Cəmi bir günə dəyişən yığma

Yığmamız Ukraynaya qarşı döyüşməyi bacardı. Hesabda geri düşsək də, əzmkarlıq göstərərək güclü rəqibdən bir xal qoparmağı bacardı. Çətin psixoloji durumda komandanı toparlaması Ayxan Abbasovun məşqçi və mentor kimi bacarığının göstəricisidir.
Futbol üzrə Azərbaycan milli komandası növbəti kvalifikasiya oyunlarına başladı. Yığmamız dünya çempionatının seçmə mərhələsində iki oyunda meydana çıxdı. D qrupunda yer alan komanda bu qarşılaşmalardan sonra bir xalla dördüncü pillədədir. Millimiz Ukrayna ilə eyni nəticəni göstərib.
Reykyavikdə fiasko
Komandamız mübarizəyə İslandiyaya qarşı səfər qarşılaşması ilə başladı. Reykyavikdə keçirilən görüş biabırçı nəticə ilə “yadda qaldı”. Rəqibinə müqavimət göstərə bilməyən komanda 0:5 hesablı ağır məğlubiyyətlə üzləşdi. Oyunda baş verənlər barədə çox bəhs etməyə dəyməz. Çünki, ümumiyyətlə, millimizin meydanda nə etməyə çalışdığı bəlli deyildi. Məzmunsuz oyun, ruhsuz futbolçular, heç bir özfəaliyyəti olmayan baş məşqçi Fernandu Santuş və istədiyini edən islandiyalılar - qarşılaşmanın qısa ifadəsi məhz bu cürdür. Onsuz da dörd komandalı qrupda yığmamızın işi çətin idi. Etiraf etməliyik ki, Fransa, Ukrayna və İslandiya ilə mübarizədə ən yaxşı halda bir neçə xal əldə etmək mümkün görünürdü. Lakin islandlara qarşı 0:5 hesablı yenilgi tamamilə gözlənilməz oldu.
Fernandu Santuşa vida
İslandiya ilə qarşılaşma Fernandu Santuşun yığmamızın baş məşqçisi kimi son oyunu oldu. Matçdan sonra elə mətbuat konfransındaca portuqaliyalının məsuliyyəti üzərinə götürüb istefa verəcəyi gözlənilsə də, o, özündə bu cəsarəti tapmadı. Lakin məlum idi ki, belə biabırçı məğlubiyyətin cəzası ağır olacaq. Elə AFFA-nın baş katibi Cahangir Fərəcullayev də görüşdən sonra media nümayəndələrinə açıqlamasında bu nəticəni Santuş tərəfindən Azərbaycan xalqına qarşı hörmətsizlik adlandırmış və özü istefa verməyəcəyi təqdirdə, assosiasiyanın lazımi addımları atacağını bildirmişdi. Gözlənilən kimi də oldu. Ukraynaya qarşı ikinci tur oyunundan öncə Fərəcullayev portuqaliyalı mütəxəssislə yolların ayrıldığını açıqladı.
Santuş milli komandada bir ildən artıq müddətdə iş başında oldu. Bu dövrdə 11 qarşılaşmada bir qələbə belə qazana bilməyən yığma doqquz görüşdə məğlubiyyətlə üzləşdi ki, burada Reykyavik faciəsi ilə yanaşı İsveçə 0:6 hesablı yenilgi də var idi. Beləliklə, Santuş milli komandada yalnız böyük hesablı məğlubiyyətlər, məzmunsuz oyun, yanlış heyət və taktiki seçimlər və antirekordlarla “yadda qaldı”. Halbuki ondan gözləntilər böyük idi. Hətta Millətlər Liqasındakı fiaskodan sonra belə, AFFA ona güvəndi və ideyalarını tətbiq etmək üçün zaman verdi. Lakin görünən odur ki, tamamilə tükənmiş Santuşun Azərbaycan futboluna verəcəyi heç nəyi yox imiş.
AFFA-dan doğru qərar
Bəlkə, hələ komanda Millətlər Liqasında D Divizionuna düşərkən Santuşla vidalaşmaq lazım idi. Bununla belə, ziyanın yarısından qayıtmaq da xeyirdir. İslandiyaya qarşı matç sübut etdi ki, Santuşa dözməyin artıq mənası yoxdur. Santuşun göndərilməsini futbol ictimaiyyətinin ümumi qərarı kimi də qiymətləndirmək olar. AFFA doğru qərarı verdi. Bu, Azərbaycan millisinin ən ruhsuz dövrlərindən birini geridə qoyması anlamına gəlir. İstefanın Ukraynaya qarşı görüşdən bir gün öncə açıqlanması qərarın arxasındakı qətiyyətin göstəricisidir.
Ayxan Abbasovun döyüşkən kollektivi
Fernandu Santuşun istefaya göndərilməsindən sonra milli komandanı Ukrayna qarşısına U-21 yığmasının və “Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasovun çıxarması qərara alındı. Əlbəttə, milli komandanı çalışdırmaq hər bir yerli mütəxəssis üçün şərəfdir, lakin belə bir çətin məqamda razılıq verməsi Ayxan Abbasovun cəsarətini göstərir. Komandası onun üzünü ağ etməyi bacardı. Cəmi bir neçə gün əvvəl İslandiyada topla döyülən yığma Tofiq Bəhramov adına Respublika stadionunda daha güclü Ukraynaya qarşı döyüşməyi bacardı. Millimiz hesabda geri düşsə belə, əzmkarlıq göstərərək güclü rəqibindən bir xal qoparmağı bacardı. Belə bir psixoloji durumda komandanı toparlaması Ayxan Abbasovun məşqçi və mentor kimi bacarığının göstəricisidir. Əlbəttə, çox qısa müddətdə futbol fəlsəfəsi baxımından çox şeyi dəyişmək mümkün deyildi və o, buna cəhd də etməmişdi. Yalnız futbolçuları psixoloji çöküşdən çıxarmaq olardı ki, mütəxəssis bunu etməyi bacardı. Məhz Abbasovun bu posta təyin edilməsi AFFA rəhbərliyinin də düzgün addım atdığının göstəricisidir. Futbolçularımız isə start fitindən sona qədər göstərdikləri əzmkarlıq, döyüşkən oyunla azarkeşlərin rəğbətini qazana bildilər. Fanatların istədiyi məhz milli formaya yaraşan mübarizlikdir. İslandiya ilə görüşdə çatışmayan bu məqam Ukraynaya qarşı matçda ən çox qabaran amil idi.
Qarşıda nə var?
Millimizi il sonuna qədər seçmə mərhələdə daha dörd oyun gözləyir. Oktyabrda Fransa və Ukraynanın qonağı olacaq komanda noyabrda İslandiya və Fransanı qəbul edəcək. Xüsusən, belə startdan sonra qrupda yuxarı pillələrdə qərarlaşmaq çətindir. Lakin ən azı bu görüşlərdə layiqli mübarizə aparmaq mümkündür. Millini qarşıdakı matçlara kimin çıxaracağı hələ bəlli deyil. Yeni çalışdırıcının yerli, yoxsa əcnəbi olacağı da bilinmir. Santuş dövründəki problemlərin təkrarlanmaması üçün diqqətli seçim edilməlidir. Santuşun göndərilməsi ilə AFFA-ya ictimai etimad möhkəmlənib, indi daha səlis addımlar atmaq zamanıdır.
