AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu siyasətin adı nədir?

Bu siyasətin adı nədir?

Siyasət
16 Aprel 2021, 17:00 1175
Politoloqların fikrincə, Dağlıq Qarabağ münaqişəsinin uzanmasında əsas səbəblərdən biri? məhz qərbin, xüsusilə də xristian dünyasının məsələyə ikili standartla yanaşması oldu
 
 
Ukrayna ilə Rusiya arasında davam edən gərginlik fonunda Qərb birmənalı şəkildə rəsmi Kiyevə dəstəyini nümayiş etdirir. Hətta qərbin siyasi dairələri Rusiyanı işğalçı adlandıraraq Ukraynaya torpaqlarını işğaldan azad etmək üçün dəstək göstərəcəyini də vurğulayır. Amma çox təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu 28 il ərzində Azərbaycan qərbdən belə bir dəstək görmədi. Məhz qərb institutlarının təklifi ilə yaradılan ATƏT-in Minsk qrupu bir dəfə də olsun Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiq göstərmədi. Halbuki, qərb dövlətlərinin, institutlarının əlində beynəlxalq hüquqa söykənən sənədlər var idi. Qərb dövlətləri bu beynəlxalq sənədləri görməzlikdən gələrək Azərbaycana münaqişənin ancaq sülh yolu ilə həllinin mümkünlüyünü diktə edirdi. Lakin 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə Azərbaycan nəinki qərbi, bütün dünyanı mat qoya bildi.
Ukrayna ilə bağlı qərbin yanaşması bir sıra sualları özündə ehtiva edir. Qərbin vaxtı ilə Dağlıq Qarabağ münaqişəsinə münasibəti ikili standart və ya xristian təəssübkeşliyindən irəli gəlirdi, yoxsa... Ümumiyyətlə, bu siyasətin adı nədir?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Qərbin Ukraynadakı, Gürcüstandakı və digər münaqişələrə münasibətdə, Dağlıq Qarabağ probleminin həlli məsələsində ermənilərə loyallıq nümayiş etdirməsi Azərbaycana qarşı ikili standartdır: "Bu ikili standartın içərisində həm də xristian təəssübkeşliyi var. Çünki Ermənistan bir xristian dövlətidir. Əlbəttə ki, qərb bir xristian dövlətinin müsəlman Azərbaycan dövlətinə əzilməsini istəməzdi. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin uzanmasında əsas səbəblərdən biri də, məhz qərbin, xüsusilə də xristian dünyasının məsələyə ikili standartla yanaşması olmuşdur. Çünki ortada beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə olduğu halda, çox maraqlıdır ki, Qarabağ münaqişəsini süni surətdə 28 il uzatdılar. Bu vəzifəni, əslində Azərbaycan əsgəri yerinə yetirdi. Amma buna qədər Dağlıq Qarabağ münaqişəsinə digərləri ilə müqayisədə, qərbin ikili yanaşmasının şahidi olduq”.
 
N.Miri Rusiya və Ukrayna arasında olan məsələyə toxunaraq qeyd etdi ki, bu ölkələrin hər ikisi xristian dövlətidir: "Ancaq məsələ burasındadır ki, Rusiya bu gün qərb üçün müəyyən təhdid, təhlükə yaradan bir ölkədir. Rusiya bir nüvə ölkəsidir və qərbin hərbi yöndə, bilavasitə rəqibi olduğu üçün əslində Ukrayna amilindən Rusiyanı zərərsizləşdirmək məqsədilə istifadə olunur. Yəni məsələnin mahiyyəti budur. Ona görə də, qərb ölkələri bütün zamanlarda yalnız özlərinin geosiyasi maraqlarını güdərək siyasət yürüdüblər. Biz bunu münaqişələrdə, yəni Suriyada, Liviyada, Ukraynada, Moldovada və xüsusilə Qarabağda da gördük və hələ də bu hal davam edir. Çox təəssüflər olsun ki, qərb dünyasının siyasətində hələ də dəyişən bir şey yoxdur”.
 
Politoloq Qabil Hüseynli bildirdi ki, Qərbin digər münaqişələrlə müqayisədə, vaxtı ilə mövcud olmuş Qarabağ münaqişəsinə münasibətini ikili standart, xristian təəssübkeşliyi adlandırmaq olar: "Amma indiki halda Ukrayna qərb üçün əhəmiyyətli bölgədir. Eləcə də Avropanın ən böyük ölkəsidir, həm də Rusiyanın sərhədində strateji mövqelərə malikdir. Qərb elə Ukraynanın özünə də əməlli-başlı yardım etmək fikrində deyil. Dünənə qədər ABŞ prezidenti Bayden fərqli mövqe tutsa da, indi məsələnin sülh yolu ilə həlli barədə danışır. Ona görə də, hələlik gözləmək lazımdır, proseslər izlənilməlidir. Düzdür, biz Qarabağ problemini özümüz həll edə bildik. Ancaq Ukraynanın vəziyyəti daha ağırdır və qərb ölkələri onu yarı yolda da qoya bilər. Hesab edirəm ki, qərbin kəndiri ilə quyuya düşmək o qədər də asan məsələ deyil. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, hələ suların çox durulmasına ehtiyac olacaq”.

