• cümə, 26 Aprel, 11:18
  • Baku Bakı 12°C

“Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər uğurla həyata keçirilir

29.04.21 22:15 570
“Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər uğurla həyata keçirilir
Müasir və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, son 18 il ərzində sabitlik və dayanıqlı inkişaf təmin edilib. Dövlət siyasətində milli maraqları hər şeydən üstün tutan Azərbaycan Liderinin gördüyü işlər sayəsində respublikamız dünyanın tanınmış ölkələrindən birinə çevrilib. Ən böyük uğurumuz isə ərazi bütövlüyümüzün təmin olunmasıdır. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində azad olunub. Zəfər yürüşünün nəticəsində Azərbaycan düşməni torpaqlarından qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli olub. Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına səfərinin böyük əhəmiyyətə malik olduğunu deyən deputat qeyd edib: "Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib, hər səfərində ölkə və dünya ictimaiyyətinə mühüm mesajlar verib. Bu dəfə də belə oldu. Prezident İlham Əliyev Ermənistanda baş qaldırmaq istəyən revanşistlərə, təxribatçılara da sərt mesaj göndərdi. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, ermənilər növbəti təxribat törədəcəkləri təqdirdə, yeni tarixi dərs almalı olacaqlar”.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, böyük Zəfərimizin bütün vətəndaşlarımızın qəlbini qürur hissi ilə doldurduğunu diqqətə çatdıran A.Məmmədov vurğulayıb: "Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət edir. Sərhədlərimizin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı bunu bir daha təsdiqləyir”.
Deputat diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd” pilot layihəsinin icrasına başlanması dediklərimizin əyani sübutudur. Yenicə təməli qoyulan Zəngilan Hava Limanı bu rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oraya qayıdacaq insanların rahat gediş-gəlişi üçün çox vacibdir. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması təqdirəlayiqdir. Strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun bərpası isə Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşdirəcək. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir.
Aqil Məmmədov vurğulayıb ki, faşizm ideologiyasına xidmət edən Ermənistan Qələbəmizi həzm edə bilmir. 44 günlük Vətən müharibəsində "Dəmir yumruq”la başı əzilən düşmən məğlubiyyətin acısını yaşayır və hər vəchlə revanş qazanmaq istəyir. Dara düşən, məğlub olan isə hər saman çöpünə əl atır. Ermənistan acınacaqlı və məğlub vəziyyətdədir. Ölkədə siyasi sabitlik yoxdur. Müqayisə edəndə bir tərəfdə realist siyasət nəticəsində cənnət quran, sivil Azərbaycan, digər tərəfdə faşizmi ideologiyasını dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən Ermənistan. Bir tərəfdə əraziyə hakim qalib dövlətin qalib əsgəri, digər tərəfdə təxribata və terrora üstünlük verən sərxoş olub hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgəri.
Deputat bildirib ki, Ermənistan dalandan çıxmaq istəyirsə, onun nicat yolu Azərbaycanın çağırışlarına cavab verməklə bölgədə sülh və əməkdaşlığın bərpasına qoşulmasındadır. Əks halda, bu ölkənin gələcəyi yoxdur və ola da bilməz. (Azərtac)
banner

Oxşar Xəbərlər