çərşənbə, 08 Fevral, 03:54

Baku Bakı 3°C

Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq

icon 559 icon 01 dekabr 2022 | 16:33 Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının yeni təyin olunmuş prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Şahin Mustafayevi 11 noyabr 2022-ci il tarixində Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvəsində Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunması ilə əlaqədar təbrik edərək, ona yeni və məsuliyyətli vəzifəsində uğurlar arzu edib. Günay Əfəndiyeva Fond tərəfindən zəngin Türk tarixinin və mədəni irsinin qorunması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, eləcə də hər iki təşkilatın fəal və məhsuldar fəaliyyətinin Türk dövlətləri və xalqlarının daha da yaxınlaşmasına və inteqrasiyasına böyük töhfə verəcəyini vurğulayıb.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev təbriklərə görə Günay Əfəndiyevaya təşəkkür edərək, Türk dünyasında akademik fəaliyyəti əlaqələndirən, Türk xalqlarının qədim və müasir tarixini, dilini, elmini tədqiq edən beynəlxalq təşkilata rəhbərlik etməsinin qürurverici olduğunu bildirərək, Akademiyanın bundan sonra da səmərəli fəaliyyət göstərməsi və Türk Əməkdaşlıq Təşkilatları ilə sıx tərəfdaşlıq etməsi istiqamətində çalışacağını qeyd edib.
Bununla yanaşı, görüşdə Fond və Akademiya  arasında əməkdaşlığın daha da genişləndirilməsi, mümkün birgə layihələr  ətrafında söhbət aparılıb.