Bir günə “şəlalə” kimi saçlara sahib olmağın fəsadları

"Saçım uşaqlıqdan seyrək və qısa idi. Uzun saç həvəskarı
olsam da, heç vaxt istədiyim qədər uzada bilmirdim. Rəfiqələrim məsləhət gördülər
ki, qaynaq etdirim. İki aylıq maaşımı xərcləyib, qaynaq etdirdim. Bir müddət
saçımda olan muncuqlara görə yata bilmirdim, amma gün keçdikcə alışırsan. 5 ay
sonra qaynağı çıxardım, saçlarım əlimdə
qaldı. Bir il keçməsinə baxmayaraq, hələ də saçımın qalan hissəsini qurtarmaq
üçün mübarizə aparıram”.
Bu sözləri uzun saç arzusuna çatmaq üçün qaynaq
etdirən Günay deyir. Son vaxtlar
qadınlar arasında dəb halını alan saç, dırnaq qaynağı fəsadsız ötüşmür. Süni
yaradılan gözəllik təbiiliyin qənimi olur. Bəs qadınların sərvət xərcləyib
başqasının saçları ilə yaratdığı "saçı uzun Suray xanım” obrazı, əlləri gözəl
göstərən dırnaqlar hansı xəstəliklərə
yol açır?
600 manatlıq uzun
saçlar
Əvvəlcə saç və dırnaq qaynağının qiymətlərini öyrənmək
üçün bir neçə salonla əlaqə saxladıq. Ən ucuz qaynaq 300 manata başa gəlir. Əgər
300 manata saç uzatmaq istəyirsinizsə, saçı özünüzlə aparmalısınız. Saç
olmadıqda isə bir günə 600 manat xərcləməklə, uzun, "şəlalə” kimi saçlara sahib
ola bilərsiniz. Qaynaq yapışqanla yox, keratinlə olarsa, qiymət artır. 3 aydan
bir isə minimum 100 manat xərcləməklə, korreksiya etdirməlisiniz. Uzun
dırnaqlar da ucuz başa gəlmir. Dırnaqlar üçün
80-100 manatınızdan keçməlisiniz.
"Həmin saçların viruslu
olmadığına heç kim zəmanət verə bilməz”
Uzun müddət saç
ustası işləyən Viktoriyadeyir ki, qaynaq təbii saçları zədələyir və saçda qırılmalar əmələ gəlir.
Ustanın sözlərinə görə, saçı zəif olan qadınlara qaynaq etdirmək məsləhət
görülmür: "Seyrək, nazik saçları olan xanımlara qaynaqdan istifadə etmək
ümumiyyətlə məsləhət görülmür. Saç qaynağı zamanı adamın yaşı və sağlamlığı da
nəzərə alınmalıdır. Güclü dərmanlar qəbul edən, dərisi həssas olan adamlara və
yaşı 17-dən aşağı olanlara da qaynaq etdirmək olmaz. Bu yaşa qədər olan
insanlarda saçlar yetərincə bərkimir. Qaynaqdan sonra fəsadların qarşısını
almaq üçün vaxtı-vaxtında saç ustasının yanına getmək lazımdır. Çünki bu müddət
ərzində saç uzanır. Bu zaman qaynaq olunan hissə aşağı düşür və görünür. Bu
vaxt həmin saçlar dolaşa da bilər. Qaynaq olunan saç təbii saçı aşağı
dartdığından, saçlar qırıla və ya dibindən qopa bilər. Ən böyük fəsad odur ki,
bu, keçəlləşməyə səbəb ola bilər”.
Ustanın sözlərinə görə, müştərilər saçın gigiyenik
baxımdan nə dərəcədə təmiz olmasına diqqət etmirlər: "Halbuki, saç vasitəsilə bir
sıra xəstəliklərin keçmə ehtimalı var. Saç qaynağı kosmetoloji proses olsa da,
gigiyenik tələblərə əməl edilməlidir. Başqasının başından kəsilən saçı sadəcə,
yumaqla müştəriyə təklif etmək olmaz. Həmin saç kəsildikdən sonra müəyyən
sterilizasiyadan keçirilməlidir ki, təhlükəli və yoluxucu xəstəliklər başqasına
keçməsin. Müştərilər saçların gigiyenik sertifikatını tələb etməlidirlər. Həmin
saçların xəstə insanın saçından kəsilmədiyinə, viruslu olmadığına heç kəs zəmanət
verə bilməz”.
