“Bir günlük xəlifə”lərin hökmranlığı - Fotolar

Azərbaycan Dillər Universitetində (ADU) "Bir günlük
xəlifə” "Tələbə Özünüidarəetmə Günü” layihəsi keçirilib.

"Bir günlük
xəlifə”nin mətbuat katibi Şahin Sərdarlıbildirdi ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrdə
özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə, onların
peşə məsuliyyətini dərk etməsinə yardım etməkdir:"Bu gün universitetin
rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla, 32 rəhbər vəzifədə
tələbələrin açıq səsvermə yolu ilə seçildiyi "xəlifə”lər fəaliyyət göstərəcək.
Həmin "xəlifə”lər universitetdə bir gün ərzində tədris prosesi, inzibati və
digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə
bilərlər. Rəhbər postları tutan tələbələr bir gün ərzində icra etdikləri
vəzifənin maaşını da alacaqlar. "Xəlifə”lərin qəbul etdiyi qərarlar tam olaraq
hüquqi qüvvəyə malikdir. Onu da qeyd edim ki, xəlifələr 13 dekabrdan sonra
"kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələri
davam etdirəcəklər”.

Qayıbları sildirmək,
kəsrlərini ləğv etdirmək istəyənlər olur
Mətbuat katibinin yanında ayrılıb ADU-nun rektoru Kamal
Abdullanın otağında əyləşən bir günlük "xəlifə-rektor”un yanına getdik. Rektor
universitetin Təhsil fakültəsinin 3-cü
kurs tələbəsi Nicat Aşurov seçilib. Nicat universitetə qəbul olduğu gündən
aktiv tələbələrdəndir və rektor
seçilməyində də bunun əhəmiyyətli rol oynadığını deyir: "Seçkilər zamanı
ədalətlilik prinsipi qorundu. Biz gün ərzində müxtəlif qərarlar verəcəyik.
Tələbələrdən yaxınlaşıb qayıblarını sildirmək, kəsrlərini ləğv etdirmək
istəyənlər olur. Amma biz bu qərarları qanun çərçivəsində etməliyik. Bu bir
gündə elə addım atmalıyıq ki, sabah hər şey normala qayıdanda, verilən
qərarların çətinliyi yaşanmasın. Bu vəzifənin necə məsuliyyətli olduğunu hiss
etdik. İşin bir neçə saatdır ki, başlamasına baxmayaraq, üzərimdə olan stress,
həyəcan hələ keçməyib”.

"Tələbə yoldaşlarım
platformamı bəyəndikləri üçün...”
Tədris
işləri üzrə prorektoru əvəz edən bir günlük "xəlifə” - Elşən Qəhrəmanov ADU-nun Təhsil fakültəsinin 4-cü kurs tələbəsidir.
O, həyəcanlı olduğunu və hələ də tutduğu vəzifəyə uyğunlaşa bilmədiyini deyir:
"Çox sevindirici haldır. Həmişə tələbə kimi gəldiyim otağa, indi vəzifənin
icraedicisi kimi gəlmişəm. Bu, çox möhtəşəm hisdir, hələ də inana bilmirəm.
Tələbə yoldaşlarım platformamı bəyəndikləri üçün məni bu vəzifəyə layiq
gördülər. Düşünürəm ki, seçilməyimdə çıxışımın əvvəlində və axırında dediyim
sözlərin təsiri böyükdür. Sonda dedim ki, əsas olan doğru yolu getmək deyil,
getdiyin yolu doğru etməkdir”.

"Bu, bir növ yuxuya bənzəyir”
Bir
günlük "xəlifə” Səma Məmmədzadə isə Filologiya və Jurnalistika fakültəsinin 3-cü
kurs tələbəsidir. O, Elm və Təhsil Məsələləri üzrə müşavir vəzifəsini icra edirdi:
"Bu gün elmi laboratoriyalarla, tədqiqat mərkəzləri ilə birlikdə bəzi işlərin
görülməsi nəzərdə tutulub. Bəzən elm deyəndə, insanlar təkcə elmi məsələləri
anlayır. Elm deyəndə, bura mədəniyyət və incəsənət sahələri də daxildir. Çünki
düşünürəm ki, bizi həm mədəni, həm də elmi cəhətdən irəli çəkəcək
tədqiqatlarımızı həyata keçirməliyik. Mənə
verilən səlahiyyətdən yararlanıb, bu istiqamətdə bir sıra tədbirlərdə iştirak
edəcəyəm. Həmçinin prorektorun bir gün ərzində edə biləcəyi işləri görməyə
çalışacağam”.