Q.Hüseynli vurğuladı ki, Azərbaycanın qələbəsindən sonra ölkəmizə qarşı ikili standartlar daha da çoxalıb: "Hətta deyərdim ki, çox həyasız bir formada tətbiq edilir. Misal üçün, yenə də Dağlıq Qarabağ probleminin "ədalətli həlli”ndən danışmağa başlayıblar. Tbilisidə səfərdə olan Ermənistan prezidenti Sarkisyan çıxışı zamanı məsələnin "ədalətli həlli”ndən danışıb və Dağlıq Qarabağ probleminə "ədalətli” münasibət tələb edib. Gürcüstanın prezidenti xanım Salome Zurabişvili də həmin tədbirdə Ermənistanın xəritəsi əks olunmuş maskada iştirak edib. Təsəvvür edin ki, bizim çörəyimizi yesinlər, çətin anlarda Azərbaycan Gürcüstana kömək eləsin, bunlar da erməniyə dəstək nümayiş etdirsin. Halbuki, büdcələrinin 40 faizi aldıqları tranzit gəlirlərindən formalaşır. Təəssüflər olsun ki, Gürcüstan Dağlıq Qarabağ məsələsində ermənilərə dəstək göstərir. Xristian dünyası belədir və bu gün islamafobiya, turkofobiya dünyada meydan sulayır”.           
 
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, uzun illər Azərbaycan əraziləri Ermənistanın işğal altında qalmışdı və 30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar gedirdi və yalnız sülh yolu torpaqların işğaldan azad edilməsini özündə ehtiva edirdi: "Bu müddət ərzində Azərbaycanın öz ərazilərini müharibə yolu ilə işğaldan azad etməsinə qarşı çıxırdılar. Hətta Azərbaycan 2001-ci ildə Avropa Şurasına qəbul ediləndə üzərinə öhdəlik götürmüşdü ki, güc tətbiq etməyəcək. Həqiqətən də 30 ilə yaxın bir müddətdə demək olar ki, irəli sürülən bütün həll variantları Azərbaycanın əleyhinə olub. Əlbəttə ki, Azərbaycan bununla barışa bilməzdi. Ölkəmiz əleyhinə olan qərarların əsas təşkilatçılarının formalaşmış baxış bucağı, əlbəttə ki,  erməni lobbisinə yaxın münasibətdən və xristian təəssübkeşliyindən doğurdu. Amma bir məsələyə diqqət etmək lazımdır. Qərbin bu yanaşmasının, qeyd etdiklərimdən asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin və Avropa Şurasının qətnamələri, qərarları birbaşa Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hüquq baza formalaşdırmışdı. Həmin beynəlxalq sənədlər Azərbaycanın siyasi mövqeyini möhkəmləndirirdi və gələcəkdə müharibə aparacağı halda, əlində bir əsas yaradırdı. Qərbin bu yanaşması olsa da, Azərbaycanı hər vəchlə güc tətbiqindən çəkindirirdilər”.
 
M.Əsədullazadə də Ukrayna məsələsini qeyd edərək söylədi ki, burada geosiyasi faktorlar önəmlidir: "Bu məsələ birbaşa ABŞ və qərbin marağında olduğu üçün onlar Rusiyaya qarşı Ukrayna ssenarisindən istifadə edirlər. Bununla da rəsmi Kiyev müharibəyə təhrik olunur. Təbii ki, Ukrayna və Azərbaycan ərazilərinə qarşı eyni işğalçılıq, separatizm təhdidi mövcud idi. Əlbəttə ki, biz Ukraynadakı separatizmə münasibətdə Dağlıq Qarabağ probleminə yanaşmada ikili standartların şahidi olduq. Bu yanşama isə qərbin fəaliyyətinə kölgə salırdı. Heç şübhəsiz ki, Azərbaycanın gücü və beynəlxalq hüquqa söykənən mövqeyi nəticəsində ölkəmiz müharibə yolu ilə ədaləti bərpa etməli oldu. Bununla belə, yenə də qərbin müəyyən dairələri tərəfindən Azərbaycana qarşı çirkin kampaniyalar aparılsa da, bu, ölkəmizin qələbəsinə kölgə sala bilməz. Əlbəttə ki, bu, ikili standartın təzahürüdür. Bunun başında da xristian təəssübkeşliyi, islamafobiya, eləcə də erməni lobbisi ilə birgə əməkdaşlıq dayanır”.    
 
BƏXTİYAR