"Düzgün şəkildə
edilmiş qaynağın heç bir fəsadı yoxdur”
Məşhur salonlardan birində usta işləyən Osman Çatal isə deyir ki, düzgün şəkildə
edilmiş qaynağın heç bir fəsadı yoxdur. Daha çox risklər keratinlə edilən
qaynaqda olur: "Keratin qaynaqları saça zərər verə bilər. Keratin saçda görünmədiyi
üçün müştərilər daha çox ona üstünlük verir. Amma muncuqla edilən qaynaqlarda
risk nisbətən azdır. Xüsusilə, mikro muncuqlardan saça zərər vermədən istifadə
etmək lazımdır. Qaynaqlı saçı normal saç kimi istifadə edə bilərsiniz”.
Qaynaqdan sonra saç xüsusi qulluq tələb edir. Usta,
xanımlara bir sıra məsləhətlər də verdi. Deyir ki, xanımların qaynaqdan sonra
yaş saçla yatmağı məsləhət deyil. Yatmazdan əvvəl saç dolaşmasın deyə, onu hörmək
və ya səliqə ilə yığmaq lazımdır. Qaynaqdan sonra hər gün saç xüsusi daraqla
daranmalıdır.
"Allergik reaksiyalar
verə bilər”
Dermatoloq Jalə Həsənovaisə deyir ki, istər saç qaynağı, istərsə dırnaq
qaynağı allergik reaksiyalar verə bilər: "Əslində, bu, pis deyil. Gözəllik,
estetika üçün önəmlidir. Amma dəfələrlə bunun fəsadı ilə rastlaşan pasiyentlərim
olub ki, müalicə etmişəm. Dırnaqlarından gelləri, saçlarından keratini
çıxarmışam. Xüsusi xəstəliyi olan insanlara qaynaq etmək olmaz. Eqzema verər,
allergik şoka qədər gətirib çıxara bilər. Əgər bunu edən insan qaşınma kimi hallara
rast gəlirsə, bu o deməkdir ki, dəri götürmür. Qaynaq qaşınma verirsə, bundan
azad olmaq lazımdır. İlk dəfə qaynaq etdirən insan saçın bir hissəndə, yaxud
dırnağın birində bunu yoxlaya bilər. Heç bir dəyişiklik baş vermirsə, deməli,
uyğundur. Hər hansı qaşınma, qabıqlanma kimi hallar olursa, deməli, qaynaq
etdirən şəxsin bədəni bunu götürmür. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır”.
"İxtisaslaşmış usta
yanına getmək lazımdır”
Dermatoloq Günay
Tağıyeva isə deyir ki,
qaynaq həm də saçlara yandırıcı təsir göstərə bilər. Bəzən qaynağın yaratdığı
problemlər o qədər dərin olur ki, bu zaman saçları kökündən kəsmək lazım gəlir:
"Saçlarda qaynaq ən çox göbələk xəstəliklərinə səbəb olur. Əgər qaynaq olunan
tüklər xəstə tüklərdisə, onlardan sağlam tüklərə xəstəlik keçməyə başlayacaq. Nəticədə
tüklər tökülə, dəridə səpkilər, şişkinlik əmələ gələ, dibi qabıq bağlaya bilər.
Bundan əlavə, tüklərin uzanmasına da saç qaynağı mənfi təsir edir. Ən yaxşı
halda isə saçlar uzanan kimi qırıla bilir və inkişafdan qalır. Öz saçlarınız
xeyli nazik və zəif olduqda da, onların uzadılmasından imtina etmək lazımdır,
çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması
prosedurasından qabaq, maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və
möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və
ixtisaslaşmış ustanın yanında etmək lazımdır”.
"Gözəllik ondur, doqquzu dondur” deyiblər. Bu
doqquzun içinə əvvəllər makiyaj daxil idisə, indi bu siyahıya süni saç, dırnaq
uzatmalar da əlavə olunub. Zaman keçdikcə, gözəlliyin sirləri artır. Amma onun yaratdığı
fəsadlara da diqqət edib, gözəlliyin qurbanı olmayaq.
Aygün ƏZİZ
