Dəli Kürün kürlüyünü alan səbəblər

Ekspertlər deyir ki,
problemin həlli üçün kompleks tədqiqatlar aparılmalıdır
Son dönəmlər pandemiyanın yaratdığı fəsadlar bəs deyilmiş kimi, bir
də ekoloji problemlə üzə-üzə qalmışıq. Belə ki, bir neçə gündür ki, Xəzər
dənizinin suyunun Kürə qarışması və çayda suyunun səviyyəsinin kəskin şəkildə
azalması insanları ciddi ekoloji problemlə qarşı-qarşıya qoyub. Məsələnin nə
yerdə olduğunu və Kürün suyunun azalma səbəblərini öyrənməyə çalışdıq.
Mövzu ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif
Verdiyev mediaya bildirib ki, çayda suyun azalması qısamüddətli xarakter
daşıyır: "Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan
az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında
suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayında suyun səviyyəsinin
azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq
istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma
baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib. Belə
hadisə təbii amillərlə bağlı olduğundan, qısamüddətli xarakter daşıyır”.
Coğrafiya İnstitutunun
direktoru, akademik Ramiz Məmmədov da problemin ciddiliyini təsdiq
etdi: "Kür çayında suyun miqdarı o qədər azalıb ki, ərazidə olan
geomüxtəliflik məhv olur. Əhali fikirləşməlidir ki, su bir əmtəədir. Əgər su
boru vasitəsi ilə Oğuzdan, eləcə də digər regionlardan şəhərə gəlirsə, artıq
əmtəəyə çevrilir. Əmtəənin isə qiyməti var, yəni suyun qiymətini bilmək
lazımdır. İnsanlar fikirləşir ki, sudan harada olsa, nə qədər istəsə istifadə
edə bilərlər. Əslində belə deyil, suya qənaətlə yanaşmaq lazımdır. Üstəlik,
Azərbaycan kimi su ehtiyatları qonşularla müqayisədə nisbətən az olan bir
ölkədə sudan səmərəli istifadə etməkdən başqa yol yoxdur”.
Qeyd edək ki, akademik Ramiz Məmmədov başda olmaqla, AMEA akademik
Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə
direktor müavini, dosent Məhərrəm Həsənov və Landşaftşünaslıq və landşaft
planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov 3 gün müddətində
Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olublar. İnstitutdan verilən
məlumata görə, tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı
axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə
tədbirlərinin hazırlanması olub.
Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun
səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin
başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı
məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə
tutulmasını müşahidə ediblər. Onlar bildiriblər ki, bu vəziyyət çayın
deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında
ciddi problemlər yaradıb. Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı
dəniz suyu ilə qarışmış halda və ya az da olsa, çay suyu şəklində axır. Çayın
bu hissəsində vaxtı ilə 100-150 m. enində yataq boyu su axdığı halda, hazırda
səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi
yerlərdə 4-5 metrə qədər azalıb. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən
uzunsov adalar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri
tamamilə sudan azad olub. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi
və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və
həmçinin Araz çayının yatağında da müşahidə edilib.
Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə
dolmasının bir-neçə səbəbini aydınlaşdırıblar. Bunlardan birincisi, Xəzər
dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda
dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən
aşağı düşməsi; ikincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin
azalması; üçüncüsü, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış
qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya
proseslərinin dəyişməsi; dördüncüsü, əsas amillərdən biri Xəzər dənizinin
Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq
istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataq boyu
çay axınının əksinə qovularaq çay məcrasının doldurulması; beşinci səbəb, Kür
və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl
karxanalarının təsiri; altıncısı, Kür çayının su potensialı ilə istehlakçı
arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir.
Kür çayında məcra prosesləri çox mürəkkəb olduğu üçün digər
səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı
boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji,
landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir.
Günel Azadə
