Qəbul imtahanından 697 bal toplayan futbolçu abituriyent - UĞUR

Əbülhəsən Məmmədov: “Bəzən deyirlər ki, bu balı toplamaq üçün gecə-gündüz yatmamışam, yaxud telefondan imtina etmişəm. Arzularım üçün heç nədən tam imtina etməmişəm. Nə gecə yuxusuz qalmışam, nə də tamamilə telefondan, sosial şəbəkələrdən və ya futboldan uzaqlaşmışam. Sadəcə hər şeyə vaxt ayırmağı bacarmışam”.
Peşəkar futbolla məşğul olan şəxslərin təhsildə yüksək nəticə göstərməsi bizə tanış mənzərə deyil. Xüsusilə ölkəmizdə valideynlər övladlarının təhsilə marağı zəif olduqda alternativ kimi idmana yönəlməsini üstün tuturlar. Ümumiyyətlə, həm futbolla, həm də digər idman növləri ilə ciddi şəkildə məşğul olan gənclərin eyni zamanda təhsildə fərqlənməsi nadir hadisədir. Lakin müsahibimiz bu stereotipi qırmağı bacarıb. Söhbət “Zirə” klubunun U-17 komandasında çıxış edən Əbülhəsən Məmmədovdan gedir. O, Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib və qəbul imtahanında 697 bal toplayaraq yüksək nəticə göstərib. 700 bala sadəcə üç balı çatmayan Əbülhəsən ikinci cəhddə də uğurunu qoruyub. O, ali təhsilini Bakı Ali Neft Məktəbində informasiya Təhlükəsizliyi ixtisası üzrə davam etdirmək niyyətindədir.
“Nə istəyirsənsə, onu et”, - dedilər”
Futbola iki-üç yaşlarından maraq göstərib. Ailədə futbolla maraqlanan olmasa da, Əbülhəsənə dəstək olublar. Deyir ki, ailəm məni öz arzularına görə yox, maraqlarımı əsas götürərək dəstəkləyirdi: “İkinci-üçüncü siniflərdə futbola yazılmaq istədim, istəyimi anlayışla qarşıladılar. Ailəm düşünmədi ki, bu, mənim dərslərimə mane ola bilər. Çünki görürdülər ki, təhsilimə nə qədər maraq göstərir, məsuliyyətlə yanaşıramsa, futbolu da bir o qədər çox sevirəm. Mənə, - “nə istəyirsənsə, onu da et”, - dedilər. Valideynlərimin dəstəyi bu uğurun əsas səbəblərindən biridir. Onlar mənə azadlıq vermişdilər. Həmişə deyirdilər ki, hansını seçsən, biz sənin yanındayıq. Mən futbolu seçsəydim və qəbul ola bilməsəydim belə, onlar mənim arxamda olacaqdı. Çünki onlar üçün ən önəmlisi sevdiyim işlə məşğul olmağım idi. Bu dəstəklə peşəkar futbola da başladım. Təhsilimə də diqqəti azaltmadım. Hədəfim 700 bal toplamaq idi və bunun üçün də əlimdən gələni edirdim”.
“Kiminə dərs maraqsız gəlir, kiminə isə futbol”
Müsahibimiz deyir ki, əgər hədəfinin nə olduğunu bilir, onun üçün çalışırsansa, mütləq istədiyinə nail olursan: “İnsan istəsə həm idmanla, həm də təhsillə eyni anda məşğul ola bilər. Düzdür, ətrafımda elə insanlar var ki, yalnız idmana yönəlirlər və dərslə maraqlanmırlar. Bu da fərdi seçimdir. Kiminə dərs maraqsız gəlir, kiminə isə futbol. Hər ikisini bir yerdə aparmaq isə doğrudan da çətindir, çünki vaxtını düzgün bölməlisən. Xüsusilə də yuxarı siniflərdə hazırlıqlar başlayanda, vəziyyət daha da gərginləşir. Bu zaman bir çoxları futbol və təhsil arasında seçim etmək məcburiyyətində qalırlar. Amma mənim belə məcburiyyətim olmadı. Çünki uşaqlıqdan həm dərslərimə ciddi yanaşır, həm də futbolla məşğul olurdum”.