Müsahibimiz
keçirdiyi hisləri bizimlə bölüşdü: "Həqiqətən çox möhtəşəm bir təcrübədir. Bu, tək
mənim üçün yox, "xəlifə” seçilən bütün tələbələr üçün əvəzedilməz duyğudur.
Düşünün ki, bir sahə üzrə ixtisaslaşmaq istəyirsiniz və bunun üçün müəyyən
pillələri qalxmalısınız. Amma birdən-birə sənə belə bir şans verilir ki, buyur,
sən pillələri qalxmadan da ən azı bir günlük istədiyin işi gör. Bu, bir növ
yuxuya bənzəyir. Sanki həyatınızın ssenarisini özünüz yazırsınız. Burada baxış bucağı fərqlilikləri yaranır.
Tələbə kimi düşünürük ki, o vəzifədə olsaydım, filan işi görərdim. Amma elə
deyil. Vəzifəyə gələndən sonra anlayırıq ki, nələri etmək olar, nələri olmaz.
Çox şadam və özümlə fəxr edirəm ki, məni bu vəzifəyə layiq gördülər”.

"Mənə
dekan kimi hörmət etməyə başladılar”
Prorektorlarla
danışdıqdan sonra dekan vəzifəsini icra edənlərlə də görüşdük. Həmsöhbətimiz
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində dekan vəzifəsini icra edən Samirə Mikayıllıdır. O, işə başlayarkən
daxilində kiçik narahatlıqların olduğunu dedi: "Səhər bir az narahat idim.
Sanki hər şey bir-birinə qarışmışdı. Amma sonra
tələbələrlə söhbət etdikdən sonra hər şey qaydasına düşdü. Həmçinin bu
gün valideynlərim mənim xüsusi dəstəkçim oldular. Deyərdim ki, həyəcanım tamam
keçib. Bu yolda mənə ən çox dekanımız
Adelye xanım kömək oldu. Heç bir işdə öz məsləhətlərini məndən əsirgəmədi.
Hətta o, mənə dedi ki, seçilməsən belə, problem yoxdur. Əsas odur ki,
namizədliyini ver və orada auditoriya qarşısında özünə inanaraq çıxış et.
Həmçinin rəqiblərim də kifayət qədər güclü idilər. Nəticədə tələbələr məni
seçdilər. Məncə, çıxış edərkən səmimi danışığım tələbələrin xoşuna gəlmişdi.
Nəticələr açıqlanarkən inana bilmirdim
ki, qalib gəlmişəm. Sevincimi ilk olaraq müəllimlərimlə bölüşdüm. Seçilən gündən də hiss etdim ki, artıq qrup
yoldaşlarım arasında hörmətim artıb. Onlar mənə dekan kimi hörmət etməyə
başladılar”.

"Onun uğuruna çox sevinirəm”
Rəhbər vəzifələrə seçilmiş tələbələrdən
sonra universitetin digər tələbələri ilə
də danışdıq. İlk olaraq Gültac Əmiraslanovailə söhbətləşdik. Gültac Beynəlxalq münasibətlər
və regionşünaslıq fakültəsinin 2-ci kurs tələbəsidir. O da namizədliyini irəli
sürənlər arasında olub: "Bir günlük xəlifə” layihəsi çərçivəsində mən də
namizədliyimi İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsinə
vermişdim. Bu vəzifəyə namizəd çox idi. Təəssüf
ki, seçilmədim. Qrup yoldaşım Şahverən qələbə qazandı. Onun uğuruna çox
sevinirəm. Çünki düşünürəm ki, bu posta layiqlilər sırasında idi. Şahverən universitetimizin ən fəal və savadlı
tələbələrindəndir. Ona bugünkü vəzifəsində uğurlar arzu edirəm. Bu layihə
tələbələrin gələcək iş həyatında böyük önəm daşıyacaq, onlar üçün bəlkə də
ilkin təcrübə rolunu oynayacaq”.

"Həmin sahələrlə bağlı beynimdə bir sıra təkliflər var”
Coşqun Gəncəliisə hələ birinci kursda təhsil aldığından, baş verən prosesləri sadəcə,
izləməklə növbəti seçkilər üçün təcrübə toplayır: "Hazırda ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə
fakültəsinin birinci kurs tələbəsiyəm. Bu layihə uzun müddətdir keçirilsə də,
mənim üçün ilkdir. Namizədliyimi verməmişdim. Çünki birinci kursda təhsil
alıram, bu sahədə təcrübəm azdır. Düşünürəm ki, növbəti illərdə mən də namizəd
ola bilərəm. Əgər namizədliyimi versəydim, ya Asiya Mərkəzini, ya da Alman oxu
zalını seçərdim. Çünki həmin sahələrlə bağlı beynimdə bir sıra təkliflər var. Düşünürəm
ki, gələcəkdə hər hansı müəssisə rəhbəri olacaq biri üçün çox gözəl təcrübədir.
Yəni idarəetməni və kollektivlə işləməni öyrənmək baxımından, çox yaxşı
təşəbbüsdür”.
Günel
Azadə
