Bütün müstəvilərdə qələbə qazanan ölkə

Prezident İlham Əliyev: “Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik”.
Azərbaycan minifutbol üzrə həm Avropa, həm dünya çempionudur. Üç il öncə Slovakiyada “köhnə qitə”nin ən güclüsü adını qazanan milli komandamız bu dəfə Bakıdakı Milli Gimnastika Arenasında 32 komandanın iştirakı ilə keçirilən mundialda bütün rəqiblərindən üstün olaraq planetin “bir nömrə”si oldu.
Tarixi uğura dövlət başçısı səviyyəsində verilən dəyər
Minifutbol yığmamızın möhtəşəm zəfəri, təbii ki, diqqətdən kənar qala bilməzdi. Millimizin tarixi uğuruna ən yüksək dəyəri Azərbaycan Prezidenti İlham Əliyev verdi. Dövlət başçısı federasiya rəhbərliyini və komanda üzvlərini qəbul edərək, hər kəsi qürurlandıran fikirlər səsləndirib: “Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz”.
İlham Əliyev Azərbaycanın bütün müstəvilərdə qələbə qazanan ölkə olmasını xüsusi vurğulayıb: “Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
Dövlət başçısı komandanın tamamilə Azərbaycanda doğulub boya-başa çatmış idmançılardan təşkil olunmasının xüsusi qürur hissi yaratdığını söyləyib:
“Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır”.
“Arzu edirəm ki, bu qələbələrin davamı olsun”
Təbii ki, uğuru əldə etdikdən sonra onu qoruyub saxlamaq da çox önəmlidir. Elə Prezident İlham Əliyev də görüş zamanı minifutbolçuların diqqətinə bu məqamı çatdırıb: “Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var”.
Ardı-arası kəsilməyən təbriklər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edərək komandamızı çempionluq münasibətilə təbrik edib: “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”
“Ölkə başçısına dərin təşəkkürümüzü bildiririk”
Azərbaycanda idman dövlət siyasətinin tərkib hissəsidir. Bu səbəbdən idmanın bütün növləri dövlətimiz, şəxsən Prezident İlham Əliyev tərəfindən böyük dəstək görür. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da dövlət başçısının dəstəyini xüsusi vurğulayıb və bunun sayəsində tarixi uğura imza ata bildiklərini qeyd edib: “Prezident İlham Əliyevin dəstəyini unutmamalıyıq. Onun bizə dəstəyi, xeyir-duası sayəsində qələbə qazana bildik. Bunun üçün ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Daim dövlətin dəstəyini hiss edirik. Bundan sonra da gənc nəslin minifutbola cəlb olunması üçün əlimizdən gələni edəcəyik”.
10 ildən az müddətdə minifutbolda qazanılan nailiyyətlər Azərbaycanın bu sahədə ən yaxşılardan olduğunu deməyə əsas verir. Minifutbol Federasiyası 2017-ci ildə yaradılıb və artıq ölkəmiz həm Avropa, həm də dünya çempionudur. Hətta klub səviyyəsində də “Birbaşa Bakı” Çempionlar Liqasının qalibi adını qazanıb.
Xatırladaq ki, məşhur simalar, müxtəlif ölkələrin Azərbaycandakı səfirlikləri uğur münasibətilə milli komandamızı və xalqımızı təbrik ediblər. Komandamızın nailiyyəti hətta argentinalı futbol ulduzu Lionel Messinin də diqqətindən kənar qalmayıb. O, videomüraciətlə xalqımıza təbriklərini çatdırıb.
Zirvəyə aparan yol
Məlumat üçün bildirək ki, A qrupunda yer alan millimiz ilk oyunda Bəhreynin müqavimətini qıra bilməsə də, ardınca mükəmməl sürət yığdı. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv sonrakı görüşlərdə Sloveniya və Mavritaniyanı üstələyərək pley-offa adladı. Burada rəqibi son dünya çempionu Rumıniya millisi idi. Penaltilər seriyasında qazanılan qələbə artıq Azərbaycanı mundialın əsas favoritinə çevirmişdi. Yarımfinalda İngiltərənin müqaviməti də millimizə mane ola bilmədi. Finalın bir addımlığında Monteneqronu üstələyən “öz uşaqlarımız” iyunun 1-i gününü Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdılar. Həmin gün komandamız final qarşılaşmasında Macarıstan üzərində parlaq qələbə qazandı – 4:2.
Bu, 2022-ci ildə qazanılan Avropa çempionluğundan sonra yığmamızın titul kolleksiyasını tamamlaması anlamına gəlirdi. Doğma meydan, möhtəşəm azarkeş dəstəyi ilə komandamız bütün oyunlarda rəqiblərindən bir baş üstün çıxış edərək Azərbaycan xalqını sevindirməyi bacardı.
F.Abasoğlu