“Bilirdim ki, 11-ci sinifdə vaxtım daha məhdud olacaq”
Əbülhəsən tək çətinliyinin vaxtla bağlı olduğunu bildirir. Çünki bütün həftə hər gün beş saat futbola həsr etməli idi. “Eyni zamanda məktəbi və hazırlıqları da diqqətdən kənarda qoymur, hər birinə məsuliyyətlə yanaşırdım. Yorucu olsa da, məqsədlərim daha güclü idi. Vaxtımı düzgün bölmək və hər şeyə fokuslanmaq mənə çox kömək etdi. Doqquzuncu sinifdən hazırlıqlarım başladı. Amma üstünlüyüm o idi ki, mən birinci sinifdən dərslərimi oxuyur, hər günümü universitetə hazırlaşırmış kimi çalışırdım. Yəni, doqquz il gözləyib yalnız iki il hazırlıq dövründə oxumamışam. Hazırlıq dövrü mənim üçün sadəcə təkrar etmək üçün fürsət idi. Erkən yaşlardan möhkəm baza formalaşdırdığım üçün hazırlıq mərhələsində sıfırdan başlamadım”.
“Yolda keçirdiyim iki saat fürsət idi”
Bütün gününü məktəb və futbola həsr etsə də, telefonla oynamaq, dostları ilə söhbətləşmək üçün də vaxt bölgüsü aparıb. O, futbol məşqləri üçün hər gün Əhmədlidən Mərdəkana iki saat yol gedir. Amma o iki saatı da fürsətə çevirməyi bacarır: “Yolda keçirdiyim vaxtı daha çox istirahət və sosial ünsiyyət üçün istifadə edirdim. Adətən, bu zamanı ya telefonda olur, ya da dostlarımla söhbət edirdim. Mənim üçün sosial əlaqələr də ən az dərslər qədər önəmlidir. Yalnız imtahanlara az qalmış, ciddi hazırlaşmalı olduğum dövrlərdə yolda dərs oxuyurdum”.
“Arzularım üçün heç nədən tam imtina etməmişəm”
Müsahibimiz vurğulayır ki, onun üçün həm futbolçu olub, həm də 697 bal toplamaq gözlənilməz deyil. Üstəlik, bunu əldə etmək üçün də həyat tərzindən heç nəyi qurban verməyib: “Bəzən deyirlər ki, bu balı toplamaq üçün gecə-gündüz yatmamışam, yaxud telefondan imtina etmişəm. Arzularım üçün heç nədən tam imtina etməmişəm. Nə gecə yuxusuz qalmışam, nə də tamamilə telefondan, sosial şəbəkələrdən və ya futboldan uzaqlaşmışam. Sadəcə, hər şeyə vaxt ayırmağı bacarmışam. Vaxtını düzgün planlaşdıranda heç birindən imtina etməyə ehtiyac qalmır”.
“Futbol zehni istirahət idi”
İmtahana hazırlaşmaq onu nə qədər yorsa da, futbola zehni istirahət kimi yanaşıb: “Fiziki yorğunluq olurdu, amma futbola getmək mənim üçün zehni istirahət idi. Səhərdən axşama qədər dərslərlə məşğul olsam da, futbola gedəndə beynim tamamilə dərsdən uzaqlaşırdı. Bu, mənim üçün dincəlmək kimi idi. 4-5 saatlıq məşqdən sonra evə qayıdanda beynim sanki yenidən təmizlənirdi və rahat şəkildə dərslərimi oxuya bilirdim. Evdə də heç vaxt, - “yorulursan, getmə”, - deməyiblər. Ailəm başa düşürdü ki, bu, mənim üçün sadəcə əyləncə deyil, peşəkar futbol yoludur”.
Əbülhəsən gələcəkdə məşhur futbolçu, yoxsa kibertəhlükəsizlik mühəndisi olacağına hələ qərar verməyib: “Hələ ki hər ikisini paralel davam etdirməyə çalışıram. Hansında daha uğurlu və yararlı olacağımı görsəm, onu seçəcəyəm”.
Aygün Əziz
