təhlükəli nəsə
görmürəm. Çünki ölkəmizdə nəzarət sistemi var. Məsələnin buna görə
dayandırılmasına razı deyiləm”.
Ekspert bildirdi ki, bu,
ölkədə məktəbəqədər təhsilin tərəqqisinə, inkişafına xidmət edən bir addım ola
bilər. Onun sözlərinə görə, dünya praktikasında belə təcrübələr var. Ayrı-ayrı
ölkələr digər ölkələrdə nələrsə tikirlər, yaradırlar.
N.İsrafilov onu da qeyd etdi ki, Azərbaycan respublikasındatəhsilin inkişafıüzrəDövlət Strategiyasında məktəbəqədər təhsilin əhatə səviyyəsinin 90 faizə
çatdırılması hədəf olaraq götürülüb. Bu işi daha tez görmək üçün xarici sərmayədarların
cəlb olunması böyük rol oynaya bilər: "90-cı illərdə 300-ə qədər məktəbəqədər təhsil müəssisəsi hərraca çıxarıldı. Onların əksəriyyətinin
yerində şadlıq sarayları, göydələnlər, məişət salonları tikildi. Bu da məktəbəqədər
sahədə böyük qıtlıq yaratdı. Statistikaya görə, bizdə məktəbəqədər təhsillə əhatə
xeyli aşağıdır. Hansı ki təhsilə dair Dövlət Strategiyasında bu 90 faizə
qaldırılması məsələsi qoyulub. İndi bunu 90 faizə qaldırmaq üçün təkcə Bakı şəhərində
nə qədər baxça tikilməlidir. Bu çatışmazlıq açıq-aydın özünü biruzə verir.
Məktəbəqədər təhsillə əhatə olunma insanların
iş şəraitinə də təsir göstərir. Uşağın baxça ilə əhatəliliyi aşağı olduğu üçün
çox qadınların işləməyinə mane olur. Bizdə hardasa 24-25 faiz baxça ilə əhatələnmə
var. Regionlarda isə bu, daha aşağıdır. Qarşıya qoyulan tələbi qısa zamanda necə
həyata keçirə bilərik? Məktəbəqədər təhsili icbari edirik. Bu isə məktəbəqədər
təhsil müəssisələrində həyata keçirilir. İnanmıram ki, yaxın gələcəkdə bu qədər
baxçanın tikintisinə nail olaq. Bu baxımdan xarici sərmayədarların burada müəyyən
baxçalar tikməsinə hətta şərait yaratmaq lazımdır. Tikilənləri götürüb
aparmayacaqlar, bizə qalacaq. Nəzarət isə dövlət səviyyəsində olacaq”.
Aygün Asimqızı
